Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Eynulla Fətullayev həbsxana agentlərinin dindirilməsini istəyir


Eynulla Fətullayevin məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyə vəsatət təqdim etməsi ilə başladı.
Eynulla Fətullayevin məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyə vəsatət təqdim etməsi ilə başladı.
«Eynulla Fətullayev burada dindirilərkən 12 saylı cəzaçəkmə müəssisəsində dözülməz şəraiti təsvir edib. 800 nəfərdən artıq məhkumun saxlandığı müəssisədə su sistemi olmayan 26 tualet kabinəsinin, məhdud sayda hamam kabinələrinin mövcud olmasını, məhkumların heç bir məşğuliyyətinin olmadığını bildirib».

Qaradağ rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyə vəsatət təqdim etməsi ilə başladı.

12 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ BAXIŞ KEÇİRİLSİN

Vəkil İsaxan Aşurov bildirdi ki, Eynulla Fətullayev cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitlə bağlı Qaradağ rayon Prokurorluğuna da müraciət edib. Eynulla Fətullayevin iştirakı olmadan cəzaçəkmə müəssisəsinə baxış keçirilib və nəticədə qərar qəbul edilib ki, onun şikayəti əsassızdır. İ.Aşurov Eynulla Fətullayevin iştirakı ilə 12 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirilməsini xahiş etdi.

Eyni vəsatətdə göstərilən digər məsələ isə Eynulla Fətullayevdə narkotik maddə olması barədə 12 saylı cəzaçəkmə müəssisəsinə məlumat vermiş agentlərin məhkəmədə dindirilməsi ilə bağlı oldu:

«Onlar texniki və digər vasitələrdən istifadə olunmaqla, təqsirləndirilən şəxsin özünün iştirakı olmadan, vəkilin iştirakı ilə məhkəmə iclasında dindirilə bilərlər. Onların razılığı nəzərə alınmaqla bu dindirmə müəssisədə də aparıla bilər».

Vəkil vəsatəti belə əsaslandırıb ki, Eynulla Fətullayev həmin agentlərin məlumatı əsasında yoxlanılıb, ayaqqabısından və gödəkcəsindən heroin tapılıb. Ancaq məhkum jurnalist ibtidai istintaqda və məhkəmədə həmin narkotikin üzərinə atıldığını deyib. Ona görə də agentlərin müəyyənləşdirilərək dindirilməsi vacibdir.

Dustaq Taleh Dostuyev ifadə verir
Hakim təklif edib ki, vəsatət şahidlərin dindirilməsi başa çatandan sonra müzakirə olunsun.

MƏHKUMLAR ŞAHİD QİSMİNDƏ DİNDİRİLİB

Sonra prosesdə şahid qismində cəzaçəkmə müəssisəsinin məhkumları Taleh Dostuyev və Abusət Bəşirov dindirilib. Həmin məhkumlar Eynulla Fətullayevin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak ediblər. Onlar Eynulla Fətullayevin gödəkcəsindən və ayaqqabısından narkotikin tapıldığını təsdiqləyiblər:

«Botinka»nın orta hissəsindən bir bükümlük bir şey çıxdı. «Kurtka»nı da axtardıq, Bəhruz Quliyev dedi ki, Kərim müəllim, burda əlimə bir şey dəyir, icazə verin bunu da yoxlayım. O da dedi, yoxla çıxart. «Kurtka»nın qolunda kəmərcik vardı, Bəhruz müəllim kəmərciyin içindən bir bükümlük də şey çıxartdı».

Məhbus jurnalist məhkəmə başlanan gündən deyir ki, üzərindən narkotikin tapılmasını inkar etmir. Ancaq həmin narkotik ona məxsus deyil və geyimlərinə kənardan atılıb.

QİYAM SÖHBƏTİ

Eynulla Fətullayev məhkəmənin ilk günündən deyir ki, ötən il iyunun 12-də dustaqlar cəzaçəkmə müəssisəsində qiyam etmək istəyiblər. Məhbus jurnalist bildirib ki, əslində, bu qiyam ona qarşı hazırlanmış təxribatlardan biri olub. Qiyam baş tutsaydı, o, bu qiyamın təşkilatçısı kimi cinayət məsuliyyətinə cəlb olunacaqdı. Lakin o, dustaqlarla danışıqlar apararaq qiyamın qarşısını alıb.

Lakin məhkəmədə dindirilən dustaq şahidlər qiyama hazırlıq faktını təsdiqləməyiblər. Eynulla Fətullayev məhkəməyə bildirib ki, bu faktla əlaqədar ötən ilin iyun ayında bəzi hüquq müdafiəçiləri cəzaçəkmə müəssisəsində olublar və faktla bağlı hesabat da yazıblar.
Eynulla Fətullayev və İsaxan Aşurov
Eynulla Fətullayev həmin hüquq müdafiəçilərinin məhkəməyə dəvət olunmalarını xahiş edib. Hakim bu məsələyə növbəti proseslərdə münasibət bildirəcəyini deyib.

Məhkəmə iclasında 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Aydın Abbasov da dindirilib. O, Eynulla Fətullayevin üzərində axtarış aparılması ilə bağlı tərəflərin suallarını cavablandırıb.

Eynulla Fətullayev iddia edir ki, onu jurnalist fəaliyyətinə görə həbsə atıblar. O, narkotika əməliyyatını Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə azadlığa buraxılmaması üçün hakimiyyətin təşkil etdiyi təxribat adlandırıb.

Eynulla Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Ona narkotik vasitə saxlama ittihamıyla yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG