Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Tükəzban–Novruzəli savaşı


Qan Tural
Qan Tural
«TÜKƏZBAN ƏRƏB DİLİNDƏN TƏRCÜMƏDƏ YALANÇI DEMƏKDİR»

AzadlıqRadiosu:

- Növbəti bir saatda bizim mövzumuz Azərbaycanda Tükəzban – Novruzəli savaşıdır. Azərbaycan qadınının və Azərbaycan kişisinin ictimai əhəmiyyəti və bu ictimai yükün altına girməyə Azərbaycan kişisi və qadını nə qədər hazırdırlar, bu barədə danışacağıq. Öncədən planımız bu idi ki, gənc yazarlar Günel Mövlud və Qan Turalı danışacaqlar. Amma Günel Mövlud bir qədər öncə zəng vurdu və bizə bildirdi ki, Biləsuvardan gələn avtobus ləngiyir və o verilişimizə qoşula bilməyəcək. Hüquqşunas Sadiqə Mehdizadə qoşulacaq ki, Azərbaycan qadınının mövqeyini müdafiə etsin. Qan Turalı isə studiyadadır. Bilmirəm sizi Qan adlandırım yoxsa Tural?

Qan Tural:

- Əsl adım Turaldır elə desəniz daha rahat olar.

AzadlıqRadiosu:

- Tural bəy, hüquqşunas Sadiqə Mehdizadə ilə bir qədər sonra söhbət edəcəksiniz. Dinləyicilər də qoşula bilərlər. Tükəzban söhbətini Mirzə Ələkbər Sabir gətirib Azərbaycan dilinin leksikonuna, Novruzəli də yəqin Cəlil Məmmədquluzadənin məşhur hekayəsindən qalmış addır. Sizcə Tükəzban nə qədər ümumiləşdirici obrazdır, Novruzəli nə qədər ümumiləşdirilmiş obrazdır?

Qan Tural:

- Əlbəttə ki, ümumiləşdirilmiş obraz kimi nəzərdən keçirə bilərik. Bunları simvol kimi qəbul edirik. Şərt deyil ki, bunlar birbaşa əsərlə uyğun gəlsin. Tükəzban məsələsi Sabirin şerindən, Novruzəli məsələsi “ Poçt qutusu” hekayəsindən gəlir. Mən balaca bir nüansa fikir vermək istəyirəm. Bildiyimiz kimi Azərbaycanda uzun illər Quran ərəbcə oxunduğundan və onun tərcüməsi 19 – cu əsrin sonlarında 20 – ci əsrin əvvəllərində meydana çıxdığından, insanlar Quranın nə olduğunu başa düşə bilmirdilər. Ərəb dilində Kez Zab sözləri var idi, Tükəzban da o yalançı sözündən törənib. Azərbaycan dilində bunun mənasını bilməyib, bu adı qoyublar. Bu adın mahiyyətində də yalançılıq sözü durur. Bunu mahiyyət kimi demirəm, məqsəd kimi deyirəm. Hər halda bunlar ümumiləşdirilmiş obrazlardır, adların elə bir əhəmiyyəti yoxdur. Tural, Xədicə də qoyula bilərdi. Adın elə bir əhəmiyyəti yoxdur.

AzadlıqRadiosu:

- Mən çalışıram tərəf olmayım burada amma hələ ki, Sadiqə xanım gəlib çıxmayıb, mən məcburam opponentlik edəm.

Qan Tural:

- O gələndən sonra da tərəf ola bilərsiniz, problem yoxdur.

AzadlıqRadiosu:

- Bir redaktorlarla bir az dartışdıq ki, bəlkə redaksiyada qadın yox, kişi oturmalıdır. İstənilən halda aparıcı kim olacaqsa fərqi yoxdur, bioloji baxımdan opponent olmağa məcburdur.

Qan Tural:

- Bəlkə başqa yollar axtarmaq olardı, amma Azərbaycanda imkan yoxdur.

AzadlıqRadiosu:

- Nədir, problemi nədir, Azərbaycan kişisinin Tükəzban probleminin əsasında nə durur?

Qan Tural:

- 20 əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmışdı. Qız məktəbi açmasının səbəbi o idi ki, Azərbaycanda xeyli adam xaricdə təhsil almışdı, intellektual biliklərə yiyələnmişdi, xeyli intellektual keyfiyyətləri var idi, tutalım ki, yazıçılar, şairlər, jurnalistlər. Onlar adətən xaricilərlə evlənirdilər, çünki Azərbaycan qadınının intellektual səviyyəsi çox aşağı idi. Bu normal idi. Təhsil yox idi və s.

Azadlıq Radiosu:

- Mirzə Ələkbər Sabir də yazırdı ki, tacirlərimiz sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin ilahi.

Qan Tural:

- Üzr istəyirəm, orada fahişələrdən söhbət gedir. Mən evlənmək mənasında deyirəm. Haqverdiyev də hekayələrinin birində deyir ki, kimin rus aşnası yoxdursa, onun günü qaradır. Ümumilikdə tendensiya belədir. Konkretdə problem ondadır ki, mən Azərbaycan kişisi və qadını arasında ciddi intellektual baxımdan, xarakter baxımından fərqlər görürəm. Əvvəldən deyim ki, ümumiləşdirmirəm ki, problemlə səbəb olmasın. Azərbaycan qadınının son illərdə oynadığı rola baxaq, kişisinin oynadığı rola baxaq. Azərbaycan qadınında dəhşətli dərəcədə materializm var. Mən özüm də ideya baxımından materialistəm amma o mənada yox, maddi əşyalara həddən artıq bağlılıq, ideyaya fikir verməmək, fikrə qiymət verməmək.

«VARLI KİŞİNİN BELƏ ÜÇ CÜR AYAQQABISI OLUR, AMMA ORTA SƏVİYYƏLİ QADININ ON CÜR AYAQQABISI OLUR»

AzadlıqRadiosu:

- Bu Azərbaycan qadınına aiddir deyirsiniz, bəs gecə gündüz maşınları müzakirə edən kişilər materialist deyillər?

Qan Tural:

- Materialistdirlər amma hər halda ən varlı kişinin belə üç cür ayaqqabısı olur, amma orta səviyyəli qadının on cür ayaqqabısı olur.

AzadlıqRadiosu:

- Amma ən kasıb kişinin belə ümdə arzusu 06 markalı, Jiqulisinin təkərini qaldırmaqdır.

Qan Tural:


- Bir şey də var. Ayrı – ayrı şeyi dartışa bilərik. Mən bir şeydən narahatam. Mən mövzudan qaçmıram. Niyə görəsə Tükəzbanlar haqqında danışanda qadınlar hamısı sərt reaksiya verir amma tutaq ki, qadınlar Məmmədqulu haqqında – siz Novruzəli deyirsiniz, haqqında danışanda bu bizi narahat etmir?! Niyə qadınlar bu qədər dözümsüzdürlər, mən bunu anlamıram. Düşünürəm yəqin onların ürəyindən vurur, ürəklərindəki sarı simi tərpədir.

AzadlıqRadiosu:


- Bəlkə ona görə ki, Məmmədqulu, Novruzəli, Allahyar, Tural haqqında çox az danışır qadınlar? Səbəb budur?

Qan Tural:

- Üç qadın, iki qadın bir araya gələn kimi onların ən sevimli mövzuları kişilərdir. Necə ki, kişilərdə qadınlardır.

AzadlıqRadiosu:

- Bəlkə qadınlar kişilər haqqında onların layiq olduqlarından daha müsbət çalarlarla danışırlar?

Qan Tural:

- Siz qadınsınız, kişi söhbəti edəndə siz də haradasa tənzimləyirsiniz. Mən də kişiyən qadınların arasında olanda belə şeylər olur. Sizin kişi məclisinə, mənim qadın məclisinə çıxışımız yoxdur. Biz olanda mövzular dəyişir. Söhbət məişət səviyyəsində deyil, mətbuat səhifələrinə çıxmış yazılardan gedir. Semur Baycanın Tükəzban yazısından sonra mənim çox hörmət etdiyim adam Arzu Abdulla Seymur Baycan haqqında yazı yazır, Seymur Baycanı təhqir edir. Olmaz axı, burada axı niyə Tükəzban kompleksi, Azərbaycan qadını belədir deyəndə Azərbaycan qadınları deyir ki, yox belə deyil. Axı bu qorxaqlıqdır.

AzadlıqRadiosu:

- Sizcə Seymur Baycan eyni şeyi etməyib? Əslində bu verilişə Seymur Baycanın və Arzu Abdullayevin gəlməməsi səbəbi də odur ki, onlar şəxsiyyətlərə keçib, konkret adamları nəzərdən keçiriblər yazılarında. Şəxsiyyətlərə keçmək məsələsinin qarşısını almaq üçün bu mövzuda son zamanlar daha kəskin mövqe bildirən adamları dəvət etmədik. Sizi daha mülayim, daha mötədil kişi şovinistini dəvət etdik. Bu zarafatdır.

Qan Tural:

- Bizdə bir şey var. Azərbaycan qadınlarının, qızlarının bir çoxunun telefonunda romantik fayllar var. Fayldır, üstünə ürək qoyublar, gül qoyublar, gül ürəyi deşir və s. Yəni bu nə deməkdir?

AzadlıqRadiosu:


- Mən sizə deyə bilərəm, qadın məclislərindən sizə sitatlar gətirə bilərəm, marağınızı öldürmək üçün. Qadınları ən çox narahat edən məsələlər məsələn facebook profilini açan kimi «salam ürək» kəlməsinin çatda fırlamasıdır.

Qan Tural:

- Novruzəlilər var. Mən başqa şey deyirəm Azərbaycan kişisi də kifayət qədər ictimai baxımdan axmaq imitasiya ilə məşğuldur. Romantika deyilir, bütün qızların telefonunda romantika var, romantika və islam niyə görəsə yanaşı gəlir. Həqiqi romantika nədir, bunlar həqiqi romantikanı anlamırlar axı. Tutalım mənim dostlarım var, ayrı – ayrı adamlar, həyatda da görürəm ki, bir- birini sevən iki adam, kişinin evi olmadığına görə evlənmirsə, onun telefonunda romantika fayllarının saxlanılmasının adı nədir? Bu romantika deyil axı, bu murdar realizmdir, utilitarizmdir, faydaçılıqdır, praqmatizm də deyil, utilitarizmdir, insandan fayda götürməkdir. İki insan bir birini sevirsə niyə beş il, on il, əlli il kirayədə qalmasınlar, burada nə problem var axı. Yəni niyə görə Azərbaycan qadını bu qədər materialistdir, maddiyyat düşgünüdür? Ümumiyyətlə bu bəşəri problemdir, hər yerdə qadınlar və kişilər eynidir. Amma Azərbaycanda dəhşətli hal alıb. Bunlar artıq romantika zad başa düşmürlər. Seymur Baycan əslində yaxşı deyib ki, Yesenini Azərbaycan qadınları yaxşı başa salarlar romantika nədir.

AzadlıqRadiosu:

- Əslində Tural ola bilsin ki, bu söhbətlər həqiqətən də məişət, ailə və kəbin prosesinin bir hissəsidir. Amma statistika onu göstərir ki, əslində kirayə qalmağa razılaşan xeyli qadın var, onların sayı ev tələb edən qadınların sayından daha çoxdur.

Qan Tural:

- Siz bu statistikanı haradan almısınız?

AzadlıqRadiosu:

- Səadət Akifqızının evsizlik məsələsi ilə bağlı araşdırması var idi. Həmin araşdırmada məlum oldu ki, evsiz ailələrin sayı çoxdur. Bu arada Bəxtiyar yazır, görəsən cehizsiz qızla ailə qurmağa hazır olan oğlan çoxdur, yoxsa maşınsız oğlan ilə ailə qurmağa hazır olan qız?

Qan Tural:

- Bəxtiyarla dostam mən, amma əlimizdə statistika yoxdur. Statistika olsa daha rahat çıxış edə bilərdik. Amma Xədicə xanım, son dövrlərdə Azərbaycandakı ictimai – siyasi proseslərə diqqət edək. Mən dəfələrlə nümunələr göstərə bilərəm. Tutalım ki, konkret, 2005 – ci il parlament seçkilərində «ana müxalifət» partiyasının nümayəndəsi kimi MSK – da təmsil olunan adam deyir ki, mən ailəmlə müzakirə etdim və qol çəkdim saxta seçkilərə. Onun haqqında rüşvətlə bağlı mətbuatda ciddi ittihamlar səslənmişdi, rüşvətlə imza atması barədə. Azərbaycan qadını ərindən soruşmur ki, niyə yaltaqlıqla pul qazanırsan, niyə gedib kiməsə yaltaqlanmısan, kiminsə qabağında susmalısan? Azı bu ictimai problemdir.

«AZƏRBAYCAN QADINI ƏRİNDƏN SORUŞMUR Kİ, NİYƏ YALTAQLIQLA PUL QAZANIRSAN»

AzadlıqRadiosu:

- Sizə elə gəlmir ki Azərbaycan kişisi Azərbaycan qadınından sipər kimi istifadə edir, onunla pərdələməyə çalışır öz acizliyini?

Qan Tural:

- Mən Qırğızıstan hadisələri baş verəndə bir çox prosesləri sizin radionuzdan izləmişəm. Siz də redaktor kimi o videolara dəfələrlə baxmısınız. Görürsünüz orada kişiləri nə qədər ruhlandıran qadınlar var idi. Qadın istənilən inqilabda simvoldur. Düzdür bunu kişilər edir. Amma onların yanında qadınlar var. Leninin yanında Nadejda Krupskaya var idi, getmiş Sibirə onunla evlənmişdi orada, Azərbaycan qadını isə istəyir ki, ərinin evi olsun, maşını olsun, sonra evlənsin. Axı fərqlər olmalıdır. Azərbaycan tarixində bir iki nümunə göstərmək olar.

AzadlıqRadiosu:

- Mən xatırlayıram Sərdar Cəlaloğlunun məhkəməsi idi, Sərdar Cəlaloğlunun xanımı ayağa qalxıb, məhkəmədə dedi ki, konkret rəqəmlər yadımda deyil, amma deyəsən hamıya artıq, Sərdar Cəlaloğluna dörd il iş vermişdilər, qadın qalxdı və dedi ki, sən ki həmişə beş alırdın, indi niyə dörd alırsan? Belə bir fikir. Əslində Azərbaycan kişisi qadınını mitinqə yola salmağa hazırdırmı əslində? Azərbaycan kişisi qadının mitinqə getməsinin qarşısını daha çox alır yoxsa Azərbaycan qadını kişisinin mitinqə getməsinin qarşısını çox alır?

Qan Tural:

- Siz məsələni fərdiləşdirirsiniz, mən də fərdiləşdirirəm. Sərdar Cəlaloğlu kimi bir adamın siyasətlə məşğul olması ümumiyyətlə gərəksizdir. Mən sizə başqa bir sual verim. Niyə Azərbaycanın intellektual insanları, Üzeyr bəy və başqaları xaricilərlə evləniblər? Məhəmməd Səid Ordubadi niyə xarici ilə evlənib?

AzadlıqRadiosu:

- Heç də hamısı xaricilərlə evlənməyiblər.

Qan Tural:

- Azərbaycan kimi yekcins bir ölkə üçün bu böyük rəqəmdir hər halda. Bunun səbəbi nə idi, təhsilsizlik desəniz, Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmışdı. Orada kifayət qədər elmli, savadlı, xarici dil bilən qızlar var idi. Bəs niyə onlarla evlənmirdilər?

AzadlıqRadiosu:


- Kifayət qədər deyildi ,sayları çox az idi, çünki kişilərə təhsil verməyə qadınlara təhsil verməkdən daha tez başlayıblar.

Qan Tural:

- Əlbəttə, əvvəldən belə başlayıblar. Mən məsələni qadınları ittiham etmək, kişiləri ittiham etmək üstündə qurmaq istəmirəm. Məsələnin sosial səbəbləri var. Konkret hadisə deyim. Azərbaycan qadını sosial həyatda iştirak etmir. Təhsil ömürün axırına qədər gedən prosesdir. Universitetə girir sonra ərə gedir. Hətta bəziləri könüllü ərər gedirlər. 9 – cu sinifdən çıxan qızlardan soruşsanız çoxu elə oxumaqdan qaçdığı üçün ərə gedir. Qadın niyə həyatdan qaçmalıdır. Haradasa məsələlər avtoritar rejimə, onun təhsillə bağlı siyasətinə, əhalinin təhsizləşdirilməsinə gedib çıxır. Amma Azərbaycan qadınının mövcud olduğu ağrılı vəziyyət də reallıqdır. Reallığı qəbul edib, sonra həlli yollarını tapmalıyıq. Mən demirəm ki, Azərbaycan qadını bunu qəbul edib, ömrünün axırına qədər belə qalacaq. Söhbət reallıqdan gedir. Reallıq budur ki, Azərbaycan qadını kifayət qədər materialistdir. Bu nə siyasi proseslərə qoşular, nə başqa bir şey edər, ancaq ərinə deyir ki, oradan çörək gətir, buradan çörək gətir. Bu adam ərinin yaltaqlıqla qazandığı çörəyi başına vurmursa, qadın kimi necə qadındır. Yaltaqlıqla qazanılan çörəyi başa vurmalıdır.

AzadlıqRadiosu:

- Axı niyə kişi öz vicdanını qadınla pərdələməlidir? Mən bunu başa düşmürəm.

Qan Tural:

- Qadın bir çox hallarda etməyə onu məcbur edir.

AzadlıqRadiosu:

- Bəlkə onun qadını məhdudlaşdırarkən yaratdığı şərait məcbur edir? Əslində təkcə kişi qazanmalı deyil çörəyi, qadın da qazana bilər. Kişisi ona əvvəlcədən imkan versə, uşaqlara baxmağa kömək etsə və s. qadın da karyerasında uğur qazanıb, kifayət qədər pul qazana bilər. O zaman kişinin vicdanını satıb, pul qazanmağa ehtiyacı olmaz. Amma kişilər deyirlər ki, yox qadınım evdə olsun, heç kəs onu görməsin.

Qan Tural:

- Bu qısqanclıqdır, Novruzəli kompleksidir. Əlbəttə ki, qadın əxlaqsızdırsa evdə də əxlaqsızlıq edəcək.

«İNANMIRAM Kİ, QADININ DAŞ–QAŞINA FİKİR VERİB, BƏYƏNƏN KİŞİ OLA»

AzadlıqRadiosu:

- Əslində kişinin vicdanını satıb pul qazanması ilə qadın arasında heç bir əlaqə yoxdur. Bu cığallıqdır.

Qan Tural:

- Gəlin konkret məsələyə baxaq. Qadının materializmə meyli bilinirmi. Mən məşhuq əsərdən misal gətirim. Conatan Sviftin «Qulliver» əsəri var, orada «yehular» deyilən şeyin arasına gedir. Orada insanlardır yehular, ata oxlayırlar, at kimi qaçırlar. Gözəl cəmiyyət qurulub, insanlar da at funksiyasını yerinə yetirir. Conatan Svfit orada yehular haqqında yazır, hətta deyirlər insan əsəri oxuyandan sonra bəşəriyyətə nifrət edir. Yehuların bəzəkli daşlara qarşı dəhşətli sevgisi var. Bir – birini döyürlər, öldürürlər, gedib zibillikdə onu axtarırlar, onun üstündə davalar düşür, ərindən küsür yehular. Ümumi şəkildə demək istəməzdim, məncə orada işarə verir ki, bu elə qadınlarla bağlıdır. Daş – qaş üstündə bir – birini qıran yehular elə qadınlardır.

AzadlıqRadiosu:

- Qadınlardır yoxsa qadınların üzərində daş qaşı bəyənən kişilər.

Qan Tural:

- Mən bir kişi kimi deyirəm ki, qadına baxanda onun daş – qaşına qiymət vermirəm.

AzadlıqRadiosu:

- Siz ola bilsin ki, bəlkə siz Novruzəli deyilsiniz.

Qan Tural:

- İnanmıram ki, qadının daş – qaşına fikir verib, bəyənən kişi ola. Hər halda daş – qaşı sonra qadın üstündən çıxarır, axıra qədər daş – qaş onun üstündə qalmır.

AzadlıqRadiosu:

- Sadiqə xanımla telefon əlaqəsi yaradıb prodüserimiz, Sadiqə xanım gələ bilməyib. Sizi studiyada gözləyirdik, amma gəlib çıxmadınız, Tural da deyir ki, qadınlar həmişə gecikirlər.

Sadiqə Mehdizadə:

- Mən üzr istəyirəm, çox üzrlü səbəbdən gələ bilmədim, amma ümid edirəm bu mane olmayacaq söhbətə.

AzadlıqRadiosu:

- Rabitədə də problem var. Prodüserdən xahiş edəcəm, rabitəyə bir daha cəhd etsinlər. Yenə mən opponentliyi boynuma götürməliyəm. Sual var, «sizcə Azərbaycanın problemi qadın – kişi problemidir?».

Qan Tural:

- Bilirsiniz, bu adamlarda dəhşətli bir şey var. Hər şeydən danışanda Azərbaycanda bu problem var. Mən bunu yazar kimi demirəm, yazar subyektiv ola bilər, məsələyə başqa cür yanaşa bilər, mən sosialist fəlsəfə ixtisasını bitirmiş adam kimi deyirəm. Cəmiyyətdə heç vaxt problem yoxdur. Hamımız İlham Əliyevdən danışaq? Bu nə fikirdir. Azərbaycanda min problemi var, onlardan biri də budur, kifayət qədər ciddi problemdir. O adam özünü ağıllı hesab edirsə, problem təşkil etsin. Problem yaradırlar Azərbaycanın problemi budur. Birinci siz hansı zəkanızla problem müəyyənləşdirirsiniz? Azadlıq radiosu mövzu seçib, gəlib bəlkə mövzu seçəsiniz?

AzadlıqRadiosu:

- Yox, kömək edirlər biz də böyük məmnuniyyətlə qəbul edirik.

Qan Tural:

- Bu anormal yanaşmadır. Hər halda elə hesab edək ki, bu problem deyil.

AzadlıqRadiosu:

- Niyə hirslənirsiniz?

Qan Tural:

- Bu adamlar özlərini çoxmu ağıllı hesab edirlər?

AzadlıqRadiosu:

- Siz hesab edirsiniz siz hamıdan ağıllısınız?

Qan Tural:

- Mən jurnalist kimi təcrübəsizəm, sizə ağıl versəm bunu düz etmirsiniz

Azadlıq Radiosu:

- Mən məmnuniyyətlə sizdən təklif qəbul edərəm. Bir az qəbul etməzlik hiss etdim. Başqa bir dinləyici yazır, Azərbaycanda statistika aparılsa, kitab oxuyan qadın kişidən çoxdur. Sadəcə Novruzəli kimi kişilərin sayəsində onlar öz sözlərini deyə bilmirlər.
Daha bir dinləyici yazır, Azərbaycanda qadının Tükəzban olması eyib deyil, kişilərin Tükəzban olması daha dəhşətlidir.

«FƏLSƏFƏ TARİXİ KİTABLARINDA BIR DƏNƏ DƏ QADIN ADI YOXDUR»

Qan Tural:

- Xədicə xanım, onları yazanların kişi və qadın olduqlarını da vurğulasanız daha yaxşı olardı.

AzadlıqRadiosu:

- Son iki mesajı bilməyəcəm.

Qan Tural:

- Kitab oxuma məsələsinə gəldikdə, əlimizdə dəqiq statistika yoxdur. Nigar Köçərli deyir ki, 75 faiz qadınlar oxuyur. Mən o statistikanın ciddliyinə inanmıram. Hər adamın qarşısında əngəllər var. Nə deməkdir axı? Mən fəlsəfədə oxuyanda qalın kitabımız var idi, fəlsəfə tarixi. Altı semestr keçmişdik onu. Qızlar deyirdi ki, elədir belədir, deyirdim ay qız bax 600 səhifəlik fəlsəfə kitabıdır içində qadın yoxdur. Bunu necə izah edərsən? Deyirdilər ki, onlara imkan verməyiblər. Deyirdim ki, guya kişilərə imkan veriblər, Brunonu yandırıblar, Nəsimini öldürüblər.

AzadlıqRadiosu:

- Onunla da razılaşmalısınız ki, inkvizisiya dövründə yandırılan qadınların sayı kişilərdən çox olub.

Qan Tural:

- Cadugərliklə məşğul olan qadınlardan söhbət gedir.

AzadlıqRadiosu:

- Şərt deyil, o zaman düşünən qadınları da cadugər elan edirdilər.

Qan Tural:

- Hər halda onlar fəlsəfə kitabına düşməyə layiq olmayıblar.

AzadlıqRadiosu:

- Bəlkə fəlsəfə tarixi kitabını kişilər yazıb?

Qan Tural:

- Hətta mən qadınların yazdığı fəlsəfə tarixi kitablarını da oxumuşam orada da yoxdur qadınlar. Qadın təfəkkürü tam səmimi hesab edirəm, ciddi bir faktdır ki, qadın təfəkkürü yaradıcı təfəkkür deyil, emal edici təfəkkürdür.

AzadlıqRadiosu:

- Bunu nə ilə izah edirsiniz?

Qan Tural:

- Biologiyanı elə yaxşı bilmirəm.

AzadlıqRadiosu:

Qan Tural
- Sadəcə belə deyirsiniz?

Qan Tural:

- Hər halda bir kərə yaradıcı təsəvvür nədir, heç nədən nəsə yaratmaq. Məsələn, Ploton kimi fəlsəfə yox idi, bu adam fəlsəfəni yaratdı, indiyə qədər onun üsərində işlənilir. Amma ayrı – ayrı qadınlar Plotonun fikirlərini şərh edə bilərlər, Hegelin hansısa ideyası ilə müqayisə edə bilərlər. Bunu edə bilərlər, bu çox gərəkli işdir amma bu yaradıcı təfəkkür deyil. Hər halda siz nə qədər arqument desəniz də, filosoflar arasında qadın olduğuna dair arqument tapa bilməzsiniz. Yazıçılar arasında kifayət qədər var. Amma fəlsəfədə yoxdur. Mənim çox sevdiyim yazıçılar var, məşhur Ovod romanını yazan Voyniç var. Başqa qadın yazarlar da var. Almaniyadan Herta Miller. Amma klassik gedəndə ədəbiyyatda az – çox var. Şerdə də var. Amma fəlsəfədə yoxdur.

«HƏLƏ İNDİYƏ QƏDƏR HƏBS EDİLƏN QADIN OLMAYIB»

AzadlıqRadiosu:

- Əslində vardır ya yoxdur bilinmir. Sadəcə təqdim olunmayıblar və ontologiyalara düşməyiblər.

Qan Tural:

- Mən sizinlə razılaşıram amma söhbət bütün dünyadan gedir.

AzadlıqRadiosu:

- Və onu da qəbul etməlisiniz ki, ümumiyyətlə o vaxtlar ki, filosoflar çıxırdı, o vaxtlar qadının cəmiyyətə çıxması və nəsə etməsi tam aşağı idi. Ağıllı qadın, söz deyən qadının imici çox pis olurdu. İndi də fikrini bildirən qadına hökmən bir ayama qoşurlar.

Qan Tural:

- İlkin dövrlərdə Yunan demokratiyasında nə qədər demokratik olsalar da, qadınlara səs hüququ verilməyib. Orta əsrlərdə də belədir. Yeni dövrdə bəs necədir? Elə hesab edirəm ki, Azərbaycanda illərlə jurnalistlər həbsdə yatır. Neçə ildə həbsdə olan qadın jurnalistlər olmayıblar axı deyəsiniz qadınlar deyirlər, onlara ayama qoşurlar və s. Təzyiqin qabağında duran da kişilər olub.

AzadlıqRadiosu:

- Bəlkə qadınları sadəcə həbs etməyiblər ki, ayıbdır. Və yaxud da qadınlara sözünü deyib, həbs olunmaq örnəyi göstərmək istəməyiblər.

Qan Tural:

- Mən bu həbsləri həyata keçirən hakimiyyət iradəsinin hansı prinsiplərlə düşündüklərini bilmirəm, çünki onlar kifayət qədər feodal və barbar təfəkkürə malikdirlər. Fakt budur ki, Azərbaycan mətbuatında hökuməti kifayət qədər sərt tənqid edən yazarlar var, onların arasında bir dənə də qadın yoxdur, fikir vermisiniz? Azərbaycanda hökumətə qarşı sərt mövqe tutan köşə yazarlar var. Müxtəlif qəzetlərdə var. Bunlar arasında qadının olmaması diqqətinizi çəkirmi?

AzadlıqRadiosu:

- Köşə yazarı çoxdur Azərbaycanda. Onlar arasında qadınlar da çoxdur. Bəziləri sadəcə o qədər tənqid edir, çünki tənqid etmək daha maraqlıdır, başa yolu yoxdur.

Qan Tural:

- Mən mübahisəyə girmək istəmirəm. Zamin Hacı da tənqid edib, başqaları da. Niyə Zamin Hacının yazılarını oxuyurlar, çünki keyfiyyətli yazır. Azərbaycanı tənqid etməyin marka olduğunu düşünmürəm. Burada tənqid edənə də xoş münasibət yoxdur. Qonorarı azalır, gedir iqtidarda daha çox pul alır. Polemika mövzusunu açmaq istəmirəm. Bunlar arasında niyə qadın yoxdur? «Azadlıq» qəzetində niyə qadın yoxdur? «Yeni Müsavat» qəzetində niyə qadın yoxdur? Bu barədə düşünməmişdim. Bu da araşdırılmalı problemdir.

AzadlıqRadiosu:

- Bəlkə redaktorları kişidir?

Qan Tural:

- İndi çalışdığım qəzetdə, «Azadlıq» qəzetini misal gətirəcəm. İndiyə qədər bizim redaktorların heç biri bizim çoxlu müxbirlərimiz var, xanım müxbirlərimiz, birinin adını çəkdim Arzu xanım, heç biri o qadınların köşələrini qaytarmayıblar. Yazmaq istəmirlər. Köşə yazısı yazmaq istəmirlər.

AzadlıqRadiosu:

- Niyə yazmaq istəmirlər sizcə?

Qan Tural:

- Bunu onlardan soruşun. Yəqin siyasi mübarizə onlar üçün maraqlı deyil.

AzadlıqRadiosu:

- Siz belə hesab edirsiniz?

Qan Tural:

- Bəli, mən belə hesab edirəm.

AzadlıqRadiosu:

- Prodüserdən xahiş edək, qadın köşə yazarlarından birini qoşsun. Əslində mən köşə yazısı yazmanı jurnalistikanın çox da elə hörmətli hesab etmirəm. Araşdırma jurnalistikasında deyək ki, Aynur Elgünəş var, Hicran Həmidova var, amma kişilər çox azdır.

Qan Tural:

- Gəlin başqa bir şey deyək, Şahvələd Çobanoğlu Azərbaycanda ən yaxşı araşdırma jurnalistika nümunələrini yazıb. Söhbət köşə yazarlığından gedir, sizin köşə yazarı barədə dediyiniz mövqe subyektivdir.

AzadlıqRadiosu:


- Mən belə hesab edirəm ki, bu daha asandır

Qan Tural:

- Asandırsa onlarla adam köşə yazarlığından başlayıb, başqa yerlərə gedərdilər. Burada dirəniş göstərmək, hər gün original yazmaq çətindir.

AzadlıqRadiosu:

- Hər gün yazmaq şərtdirmi?

Qan Tural:

- Bu iradı bizə çox adam deyir ki, hər gün yazmaq şərtdir. Hər gün yazmırıq. Zamin Hacıdan başqa heç kim hər gün yazmır. Belə hesab edirəm ki, bu Azərbaycanda normal bir şeydir.

«QADIN TƏFƏKKÜRÜ YARADICI TƏFƏKKÜR DEYİL»

AzadlıqRadiosu:

- Əslində araşdırma etmək daha çətindir və bu işi Azərbaycanda daha çox qadınlar üstlənir.

Qan Tural:

- Araşdırma həqiqətən çətindir, Şahvələd bəyə irad tutmuşdular, proqrama çağrılıb gələ bilməyən Günel xanım demişdi ki, hər gün necə yazır, Şahvələd bəy də demişdi ki, bizim üstünlüyümüzü qüsurumuz kimi qələmə vermə. Bu üstünlükdür, qüsur deyil. Hər gün yaza bilmək üstünlükdür.

AzadlıqRadiosu:

- Bu başqa bir kişinin, Şahvələd Çobanoğlunun sözüdür. Aliyə xanım xəttədir. Biz burada Novruzəli – Tükəzban məsələsini müzakirə edirdik və Tural ondan başladı ki, heç vaxt Azərbaycanda filosof qadın olmayıb və bu məqamda qeyd edirdi ki, Azərbaycanda köşə yazarları içində, xüsusilə də hökuməti sərt tənqid edən köşə yazarları içində qadın yoxdur. Nə düşünürsünüz olmalıdırmı?

Alya:

- Təbii ki, olar. Mən bunu öz təcrübəmdə görmüşəm. Hökumətdən də, siyasətdən də. Sadəcə günlərin bir günü bu işin heç bir nəticə vermədiyini görəndə məndə xüsusi bir ruh düşkünlüyü yaranıb və öz peşəmlə, gördüyüm işlə bağlı qəti fikir formalaşıb və bu mənim əlimi soyudun.

AzadlıqRadiosu:

- Sizcə Azərbaycan qadını Azərbaycan kişisinə yaradıcı təfəkkürdə uduzurmu? Tural deyir ki, qadın təfəkkürü yaradıcı deyil.

Alya:

- Qətiyyən. Tural yəqin ki özü də dediyinə inanmır. Qadın təfəkkürü kifayət qədər yaradıcıdır. Azərbaycan mətbuatında ola bilsin görünmür amma Azərbaycan ədəbiyyatında qadın təfəkkürünün xeyli nümunələri var. Onları maraqla oxuyuram. Onların cəsarətinə ədəbi istedadına, publisistikasına heyranam, yanlış fikirdir. Kişi qısqanclığıdır, belə deyərdim.

«QADINLARIN PROBLEMLƏRİNİN BİR UCU KİŞİLƏRDƏ DAYANIR»

AzadlıqRadiosu:

- Xəttə qalın söhbətimiz barədə daha maraqlı fikirlər olacaq. Sadiqə xanım, Tural bəy deyir ki, bir dənə də filosof qadın çıxmayıb. Kişilər yazıb fəlsəfəni, qadınlar hər zaman uduzublar, ümumiyyətlə qadın təfəkkürü yaradıcı təfəkkür deyil.

Sadiqə Mehdizadə:

- Mən təbii ki, bu fikirlərlə razı deyiləm. Ümumiyyətlə insanları cinsə görə qruplaşdırmaq yanlış yanaşmadır. Tarix də sübut edir, bu yanaşma ədalətsizdir. Əslində qəribədir ki, 21 - ci əsrdə insanlar hələ də bu qruplaşmanı aparırlar. 19 – cu əsrin təcrübəsini görün insanlar bu qruplaşmalardan əl çəkməli idilər. Amma görünür Azərbaycanda bəzi köhnə fikirlər hələ də yaşamaqda davam edir. Anlamıram. Əslində fərdi və insanı cinsə görə bölmək, onun istedadlarına və qabiliyyətlərinə cinsə görə dəyər vermək məncə yolverilməzdir. Adətən ittihamlar səslənir, Azərbaycan qadınının ünvanına ki, Azərbaycan qadını daha bəsitdir, məişət içində itib, batmış insandır. Bir şey deyim, əgər kimsə bu mühitdə qadınlarda problem görürsə bunun iki başı var, bir ucu mütləq kişilərə dayanır. Bu problemləri qadınları, kimlər kiŞ problemli qadınlara rast gəlir kütlə içində, problemli qadınları böyüdən ata var, bu tipdə yaşamağa sövq edən həyat yoldaşı var ki, o da kişidir, problemli qadınlarla evlənən problemli həyatlarını davam etdirən, potensial sevgililər var, həyat yoldaşları var. Bu problem varsa kişilərdən qaynaqlanır. Problemli ataların böyütdüyü qızlar problemli olur.

AzadlıqRadiosu:

- Sözünüzə qüvvət, artıq opponentliyi kənara qoymalı idim, siz varkən, biz araşdırma edərkən oxumayan qızlar haqqında məlum olmuşdu ki, ailələrdə qızların məktəbdən çıxarılmasına səbəb olan məhz kişilərdir, onların xanımları onlara etiraz edirlər amma səsləri eşidilmir, çünki kişi qərar verir və kişi məcbur edir qızları məktəbdən çıxartmağa.

Dinləyicilər yazırlar ki, kim deyir ki, filosof olmayıb, Emma Goldmanın adını çəkir, Roza Lüksemburqun, Mariya Svetayevanın adlarını çəkir. Yəqin ki yaradıcı qadınlar olaraq. Həbsdə olan qadınlarla bağlı Faina Kunqurovanın adını çəkir. İki illik papa olmuş qadını tarixdən kişilər silib. Kim bilir indiyə qədər nə qədər belə dahi qadınlar tarixdən silinib. İndi də hansısa fikri olan qadınlara damğa vurulur. Vəfa yazır.

Səyyaf yazır, əsl Azərbaycan kişisi ağa, naçalnik gələndə qaçıb, gizlənir. Qadınlarımız isə Tükəzban olmalıdır. Kommunist ideyasından səhifədir bu. Mən bilmirəm nə demək istəyir. “ Salam, Xədicə xanım. Azərbaycanın bu gün 3-5 faiz gerçək və cəsarətli jurnalist var, qalanları hökumətə yandaşçılıq və yaltaqlıqla məşğul olurlar. Zamin yazır.

«ALYA XANIM KİŞİ OLSAYDI SONA QƏDƏR KÖŞƏ YAZARDI»

Qan Tural:

- Alya xanım, yaradıcı baxımdan deyəndə Vəfa Cəfərovadan fərqli olaraq, Semona De Bovuar feminizmlə bağlı üç cildlik əsər yazıb amma ciddi fəlsəfi kitab deyil. Nə Rusiyada nə başqa yerlərdə fəlsəfə tarixi kitablara salınmır. Alya xanım deyir ki, yarıda buraxdım. Mən bunun etirafının altından qırmızı xətt çəkmək istəyirəm. Qadın köşə yazarları deyəsən doğurdan yarıda buraxırlar. Həyatın, mübarizənin axarlarına dözmürlər. Alya xanım özü də məncə kişi olsaydı hər halda sona qədər yazardı. Qadın olduğuna görə axıra qədər yazmayıb.

AzadlıqRadiosu:

- Üzr istəyirəm, bu yerdə mənə bir link də göndəriblər. Womanphilosophers.com orada bir xeyli ad var.

Qan Tural:

- Marina Svetayevnanı oraya salıblarsa, çox güman orada Məhsəti xanımın da adı var.

AzadlıqRadiosu:

- Marina Svetayevnanın adı yoxdur, Yaponiyadan başqa yerlərdən adlar var.

Qan Tural:

- Xədicə xanım, siz savadlı adamsınız, onların arasından tanıdığınız bir neçə nəfərin adını deyə bilərsiniz? Çoxdur, ona görə deyirəm.

AzadlıqRadiosu:

- Əslində mən fəlsəfə ilə maraqlandığımı deyə bilmərəm.

Qan Tural:

- Amma Hegeli, Marksı tanıyırsınız

AzadlıqRadiosu:

- Tanıyıram çünki, məktəbdə, universitetdə təhsil proqramında olub. Amma əslində mən Jorj Sandı daha çox sevirəm.

Qan Tural:

- Jorj Sand yazıçıdır. Sadiqə xanım mənim kimi sosial elmlə məşğuldur, deyir qadınlarla kişilər arasında fərq yoxdur. Axı bioloji olaraq fərq var. Yəni beynin inkişafında, qadınlarda bir yarımkürə...

AzadlıqRadiosu:

- Siz nə danışırsınız. Bunlar “borat” söhbətlərdir. Filmə baxmısınız yəqin, bir Borat filmi çəkiblər, orada Borat adlı jurnalist gəlir Amerikaya. O filmin qəhrəmanı sizin kimi danışır. Beyin inkişafına bunun nə dəxli var.

Qan Tural:

- Əlavə məlumat kimi deyim ki, homoseksualistlərdə beyin qadın kimi inkişaf edir.

Sadiqə Mehdizadə:

- Mən çox üzr istəyirəm. Burada söhbət bioloji fərqdən getmir, mən dedim ki, insanların qabiliyyətlərini, bacarıqlarını, istedadlarını cinsə görə kateqorizə etmək ədalətsizlikdir. Adamlar keçiblər bu tarixi. 19 – cu əsrdə keçilib, 20 – ci əsrdə keçilib. 21 – ci əsrdə belə deəyk, bəşəriyyətin və insanların yeni inkişafa iddialı olduğu dövrdə köhnədə qalmış cins ayrı – seçkiliyin ortaya çıxması tarixə səyahət təsiri bağışlayır mənə, mən bunu ciddi qəbul etmirəm. Çox böyük hörmətim var, opponentə də amma mən buna ciddi yanaşa bilmirəm. Xüsusilə də Azərbaycanda nəhayət ki, seksual qısnama ilə bağlı, digər məsələlər ilə bağlı nəhayət güclə də olsa proqressiv bəzi müddəalar qanunvericiliyə salınır. Belə bir tendensiyanın getdiyi vaxtda, belə bir mövqe ortaya qoymaq, bu bir az cığal uşaqların dalaşmasına oxşayır. Bu mövzu 2010 – cu ilin mövzusu deyil

Qan Tural:

- Feminizm məsələsi, qadının cəmiyyətdə rolu məsələsi Avropada 1950 – ci illərdən müzakirə olunur. Yəni tarixi bir az dəqiq bilmək lazımdır. Bu sol ideyanın tərkibində feminizm, homoseksualizm problemləri 60 – 70 – ci illərdə Fransada da olub.

Sadiqə Mehdizadə:

- Siz qadın hüquqlarının tarixini bilirsinizmi, bu haradan çıxdı, ideya haradan çıxdı, feministlər kimlər idi. Mən öz sferamla bağlı ancaq bildiyim şeyi danışıram. Mən iddia etmirəm ki, fəlsəfə ilə bağlı mübahisə aparacam. Çünki bu mənim sferam deyil. Bunun tarixi var, mənim üçün çox qədim tarixdir, 200 il əvvəlki tarixdir.

Qan Tural:

- Qadınlara hüquq 20 – ci əsrdə verilməyə başlayıb, bu haradan 200 il əvvəl oldu?

Sadiqə Mehdizadə:

- 20 – ci əsrdə verilməsi üçün, ondan çox – çox əvvəl mübarizə dövrü keçib. Bu etap – etap olub, birdən olmayıb.

Qan Tural:

- 200 il mübarizə aparıb nəticəni gec alıblar

Sadiqə Mehdizadə:

-Mən belə anladım ki, Azərbaycan üçün 200 il az müddətdir. Məncə daha ciddi mövzular var, nəinki qadınları və kişiləri müqayisə etmək.

«AZƏRBAYCANDA NORMAL QADIN VƏ KİŞİ HÜQUQLARI YOXDUR»

Qan Tural:

- Azərbaycanın bu gün siyasi sistem, iqtisadi sistem, mütləq monarxiya dövrüdürsə problemlər burada aktual olmalıdır. Azərbaycanda aktual rejim varsa niyə homoseksualistlərin hüquqlarından danışmalıyıq, normal qadın və kişi hüquqları yoxdur burada. Tarixin üstündən tullanmaq kimi hesab edirəm. Marks da deyirdi ki, tarixdə heç bir mərhələni dekretlə, sazişlə keçmək olmaz. Cəmiyyətdə normal bir şeydir. Bu məsələ 18 – ci əsrin məsələsidir biz daha qabağa atlamışıq. 20 – ci əsrdə qadınlara səs hüququ verilib və s. siz bunu niyə 200 il qabağa atdınız mən anlamadım.

Sadiqə Mehdizadə:

- Bu məsələlər müzakirə olunub, böyük mübarizə gedib, qurbanlar olub. Simon fransız kişisini gülüş hədəfinə çevirməkdə ittiham ediblər. Yəni fikirləşmirəm ki, o insanlar üçün rahat olub.

Qan Tural:

- Azərbaycanda hansı qadınlar Simona de Bovuar kimi öz hüquqları uğrunda mübarizə aparıblar?

AzadlıqRadiosu:

- Azərbaycanda qadınlar öz hüquqları uğrunda mübarizə aparmırlar? Siz yenə milli müqayisələrə keçirsiniz.

Sadiqə Mehdizadə:

- Xədicə xanım mənə elə gəlir ki, söhbətin axırında milli, cinsi ayrı seçkilik yaratma qızışdırma ittihamı olacaq.

Qan Tural:

- Azərbaycanda 8 martda qadınlar gül gözləyirlər amma məsələ belə olub ki, Amerikada bir fəhlə fabrikində qadınlar tətil ediblər, onları polis güllələyib, kommunistlər tərəfindən bu hadisə qeyd olunub. Amma Azərbaycan qadınını belə təcrübəsi yoxdur, amma hamısı 8 Martda sevgililərindən, ərlərindən gül gözləyirlər.

AzadlıqRadiosu:

- Verilişin sonudur

Qan Tural:

- Amerikada, Avropa, qərb ölkələrində qadınlar mübarizə aparıblar seçki uğrunda. Azərbaycan cümhuriyyəti qurulanda mübarizəsiz, filansız qadınlara səs hüququ verilib. Siz hansı mübarizəni aparmısınız ki, danışırsınız 200 il əvvəlki problemdir. Elə Məmmədquluları söymüsünüz, biz də eyni şeyi edirik.

«AZƏRBAYCAN QADINININ FATMANİSƏLİKDƏN ÇIXMASINDAN O QƏDƏR DƏ ÇOX VAXT KEÇMƏYİB»

Alya:

- Tural Azərbaycan qadını ilə, Fransız qadınını müqayisə edəndə, Azərbaycan kişisi ilə, Fransız kişisini müqayisə etmək məcburiyyəti yaranır. Mən bu müqayisəni yersiz sayıram. Cəmiyyətlərin təcrübələrinin fərqliliyi, inkişaf səviyyəsi, hansı yerdə olduğu, neçə əsrdə hansı nailiyyətləri əldə edib, buna baxmaq lazımdır. Yəni Azərbaycanla Fransanı, Qərb ölkəsini müqayisə etmək düzgün deyil. Azərbaycan qadınının Fatmanisəlikdən çıxmasından o qədər az vaxt keçib ki, Fransada seçki hüququ olmadan belə azad olan Fransız qadını ilə müqayisə etmə. Bir də bayaq dediniz ona görə dayandım ki, kişi olsaydım davam etdirərdim. Mən bir az əksini düşünürəm. Adətən qadınları emosional olmaqda hesab edirlər ki, qadınlar hissləri ilə, kişilər məntiqləri ilə hərəkət edirlər. Burada mənim hadisəmdə situasiya tərsədir. Mən məntiqlə gəlmişəm bu nəticəyə ki, yazmağın bir nəticəsi yoxdur. Vaxtilə mən də Tural yaşda olanda Azərbaycan mətbuatının istedadlı adamlarını qınayırdım ki, yaşca xeyli böyük olanlardan soruşurdum ki, niyə yazmırlar, onlar da deyirdilər ki, nə yaxşı siz varsınız, yazırsınız. Turalda eyni situasiyadır. Məntiqlə görəndə ki, yazdıqlarımın nəinki Azərbaycan hakimiyyətinə heç Azərbaycan oxucusuna da təsiri yoxdur, bilirsiniz hökumət bir tərəfə, Azərbaycan oxucusuna maraqlı olmayan yazılar yazmaq adamı bezdirir. Məntiqlə düşünürsən ki, bu iş nəticəsiz işdir. Amma yenə də bu gün mən çox sevinirəm hətta təşəkkür də etmişəm ki, yaxşı ki siz varsınız. Siz yazırsınız və Azərbaycan mətbuatının bu gün üzünü ağardırsınız.

AzadlıqRadiosu:

- Mən yenə də Azərbaycan qadın jurnalist kəsiminin mövqeyini müdafiə etməyə kömək edəm gərək. Yenə deyirəm, araşdırma jurnalistikası jurnalistikanın ən mürəkkəb, ən təhlükəli növüdür Araşdırma jurnalistikası ilə daha çox qadın məşğul olur nəinki kişilər. Bunun da səbəbi bilmirəm intellektual qabiliyyətləri çatmır, ya savadları, səbrləri çatmır. Hər halda belə hesab edirlər ki, bu daha asandır.

Alya:

- Mən Azərbaycan jurnalistikasında köşə yazan Azərbaycan kişilərindən heç də əksik olmayan yazılar yazmışam. Üzr istəyirəm, özümü qabiliyyətsiz saymıram. İstənilən müzakirəyə hazıram. Amma qadınam edə bilmirəm ittihamı haqsız ittihamdır. Mən geri çəkilib, situasiya ilə barışmalıyam, qadınlar zəif cinsdir, vəziyyətə uyğunlaşmaq və s.

AzadlıqRadiosu:

- Salam yazır dinləyici, qızlar tanıyıram ki, 6 – cı sinifdən cehiz yığırlar və bununla da hələ də oynayırlar. Tükəzban kitaba düşmən kəsilib, yazır bir dinləyici. Siz necə düşünürsünüz, Tural bəy, oğlanlar 6 – cı sinifdən nə ilə məşğul olurlar, maşınla maraqlanırlar?

Qan Tural:

- Maşınla yox, adətən kompüterlə oynayırlar. Buradan belə çıxmasın ki, qadınları tənqid etməklə kişiləri möhtəşəm edim. Mümkün deyil ki, fransız kişisi Sartr olsun amma qadın Tükəzban olsun. Mənim arqumentlərimi kişilərə qaytarmağa ehtiyac yoxdur.

AzadlıqRadiosu:

- Yeri gəlmişkən, siz facebook profilinizdə Nazim Hikmetin bir şerindən sitat gətirmişdiniz, Mavi gözlü dev. Orada Mavi gözlü devin merkantil qadınla münasibətindən danışılır. Mənim iradım o idi ki, siz ki merkantil qadınlardan danışırsınız onda gərək mavi gözlü devlərin də olmamasından danışasınız.

Qan Tural:

- Mavi gözlü devdən danışmağım düz çıxmaz, çünki gözlərim mavi deyil.

AzadlıqRadiosu:

- Sizin heç buna vaxtınız da yoxdur. Özünüzün dev olduğunuzu sübut edəsiniz.

Qan Tural:

- Nazim Hikmət üç dəfə evlənib üçüncü evliliyi xarici qadınla olub.

AzadlıqRadiosu:

- Və onu dəfələrlə, illərlə həbsxanalarda gözləmiş qadınları atıb

Qan Tural:

- Üzr istəyirəm, o qadın onu elə həbsxanada atmışdı.
XS
SM
MD
LG