Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Yetişdi Gül bayramı...


İlk dəfə Heydər Əliyevin adına zanbaq yetişdirilib
İlk dəfə Heydər Əliyevin adına zanbaq yetişdirilib
Heydər Əliyev adına parkda ötən ilin dekabrında əkilmiş zanbaq soğanları artıq çiçək açıb. Parkın hər tərəfində ağ, sarı, qırmızı, narıncı, bənövşəyi rəngdə zanbaqlar görmək olar. Onların böyük bir hissəsinin ətrafına ip çəkilib. Parkda işləyən bağbanlar deyirlər ki, bu, adamların zanbaqlara toxunmaması üçündür:

- İpi ona görə çəkmişik ki, camaat güllərə toxunmasın, dərməsin.

Parkda işləyənlər deyirlər ki, əkilən zanbaqların sayı 480 mindir. Mayın 10-da isə parkda keçiriləcək Gül bayramında Hollandiya və İtaliyadan gətiriləcək bir milyona qədər kəsmə və dibçək gülləri də nümayiş etdiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Gül bayramının təşkili ilə bağlı sərəncam imzalayıb. BŞİH-in məlumatında deyilir ki, zanbaqlar arasında digər zanbaqlardan seçilən qızılı-bənövşəyi rəngli bir qrup gülü Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası dünyada ilk dəfə Heydər Əliyevin adına yetişdirib.

HEYDƏR ƏLİYEV NÖVÜ DAHA UZUNÖMÜRLÜ OLUR

Parkda işləyənlərdən biri adını deməsə də, bizə bu yeni növ barədə məlumat verdi:

- Heydər Əliyev növü, Buş növü, başqa növlər də var. Qızılı-bənövşəyi rəngdə olanlar Heydər Əliyev növüdür, daha uzunömürlü olurlar.

Ramiz Əliyev deyir ki, güllərə xüsusi qayğı göstərirlər, həftədə bir dəfə sulayırlar
Heydər Əliyev parkının bağbanlarından biri Ramiz Əliyev deyir ki, güllərə xüsusi qayğı göstərirlər, həftədə bir dəfə sulayırlar:

- İş gərgindir. Kollar toxalanır, sulanır. Bayramla əlaqədar elə olur ki, işdən sonra da qalıb işləyirik.

PARKA ÇIXAN KEÇİDLƏR BAĞLANACAQ


Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir ki, bayramla əlaqədar aprelin 25-i gecədən Milli Bank və Heydər Əliyev Sarayı istiqamətlərindən parka çıxan yeraltı keçidlər bağlanacaq. Burda işləyənlər bunu işin çoxluğu ilə əlaqələndirirlər:

- Ona görə ki, iş çoxdur. Xüsusi oazislər, afişalar gətirilib quraşdırılacaq, burda Heydər Əliyevin şəkilləri ilə bəzədiləcək.

Parkda istirahət edənlər isə keçidlərin və parkın bağlanmasını birmənalı qarşılamırlar:

QORXURLAR Kİ, KİMSƏ QOPARDIB SEVGİLİSİNƏ VERƏR

- Düzgün deyil. İstirahət yerimizdir. Uşaqları çıxarırıq. Güldür də, camaat nə edir ki, park bağlanmamalıdır.

Buşun adını daşıyan zanbaq növü
- Onda məcbur olub başqa yerə gedəcəyik.

- Bu, insanların istirahətini pozmaq deməkdir. Mən etiraz edirəm.

- Mayın 10-a gör nə qədər var…Aprelin 25-də bağlamağın nə mənası var ki?

- Yəqin güllərə görədir. Qorxurlar ki, kimsə qopardıb sevgilisinə verər.

- Bayramın nə mənası var? Gül bayramına sərf olunan pulları gənclərin inkişafına sərf eləsinlər, deyim, hə. Keçidi bağlayırlar, demək yolumuzu bağlayırlar, bu, hüquqlarımızı əlimizdən almaq deməkdir.

İSRAFÇILIQ VƏ KORRUPSİYA MƏNBƏYİ

Hər il mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günü ilə bağlı Gül bayramı keçirilir.
Heydər Aliyev adına zanbaq
BŞİH bu təntənəyə nə qədər pul xərclədiyini açıqlamır. Müstəqil iqtisadçılar isə belə tədbirlərin əslində israfçılıq və korrupsiya mənbəyi olduğunu bildirilər. Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl hesab edir ki, Gül bayramı geniş dövlət tədbiri olduğundan ona ayrılan vəsaitlər ictimaiyyətə və mətbuata açıqlanmalıdır:

- Özü də ayrı-ayrılıqda qeyd olunmalıdır ki, gətirilən güllərin alınmasına, bayramın keçirilməsinə nə qədər pul xərclənir.

Keçən il Gül bayramı Dövlət Neft Akademiyasında 13 adamın öldürülməsi ilə nəticələnmiş qətliamdan sonraya təsadüf etdiyindən bayramın ləğv olunması üçün bir qrup gənc etiraz aksiyası keçirmişdi. Ancaq tədbir təxirə salınmamışdı.
XS
SM
MD
LG