Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

BVF rəsmisi: Azərbaycanda «kölgə iqtisadiyyatı» azaldılmalıdır


Ninke Omes
Ninke Omes
«Azərbaycanda kölgə iqtisadiyyatının həcmi nəhəngdir və bu sahədə islahatlara ehtiyac var».

Bunu fevralın 24-də Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri xanım Ninke Omes Bakıda jurnalistlərə bildirib:

«Qeyri-neft sektorunda fiskal kəsiri aradan qaldırmağın iki yolu var. Birincisi budur ki, vergi administrasiyası möhkəmləndirilməlidir. Yəni, indiyə qədər vergi ödəməyənlər, indi ödəməyə başlamalıdırlar, amma daha şəffaf yolla. Bu, həm də vergi orqanları tərəfindən də daha şəffaf proseduraların həyata keçirilməsi deməkdir. Beynəlxalq təşkilatlara istinadla deyə bilərəm ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 60 faizə yaxındır. Kölgə iqtisadiyyatını azaltmaq da fiskal kəsiri aradan qaldırmağın ikinci yoludur».

NAZİRLİYİN MÜFƏTTİŞLƏRİ QANUN ÇƏRÇİVƏSİNDƏ İŞ APARIRLAR

«Kölgə iqtisadiyyatı»nı iqtisadçılar belə izah edirlər – bu, əsasən, qeydiyyatdan kənarda qalan gəlirlərdir – vergi, gömrük yığımı, qanunsuz silah, narkotik alveri və sairədən gələn gəlirlər.

Vergi toplayan orqanlardan birinin - Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov isə AzadlıqRadiosuna müsahibəsində bildirir ki, nazirliyin müfəttişləri qanun çərçivəsində iş aparırlar və bu sahədə heç bir problem yoxdur.

Astaradakı «Savalan» firmasının direktoru Səlimə Əliyevanın sözlərinə görə, regionlarda sahibkarlıqla məşğul olan qurumlar sadələşdirilmiş vergi ödəyicisi kimi ildə 400-500 manat vergi ödədikləri halda qeyri-rəsmi ödənişlər 10-15 min manatdan çox olur:

«AZ QALIB Kİ, RÜŞVƏTİ DƏ QANUNİLƏŞDİRSİNLƏR»

«Hara müraciət edəcəyimizi bilmirik. Az qalıb ki, rüşvəti də qanuniləşdirsinlər. O, dövlət qurumu gəlir bu qədər verməlisən, başqa bir dövlət qurumu gəlir ki, yox, bu qədər verməlisən».

Vergilər Nazirliyinin nümayəndəsi Fariz Səmədov isə bildirir ki, müraciət olunarsa, nazirlik istənilən rəsmi şikayəti araşdırmağa hazırdır:

«Son illər Vergilər Nazirliyi tərəfindən vergi xidmətlərinin keyfiyyətinin artırılması, elektron xidmətlərin çeşidinin genişlənməsi, biznesə başlama prosedurlarının asanlaşdırılması, vergi yükünün azaldılması,
Qubad İbadoğlu
kassa aparatlarına məsafədən nəzarət cihazlarının ötürülməsi kimi işlər görülüb və bunlar hələ son deyil, nazirlik iqtisadi reallığa və günün tələblərinə uyğun daim inkişaf edir».

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə deyir ki, Azərbaycanda «kölgə iqtisadiyyatı»nın izlərini dövlət büdcəsində də görmək mümkündür. İqtisadçı bildirir ki, rəsmi rəqəmlərə görə, keçən il ölkədə 74 min yeni iş yeri açılıb, amma büdcə göstəriciləri bunun əksini deyir:

«74 MİN YENİ İŞ YERİ AÇILIBSA, GƏLİR VERGİSİNDƏN DAXİLOLMALAR ARTMALI İDİ»

«Əgər 74 min yeni iş yeri açılıbsa, gəlir vergisindən daxilolmalar artmalı idi. Amma 2010-cu ilin büdcəsində 2009-cu illə müqayisədə gəlir vergisindən daxilolmalar 220 milyon manat azaldılıb. İş yerlərinin açılması pensiya fondunda sığorta ödənişlərinin artmasına gətirib çıxarmalı idi. Amma biz bunu da görmürük».

Qubad İbadoğlu deyir ki, «kölgə iqtisadiyyatı»nı aradan qaldırmaq üçün iqtisadiyyatın liberallaşması və daha şəffaf olması, maliyyə amnistiyalarının verilməsi lazımdır.

Beynəlxalq Valyuta Fondunu missiyası hələ ki, hökumətlə görüşləri davam etdirir, missiya martın əvvəlinə kimi Azərbaycanda olacaq.
XS
SM
MD
LG