Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Dövlət idarələrində paket şəklində maaş


İşçiləri onlara verilən pulun hardan gəldiyi yox, məbləği daha çox maraqlandırır
İşçiləri onlara verilən pulun hardan gəldiyi yox, məbləği daha çox maraqlandırır
2008-cı ilin noyabrına qədər dövlət komitələrindən birində çalışan Oruc Orucov etiraf edir ki, o dövlət müəssisəsində işlədiyi müddətdə hər ay leqal maaşla yanaşı ona zərfdə əlavə pul verilirmiş. Dediyinə görə, son artımdan sonra 240 manat maaş alırmış, bununla yanaşı ona hər ay da zərfdə 300 dollar əlavə pul verilirmiş.

Həmsöhbətim deyir ki, hətta zərfdə verilən pulun paylanıb-paylanmadığını öyrənmək üçün paroldan istifadə edirmişlər:

ZƏRFDƏ VERİLƏN PULUN PAROLU «YAĞIŞ»DI

- Maaşı alandan sonra hər ayın 5-10-u aralığında zərflər verilir. Hətta bir-birimizə zəng edib soruşurduq ki, nə var, nə yox, «yağış yağır?». Zərfdə verilən pulun parolu «yağış»dı. Soruşurduq ki, «yağış yağır», misal üçün cavab verilirdi ki, hələ sakitlikdir, axşama bəlkə yağdı. Və yaxud bizə dünən «yağdı», yəqin bu gün də sizə «yağış yağar». Birinci mərkəzi aparat, sonra şöbələr alır.

Oruc Orucov deyir ki, əslində, işçiləri onlara verilən pulun hardan gəldiyi yox, məbləği daha çox maraqlandırır.

Adlarının çəkilməyini istəməyən şəxslərdən gələn məlumatlara görə, son bir neçə ayda zərfdə verilən maaşların məbləği azalıb. Məsələn, iki il əvvəl zərfdə 200-330 manat verilirdisə, indi bu məbləğ yarıbayarı azalıb.
Nazim Məmmədov
Ekspertlər bunu dünyadakı maliyyə böhranı ilə əlaqədar qeyri-leqal gəlirlərin azalmasıyla əlaqələndirirlər.

BU O DEMƏKDİR Kİ, HƏMİN YERDƏ KORRUPSİYA VAR

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov deyir ki, hansısa dövlət idarəsində, özəl qurumda ikili mühasibatlıq, işçilərə zərfdə əlavə maaş verilməsi halları varsa, bu o deməkdir ki, həmin yerdə korrupsiya var:

- Məntiqə uyğun olaraq vəsait hardansa gəlməlidir ki, idarə rəhbəri həmin pulu versin. Deməli, bu sahədə gizli iqtisadiyyat inkişaf edib.

Nazim Məmmədov hesab edir ki, ikili mühasibatlığın olması həm də əməkhaqqından tutulan sosial vergilərin yüksəkliyi ilə də bağlıdır.

Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı isə hesab edir ki, ikili mühasibat həm özəl, həm də dövlət sektorunda var. İqtisadçının sözlərinə görə, dövlət qurumları dövlət qulluqçularının əməkhaqqı üzrə tarif cədvəlindən kənara çıxa bilmirlər və bu cədvəl həm də çox ləng yenilənir. Reallıq isə dövlət qurumlarından öz işçilərinə daha çox maaş verilməsini tələb edir:

Kənan Aslanlı
- Belə olan halda konkret olaraq əməkhaqqılarla bağlı ikili mühasibat ortalığa çıxır. Azərbaycanda dövlət qulluğunda tətbiq olunan məşhur «zərf» metodu var və həmin əlavə vəsaitlər zərfdə verilir.

Ekspert deyir ki, bu heç də o demək deyil ki, həmin pulların hesabı aparılmır:

BU PULLARIN DA UÇOTU GEDİR

- Təbii ki, o pulların da uçotu gedir və daha sonra hansısa digər xətlər hesabına silinir və sonda müəssisənin balansında qalmır.

Kənan Aslanlıya görə, zərflərdə verilən pullar əsasən komitə və nazirliklərin qeyri-rəsmi əldə etdiyi dövriyyədən verilir və əslində, ikili mühasibatdan həm dövlət, həm də özəl sektorda bir növ işçiyə təzyiq vasitəsi kimi də istifadə edilir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədovun fikrincə, elə bu kimi təzyiq rıçaqlarından istifadə olunmaması üçün dövlət sektorunda maaşlar qaldırılmalıdır ki, işçinin hansısa məmurdan, müdirdən asılılığına son qoyulsun.
XS
SM
MD
LG