Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Məhkəmə Markesə qarşı iddianı rədd etdi


Kolumbiya məhkəməsi dünya şöhrətli yazıçı Qabriel Qarsia Markesə qarşı iddianı rədd edib.

Bu məhkəmə işi 16 ildi uzanırdı, iddianı 1994-cü ildə Migel Reyes Palensia adlı şəxs qaldırmışdı. O tələb edirdi ki, Markes “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin və əsər əsasında çəkilən eyni adlı filmin qonorarının yarısını ona ödəməlidir.

İddiaçı bu məbləği “ona dəyən mənəvi ziyanın ödənməsi” üçün tələb edirdi.

Məsələ burasındadır ki, Palensia - Markesin 1981-ci ildə çapdan çıxmış sözügedən əsərinin qəhrəmanlarından birinin prototipidir.

Əsərdə bəy - Bayardo San Roman toy gecəsi gəlinin – Angelanın bakirə olmadığını biləndən sonra onu atası evinə qaytarır və qızın qardaşları Santyaqo Nasar adlı gənci axtarıb bıçaqlayırlar, çünki bacılarının namusuna təcavüz etməkdə onu günahkar sayırlar.

Migel Reyes Palensia məhz bəy Bayardo San Romanın prototipidir.

Məhkəmə 16 il əvvəl irəli sürülən iddianın rədd edilməsini belə əsaslandırıb ki, Markes iddiaçıya mənəvi ziyan vura bilməzdi, çünki əsər yazılana qədər “artıq 30 il idi ki, həmin hadisədən çoxlu sayda insanın xəbəri vardı”.

Məhkəminin hökmünə görə, iddiaçı əsərin satışından əldə edilən gəlirdən pay da istəyə bilməz, çünki “həmin əsərin nə müəllifi, nə də həmmüəllifidir”.

Hadisə isə 1951-ci il yanvarın 21-də Kolumbiyanın Sukre bölgəsində baş verib. İddiaçı Migel Reyes Palensia da əslən ordandır.

Öldürülməmişdən qabaq - Santyaqo Nasar Markesin atasına məktub yazmış və nəyə görə onun bu işdə günahkar sayıldığını anlamadığını bildirmişdi.

Markesin özü hadisə baş verən vaxt həmin bölgədə jurnalist işləyirdi və hadisənin detallarını ailəsindən dəqiqliklə öyrənə bilmişdi.

Lakin uzun müddət yazıçı hadisəni öz bədii əsərlərində istifadə edə bilməmişdi. Bunu ondan ailəsi xahiş etmişdi.

Yalnız 30 ildən sonra – 1981-ci ildə “Gözlənilən bir qətlin tarixçəsi” əsəri nəşr edilmiş və qısa müddət ərzində 1 milyon nüsxə satılmışdı.

1982-ci ildə isə Markes Nobel mükafatına layiq görülmüşdü.

Həmçinin oxu
Markes: Necə öldüyümü görürsüz də...
XS
SM
MD
LG