Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Ermənilər Tayyib bəydən razı qalıblarmı?


Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan Vaşinqtonda, 12 aprel 2010
Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan Vaşinqtonda, 12 aprel 2010
Bazar ertəsi səhər Ərdoğan ilə Sarkisyan foto çəkdirmək üçün salona girəndə mənzərəni görsəydiniz qorxardınız. Hər iki liderin sifəti o qədər turşumuş və mimikaları o qədər neqativ enerji verirdi ki, bunlara baxıb öz-özümə «Bu otaqdan müsbət heç bir şey çıxmaz» dedim. Heyətlər 90 dəqiqəlik görüşdən də sanki qaçaraq çıxdılar. Nə bir açıqlama, nə də ümid verəcək bir söz və ya baxış vardı.

Ancaq sonradan erməni mənbələri mənə Ərdoğanın son dərəcə nəzakətli, son dərəcə konstruktiv, hətta işin bu nöqtəyə gəlməsindən narahat olmuş kimi bir atmosferdə danışdığını, protokolların TBMM-yə göndərilməsi üçün qərar qəbul ediləcəyini söylədiyini açıqladılar.

Bu, doğrudurmu bilmirəm. Çünki baş nazirin heç kimə məlumat verilməməsi üçün türk heyətinə verdiyi təlimat var. Ancaq hal-hazırkı vəziyyətlə bağlı olaraq bunu deyə bilərik:

Nə Ermənistan, nə də Türkiyə protokolları zibilliyə atmağa cəsarət edə bildilər.

Türkiyənin səlahiyyətli nümayəndələri baş nazirin «Biz imzamızdan vaz keçmirik» cümləsinə diqqəti cəlb edirlər və protokolları ləğv etməyi düşünmədiklərini söyləməklə kifayətlənirlər.
Təbii ki, Ankara protokolları ləğv etmək istəməz. Çünki bu protokollar hal-hazırda Türkiyənin sarıldığı xilas edici kimidir. Protokollar ləğv edilmədikcə ABŞ Konqresindəki səsvermə təxirə salınır. Daha önəmli olan şey - prezident Obamanın 24 apreldə verəcəyi açıqlama «soyqırımı» kəlməsini deməməsidir.

SON DƏRƏCƏ RAHAT VƏ SƏBRLİ BİR LİDERLƏ QARŞILAŞDIQ

Türkiyə çox incə bir ipin üstündə irəliləyir.

Bir tərəfdən, Azərbaycana təzim edir, Bakını razı sala bilmək üçün Qarabağ problemi həll edilmədən sərhəddin açılmayacağını deyir. Yəni, protokollara ermənilərin və ABŞ iqtidarının nəzərində əvvəllər olamayan bir ön şərt qoyur. Digər tərəfdən, Obamanı yola verə bilmək üçün «protokollar namusumuzdur» yanaşması ilə vəziyyəti yola verməyə çalışır. Bir az çətin vəziyyətdir. Sözün açığı, «Tarzan çətin vəziyyətdədir» deyə bilərik.

Ərdoğanla görüşdə ermənilər çaşbaş qalıblar.

«Heç belə bir yanaşma gözləmirdik. Sərt bir mövqe ilə qarşılaşacağımızı zənn edirdik. Elə isə son dərəcə rahat və səbrli bir liderlə qarşılaşdıq. Bu tıxanmanı həll edəcəyini dedi. Çaşıb qaldıq».

Sarkisyan da siyasi nöqteyi-nəzərdən çox gözləyə bilməyəcəyini deyib. İçəridə ona da təzyiq var. Bir an əvvəl protokolların ləğv edilməsini istəyirlər. TBMM-nin bir an əvvəl protokolları gündəliyə gətirməsi tələb edilir.

Barak Obama və Serj Sarkisyan, 12 aprel 2010
Baş nazir Ərdoğan dəqiq bir tarix verə bilməyib. Ermənistan prezidenti Ərdoğanın bu yanaşma tərzindən razı qalıb. Bu durumda Sarkisyan irəli çıxıb, «Eləmi? Onda mən də bu protokolları ləğv edilməsi qərarı ilə geri çəkirəm» deyə bilmir.

NƏ ANKARA, NƏ DƏ YEREVAN TƏRPƏNƏ BİLİR

Yerevan da, Ankara kimi 24 apreli gözləyir. Prezident Obamanın verəcəyi açıqlamada «soyqırımı» kəlməsini mütləq işlətməsini istəyir. Prezident Sarkisyanın prezident Obama ilə görüşündə bu məsələ ilə bağlı çox təkid etdiyini eşitdik. Erməni mənbələri 24 aprel müraciətində Obamanın Türkiyəni cəzalandırmasının lazım olduğunu deyirlər.

Görəsən, Obama erməniləri razı salıb Türkiyəni cəzalandıracaqmı?

Hal-hazırda hamının böyük maraqla cavabını axtardığı sual budur: Obama nə deyəcək?
Vaşinqtonun ermənilərə daha simpatiya ilə yanaşdığı və türk hökumətinə oyun pozan tərəf kimi baxdığı sirr deyil. Ancaq bu cür düşünmək fərqlidir, o addımı atmaq çox fərqlidir. Əgər xülasə verməyimiz lazım gələrsə-iplər Vaşinqtonun əlindədir.

Nə Ankara, nə də Yerevan tərpənə bilir. Hər iki ölkə əvvəlcə 24 aprel günü veriləcək olan açıqlamanı görmək istəyir. Vəziyyətə görə hərəkət edəcəklər. İndi top prezident Obamanın ayağındadır.

Oyunu ABŞ oynayır. Vaşinqtonun bu iki ölkə üzərində çox güclü təsiri vardır. Ancaq yenə də hər istədiyi şeyi hər an və tam mənasında yapdıra bilmir. Bunun əvəzində də hər iki paytaxtı ayaq üstündə gözlədir. İşin xülasəsi budur.
XS
SM
MD
LG