Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Rusiya indi 80 il qabağın Britaniyasına oxşayır


“Perestroyka” dövründə Rusiya və Qərb arasındakı xoş münasibətin hər an pozulma təhlükəsi vardı. Çünki imperiyanın dağılması həmişə ağır olur.

O vaxt rusların vəziyyəti 1930-cu illərdə Britaniya imperiyasının dağılması prosesinə bənzəyirdi. 80 il qabaq Britaniyalılar da öz imperiyalarını dünyanın “təbii düzəni” hesab edirdilər.

Bunu “Foreign policy” nəşrindəki məqaləsində London İqtisadiyyat Məktəbinin alimi Dominik Leven yazır.

O zaman bir-birinin ardınca müstəmləkələrini itirən Britaniyada həm də iqtisadi böhran hökm sürürdü, monarxiya rejimi real hakimiyyətini itirirdi. SSRİ-də də “perestroyka” vaxtı iqtisadi tənəzzül gedir, kommunist partiyası siyasi həyatdakı monopoliyasını itirir, müttəfiq respublikalar müstəqilliyə can atırdı.

Müəllif yazır ki, buna görə də rusların indi SSRİ dövründəki superdövlət statusunu qaytarmaq, keçmiş sovet məkanında mənafelərini qorumaq cəhdləri təəccüblü görünməməlidir.

90-CI İLLƏRLƏ MÜQAYİSƏDƏ BU CƏHDLƏR DAHA DA ARTIB

İndi nəinki “yaxın xaric”, hətta mərkəzi və qərbi Avropa ölkələri də rus nefti və qazından həddən artıq asılılıqdan qorxmağa başlayıblar.

Gürcüstan “ayının burnuna çubuq uzadanda” bir daha anladı ki, Kreml öz sərhədlərindən kənarda effektiv müharibə aparmağa yenə də hazırdır.

Beynəlxalq sabitlik üçün ən böyük təhlükə isə Ukrayna və Rusiya arasında münaqişə ola bilər. Rusların Krım və Qara dəniz donanması ilə bağlı arzuları bəllidir. Ona görə də keçən ay iki ölkə arasında bağlanan sazişlər – Ukraynanın Rusiya donanması üçün bazanın icarə müddətini uzatması, bunun əvəzində isə Rusiyanın Ukraynaya ucuz qaz satmağa razı olması ilə axır ki keçmiş sovet məkanından xoş xəbər eşitmiş olduq.

Müəllif yazır ki, Rusiyanın neoimperializmini pisləməklə (baxmayaraq ki bu siyasətə bəzən haqq da qazandırmaq olur) yanaşı onu da xatırlatmaq yerinə düşər ki, belə davranış keçmiş imperiyalar arasında heç də nadir hal deyil.

1945-ci ildən sonra Britaniya özünün getdikcə daralan imperiya məkanında mümkün qədər nüfuzunu qorumağa çalışırdı.

Rus neoimperializminin ideoloqu - Putin
Bəzən bu, beynəlxalq hüququn pozulması (Süveyş), yaxud insan haqlarının tapdanması (Kenyada Mau-Mauya qarşı müharibə) hesabına başa gəlirdi.

Amma əgər Britaniyanın dünya boyu imperiya torpaqları vardısa, Rusiya bundan fərqli olaraq özü bir imperiya idi.

Britaniya üçün problem başqalarının torpaqlarından çıxmaq idi, Rusiya üçünsə bu bir kimlik problemidir. İkinci daha müşkül bir işdir.

London üçün Asiya və Yaxın Şərqdəki hadisələrlə bağlı mövqeyini yumşaltmaq daha asandır, nəinki Moslva üçün Qafqazdakı xaosla barışmaq.

Britaniya və Fransa ən sonda İrlandiya və Əlcəzairdə öz imperiyaları uğrunda mübarizəyə girişdilər. Və hər iki halda geri çəkilməli oldular.

Rusiya isə öz imperiya tacının ən qiymətli incisi olan Sibirdən bərk yapışıb. Bu bölgənin sərvətləri, seyrək əhalisi və Çinlə qonşuluğunu nəzərə alanda Moskvanın bu bölgənin təhlükəsizliyi ilə bağlı ehtiyatlandığı diqqəti çəkir.

Amma bu bölgə həm də Rusiyanı nələrəsə şirnikləndirə bilər. İndi

DÜNYANIN TƏBİİ EHTİYATLARI AZALIR

Sibirin karbohidrogen resursları Rusiyaya belə bir dünyada özünü yenidən superdövlət kimi təsdiq etməyin “yolunu göstərir”.

Müəllif yazır ki, Yaradana şükürlər olsun ki, Rusiya bu məsələdə ordunun gücünə, işğalçılıq siyasətinə yox, “enerji silahına” üstünlük verir.

Amma belə bir silaha malik olması Rusiyanı qlobal liberal-kapitalist iqtisadiyyatında “ərköyün oyunçuya” çevirir.

Anqlofonların üstünlük təşkil etdiyi indiki ikinci qloballaşma böyük problemlərlə üz-üzədir. Bu insanı ilk qloballaşmanı – Britaniyanın dominant olduğu dövrü xatırlamağa məcbur edir. Həmin dominantlıq 1914-18-ci illərdə “yaralanmış”, 1939-45-ci illərdə isə darmadağın olmuşdu. Əgər bu günün Çini o dövrün Almaniya imperiyasıdırsa, onda qlobal sabitliyin gələcəyi yaxşı heç nə vəd etmir.

1913-cü ildə Rusiyanın xarici ticarətinin az qala yarısını Almaniya ilə alış-veriş təşkil edirdi. Amma bu ölkələr 1914-cü ildə bir-birinə qarşı müharibəyə getdi.
Müəllif yazır ki, bu gün mövcud dünya düzəninin stabilliyinin qorunub saxlanması Rusiyanın maraqları daxilindədir. Rusiya bu düzənin çərçivələrini aşmamalıdır. Özü də 20-ci əsrin ilk yarısı ilə müqayisədə indi geopolitik və iqtisadi faktorlar üzərində nəzarət daha zəifdir.

Tarixi təcrübə çətin ki Rusiya rəhbərlərinə anlada ki, sülh və sabitliyin təminatçısı qlobal iqtisadi əməkdaşlıq və demokratiyadır. 20-ci əsrin əvvəllərində düşünmək olardı ki, müharibə qələbə adlı bir nəticəyə aparıb çıxara bilər. Amma indi nüvə silahının mövcudluğu bunu mümkünsüz edir.
XS
SM
MD
LG