Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:39

Həyatdan geri qalan qəzet


«Kommunist» qəzetinin 1945–ci ildə çıxan nömrələrində həftədə bir dəfə «Mətbuat xülasəsi» rubrikası fəaliyyət göstərib. Qəzetin 15 mart tarixli sayında «Kommunist» qəzeti digər «İrəli» qəzetini tənqid edir. Yazını olduğu kimi diqqətinizə çatdırıram:

Həyatdan geri qalan qəzet

(«İrəli» – Azərbaycan K(b)P Balakən rayon komitəsinin orqanı)

Təəssüflə qeyd etməliyəm ki, «İrəli» qəzeti (redaktoru Müctəba Quliyevdir) vəzifələrin öhdəsindən gələ bilmir. İşdə acizlik, bacarıqsızlıq göstərir. Bu ilin yanvar ayında və fevralın birinci yarısında çıxan beş nömrəsini nəzərdən keçirərkən bunu aydın görmək olur. Qəzet qaryaginlilərin gözəl təşəbbüslərindən az yazır, ayrı–ayrı kolxozçuların necə işlədiyini, bayramqabağı yarışda öhdələrinə götürdükləri vəzifələri necə yerinə yetirdiklərini layiqincə göstərmir.

Doğrudur 30 yanvar tarixli 4 (422)–cü nömrəsində «Sovet Azərbaycanının 25 illiyini böyük müvəffəqiyyətlə qarşılayaq» sərlövhəli məqalədə az da olsa yarışlardan bəhs edir, lakin bu, heç kəsi qane edə bilməz. Çünki həmin məqalədən belə bir nəticə çıxarmaq olar ki, rayonun ancaq iki kolxozu «Sosializm» və «Nizami» kolxozları yarışda irəlidə gedərək yaz əkininə yaxşı hazırlaşmışdır.

Qəzet geridə qalan kolxozlar haqqında nə kimi tədbirlər görmüşdür?

Nə üçün? Nə səbəbə? Qəzet geridə qalan kolxozlar haqqında nə kimi tədbirlər görmüşdür? Təəssüf ki, bu kimi suallara cavab tapmaq olmur, çünki qəzet bu kolxozçuların işi ilə maraqlanmır, geriliyin səbəblərini öyrənmir və göstərmir.

«İrəli» qəzeti həyatdan, günün tələblərindən çox geridə qalır, təşkilatçılıq bacarığını göstərə bilmir. Rayon partiya komitəsi qəzetin işi ilə yaxından tanış olmalı, onun savadlı və məzmunlu çıxması, rayonun həyatını, təsərrüfatın məsələlərini tələb edildiyi kimi işıqlandıra bilməsi və kütləvi səfərbərliyə almaq bacarıqlarına malik olması üçün ciddi tədbir görülməlidir.
XS
SM
MD
LG