Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Əli Əhmədov YAP-ın seçki planlarını açıqladı


Əli Əhmədov
Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov fevralın 16-da «Azərbaycan» qəzetində dərc olunan müsahibəsində deyir ki, hakim partiyanın gələn parlament seçkisi üçün hədəfi daha yüksək nəticə əldə etməkdir.

Rəsmi nəticəyə görə, keçən ilki bələdiyyə seçkilərində hakim partiya bitərəflərlə birlikdə səslərin 90 faizdən çox hissəsini yığmışdı, ondan əvvəlki prezident seçkisini isə əsas müxalifət partiyaları boykot etmişdi, hakim partiyanın namizədi İlham Əliyev 89 faiz səs toplayıb ikinci müddətə dövlət başçısı seçilmişdi.
Növbəti parlament seçkisi bu ilin oktyabrında keçiriləcək.

«ONLAR TƏKPARTİYALI SİSTEMİ BƏRPA ETMƏK İSTƏYİRLƏR»


Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AzadlıqRadiosuna müsahibəsində deyir ki, Əli Əhmədovun seçkidə daha böyük nəticə istəməsi onu göstərir ki, hakimiyyət müxalifəti bir az da sıxmaq və ölkədə təkpartiyalı sistemi bərqərar etmək niyyətindədir:

«Onlar yenə də bütün metodlardan istifadə edib seçkini saxtalaşdırmağa hazırlaşırlar. Bu hakimiyyətlə mübarizə
Əli Kərimli
aparmaq gündən –günə çətinləşir».

«KOMMUNİSTLƏRLƏ BİTƏRƏFLƏRİN SARSILMAZ BLOKU»


Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, builki parlament seçkilərində hakim partiya 99 faiz səs toplasa, o təəccüblənməyəcək:

«Sovet dövründə təxminən belə bir ifadə var idi - kommunistlərlə bitərəflərin sarsılmaz bloku. İndi də Azərbaycanda «yeni azərbaycanlı»larla bitərəflərin sarsılmaz bloku yaranıb. Sovet vaxtı bu blok 99,99 faiz səs yığırdı, indi də «yeni azərbaycanlı»ların bloku üçün çox az qalıb bu rəqəmə yaxınlaşmağa. Məsələn, son bələdiyyə seçkilərinin nəticəsinə baxaq - bitərəflərlə «yeni azərbaycanlı»lar birlikdə səslərin 90 faizindən çox hissəsini qazanıblar».

Rauf Mirqədirov
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçi Bakıya sonuncu səfərində də demişdi ki, ölkədə müxalifət getdikcə zəifləyir və tamamilə fəaliyyətsiz vəziyyətə salınır.

«NƏ QƏDƏR ÖZLƏRİNİ BURAXMAYIBLAR, DEMƏLİ, MÖVCUDDURLAR»


Yeni Azərbaycan partiyasından olan deputat Bəxtiyar Sadıqov isə Azərbaycanda təkpartiyalı sistemin möhkəmlənməsi fikrini qəbul etmir:

«Nəyə görə təkpartiyalı sistem olur ki?! Nə vaxt bütün partiyalar özlərini buraxarlar, onda təkpartiyalı sistem olar. Hələlik müxalifət partiyaları var, amma onlar o qədər zəif və gücsüzdürlər ki, siyasi proseslərə təsir imkanları sıfırdır».

ƏLİ KƏRİMLİ RUHDAN DÜŞMÜR


Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, hər şeyə rəğmən müxalifət əlindən gələni edəcək ki, mümkün qədər uğur qazansın.

O hesab edir ki, müxalifətin zəifləməsinin səbəbi məhz hakimiyyətin təzyiqləridir. Amma hakim partiya bu fikri qəbul etmir, bildirir ki, müxalifətin problemi birləşə və təşkilatlana bilməməsidir.
XS
SM
MD
LG