Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

Baş prokuror siyasi partiyaları niyə hədələyir?


Zakir Qaralov
Zakir Qaralov
Aprelin 27-də ardıcıl olaraq üçüncü dəfə baş prokuror vəzifəsinə təsdiq olunandan sonra ilk çıxışında Zakir Qaralov siyasi partiyaların maliyyələşməsi məsələsinə də toxundu. O, parlament kürsüsündən bildirdi ki, artıq siyasi partiyaların haradan maliyyələşmələri haqqında ictimaiyyətə məlumat verilməsinin vaxtı çatıb:

«Bu gün siyasi korrupsiyadan danışan yoldaşlar, öz siyasi partiyalarının haradan maliyyələşməsi haqqında məlumat versinlər. Mən hesab edirəm ki, artıq bunun vaxtı çatıb. Onlar ölkədə siyasi sabitliyi pozmağa cəhd göstərilməsi ilə bağlı bəyanatlar verirlər. 2005-ci ildə də mən bu kürsüdən çıxış edərkən demişdim ki, respublikamızda dövlətçilik maraqları daim müdafiə olunacaq. Heç bir qüvvə tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulmasına imkan verməyəcəyik. Rəngli yuxular görən yoldaşlar elə yuxu görə-görə qalacaqlar».

BU, SİYASİ HAKİMİYYƏTƏ YÖNƏLMİŞ KORRUPSİYA İTTİHAMLARINDAN DİQQƏTİ YAYINDIRMAQ CƏHDİDİR

AXCP sədri Əli Kərimli Zakir Qaralovun bu çıxışı ilə bağlı deyir ki, baş prokuror hökumətə yönəlmiş korrupsiya ittihamlarından diqqəti yayındırmaq üçün belə çıxış edir. Əli Kərimli deyir ki, baş prokuror qanunçuluğa nəzarəti həyata keçirməlidir, səlahiyyətinə aid olmayan siyasi bəyanatlar verməməlidir:

«Göz qabağında olan, bütün dünya səviyyəsində aşkarlanmış, ifşa olunmuş korrupsiya faktlarına heç bir münasibət bildirə bilməyən baş prokurorun siyasi müxalifətlə bağlı iddialar irəli sürməsi absurddur. Hökumətə, siyasi hakimiyyətə yönəlmiş korrupsiya ittihamlarından diqqəti yayındırmaq cəhdidir. Siyasi partiyalarda hansı korrupsiyadan söhbət gedə bilər? Hakimiyyəti olmayan insanlar korrupsiyayla məşğul ola bilməzlər. Siyasi partiyaların hansı xərcləri var ki, onların mənbələri Zakir Qaralovu narahat edir?
Əli Kərimli
Bizim hətta ofisimiz də yoxdur ki, kommunal xərcləri necə ödədiyimizlə maraqlansınlar. Qurultay, mitinq keçirməyə imkan verilmir, seçki kampaniyası yox…».

ONA QARŞI ÇIXANLARIN MÖVQEYİ DOĞRUDAN ANLAŞILMIR

Millət vəkili, hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc isə deyir ki, Zakir Qaralovun bu çıxışını müxalifətə yönəlmiş bəyanat hesab etmir. Deyir ki, hakimiyyətə gəlmək istəyən istənilən siyasi partiya maliyyə vəsaitləri haqqında hesabat verməli, şəffaflığı təmin etməlidir:

«Bu maliyyə məsələsi üzərində nəzarətin həyata keçirilməsi və hesabatlılığın təmin olunmasını məhz baş prokurorun bəyanatı kontekstində təhlil edərkən ona qarşı çıxanların mövqeyi doğrudan anlaşılmır. Əgər onlar hər hansı bir dövlət strukturundan maliyyənin necə xərcləməsini tələb edirlərsə, onlar da bu hesabatlılığı öz fəaliyyətlərində göstərməlidirlər. İstənilən qüvvə normal bir maliyyələşmədən keçirsə, nə qədər böyük və kiçik olmasından asılı olmayaraq bunu çox rahat şəkildə ortaya qoya bilər».

HƏDƏ-QORXUDAN BAŞQA BİR ŞEY DEYİL


Hüquqşünas, «Hüquqi Dövlət» Araşdırmaları Mərkəzinin rəhbəri Müzəffər Baxışov isə bu qənaətdədir ki, baş prokuror dedikləri ilə bağlı heç bir hərəkət həyata keçirməyəcək. Bu çıxış hədə-qorxudan başqa bir şey deyil:

Müzəffər Baxışov
«Əgər onun kifayət qədər əsasları varsa, siyasi partiyaların maliyyələşmə mənbələri barədə sübutları varsa, siyasi bəyanat vermək əvəzinə qanunun ona verdiyi imkanlardan istifadə edib istintaq aparmalıdır. Kimlərinsə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması üçün tədbirlər görsün. Burdan belə bir nəticə çıxır ki, baş prokuror kiminsə hansısa mənbədən maliyyələşməsini bilir, ancaq öz vəzifə borcunu yerinə yetirmir. Onlara xəbərdarlıq göndərir ki, siz səsinizi qaldırsanız, mən sizi tutacağam. Görünür ki, onun əlində kifayət qədər sübutlar yoxdur, bu hədə-qorxudan başqa bir şey deyil».

Zakir Qaralov Azərbaycanın baş prokuroru vəzifəsində 2000-ci ildən işləyir. Müxalifətdən olan və müstəqil ekspertlərin fikrincə, o qanunun aliliyinə riayət etmir, siyasi məsələlərlə məşğul olur. Üçüncü dəfə prokuror vəzifəsinə təsdiq olunandan sonra isə parlamentin spikeri Oqtay Əsədov Zakir Qaralovu «dərin bilikləri olan təcrübəli mütəxəssis» kimi səciyyələndirib.
XS
SM
MD
LG