Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

Müxalifət birləşir, yoxsa ayrılır?


Müsavat partiyasının divanı DUİ və «Azadlıq» bloku ilə birlikdə parlament seçkilərinə getməyə dair müzakirələrə başlamaq barədə qərar verib
Müsavat partiyasının divanı DUİ və «Azadlıq» bloku ilə birlikdə parlament seçkilərinə getməyə dair müzakirələrə başlamaq barədə qərar verib
«Süni birləşməyi mən istəmirəm. Yalandan 10 partiyanın birləşib lazımi məqamda parçalanması lazım deyil. Ya ölüm, ya qalım, konkret. Yoxsa 2005-ci ildəki kimi birləşəcəklərsə, lazım deyil».

Bu, AzadlıqRadiosunun daimi dinləyicilərindən olan Zülfüqar Saatlının fikirləridir.

O,deyir ki, yenə seçki gəlir, yenə müxalifət birləşməkdən danışır. Hər dəfə bu vəziyyəti müşahidə etməkdən bezib. Onun fikirincə, müxalifət camaatı səfərbər edib, seçkiyə cəlb etmək istəyirsə, saf birliyə nail olmalıdır.

Ötən ayın sonlarında 5 siyasi partiyanın təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) «Azadlıq» bloku və Müsavat partiyasına qarşıdakı parlament seçkilərinə birlikdə - blok şəklində getməyi təklif etmişdi. Müsavat başqanı İsa Qəmbər isə yalnız Müsavat, AXCP və KXCP-nin blok şəklində birləşməsini mümkün saydığını bildirmişdi.

MÜXALİFƏTDAXİLİ MÜZAKİRƏLƏR BAŞLAYIR…

Fevralın 15-də Müsavat partiyasının divanı DUİ və «Azadlıq» bloku ilə birlikdə parlament seçkilərinə getməyə dair müzakirələrə başlamaq barədə qərar verib.

İsa Qəmbər deyir ki, bu, heç də seçki blokunun tərkibi barədə təklifə razılıq kimi qəbul edilməməlidir. Söhbət DUİ-nin təklifi ilə bağlı mətbuata qapalı müzakirələrə razılıqdan gedir.

İsa Qəmbər
«Bir var seçki blokunun tərkibi, bir də var seçki mövzusunu müzakirə etmək üçün siyasi qüvvələr arasında məsləhətləşmələr keçirtmək. Bunlar fərqli situasiyalardır. Biz DUİ-nin məhz parlament seçkiləri mövzusunda məsləhətləşmə keçirtmək təklifini qəbul etmişik. Bu, həmin tərkibdə bir blokun yaranması demək deyil. Mən əvvəlki fikrimdə qalıram ki, seçkilərdə real müxalifətin birliyinə nail olmaq lazımdır».

BU «HƏ» HƏLƏ O «HƏ» DEMƏK DEYIL?

İsa Qəmbər bu mövzunun detallarınadək mediada müzakirəsini məqsədəuyğun saymır. Deyir ki, siyasi qüvvələr öz qərarlarını verdikdən sonra nəticə barədə media və cəmiyyət tam məlumatlandırılacaq.

Bəs artıq başlamaq ərəfəsində olan müzakirələr nə vəd edir? Müzakirələrin bağlı qapılar arxasında aparılacağına baxmayaraq, ortada olan təklifə və ona verilmiş cavaba istinadən demək olar ki, ya AXCP öz müttəfiqlərindən - Liberal və Vətəndaş və İnkişaf partiyalarından müvəqqəti imtina etməli, ya da Müsavat partiyası öz şərtindən əl çəkməlidir. Əlbəttə, başqa varinatlar da olmamış deyil. Hər halda, parlament seçkilərinə kimlərin birlikdə gedəcəyini müzakirələrin nəticəsi bəlli edəcək.

Siyasi partiyaların dəhlizlərində və müxalifətə yaxın bəzi media səhifələrində belə fikirlər dolaşır ki, Müsavat partiyasının rəhbərliyi yalnız KXCP və AXCP ilə bloka getmək ideyasından əl çəkməsə də, həm «Azadlıq» blokundakı, həm də DUİ-dəki digər partiyaların imkanlarından seçki siyahılarının hazırlanmasında istifadəyə razılıq verə bilər. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bu formulu mümkün saymır. Fuad Qəhrəmanlı deyir ki, onun partiyası istər bağlı, istərsə də açıq qapılar arxasında istənilən məsələni müzakirə edə bilər.
Əvəz Temirxan
Amma AXCP öz müttəfiqlərindən imtina etmək fikrində deyil.

HƏR ŞEYİN TƏZƏSİ, DOSTUN KÖHNƏSİ...

«Bütün müzakirələr bu mövqe çərçivəsində aparılacaq. Dəvət səmimidirsə, birləşmək istəyi bu günkü reallıqlara əsaslanırsa, mövcud birlikləri dağıtmadan, onların faydalı iş əmsalını daha da artırmaqla irəliyə doğru addım atmış olarıq».

Bu məsələ ilə bağlı mülahizələrdən biri də odur ki, haqqında danışılan birliyin yarana bilməsində «Azadlıq» blokuna daxil olan digər iki partiyanın - Liberal və VİP-in mövqeyi də müəyyən rol oynaya bilər.

Liberal Partiyasının sədr müavini Əvəz Temirxanın sözlərinə görə, belə fikirlər var ki, guya bu iki partiya ümumi işin xeyiri üçün kənara dursa, Müsavat və digər partiyalar birləşib dağı-dağ üstünə qoyacaqlar. Amma bu belə deyil.

MANDAT MANDAT ÜSTÜNƏ QOYULA BILƏR, DAĞ DAĞ ÜSTÜNƏ YOX!

«Mandat mandat üstünə qoyula bilər. Amma dağ dağ üstünə qoyulmayacaq. Və bir də mən, ümumiyyətlə, yanaşmanı başa düşmürəm. Nəyə görə dünən ən prinsipial mövqe tutan partiyalardan biri ALP və VİP olduğu halda, onların müttəfiqinə deyilməlidir ki, sən öz müttəfiqindən imtina elə, gəl bir yerdə olaq».

Azər Rəşidoğlu
Əvəz Temirxan deyir ki, ALP lideri saxta seçkilərə etiraz əlaməti olaraq mandatdan imtina etmiş bir partiyadır. Danışığa sadiq qalmayıb parlamentdə oturan, yaxud təkrar seçkilərə qatılan partiyaların ona yol göstərməsi məntiqi anlaşılan deyil.

Oxşar fikirləri 5 partiyanın birləşdiyi Demokratiya Uğrunda İttifaqa daxil olan siyasi qüvvələrin dilindən də eşitmək mümkündür.

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, əsil məntiq ondadır ki, hazırda birlikdən danışanlar da, bunun əleyhinə çıxanlar da müxalifətin birləşməyə zərbə vurur. Hər dəfə seçkilər ərəfəsində cəmiyyət hansısa böyük ittifaqın, koalisiyanın sonda necə fiaskoya uğradığının, bunun müxalifət djüşərgəsində hansı düşmənçiliyə gətirib çıxardığının şahidi olur.

«Yaxşı olardı ki, aparıcı müxalifət partiyaları özləri müstəqil şəkildə seçki siyasəti ilə məşğul olub seçkiyə qatılardılar. Və bir-biri ilə bir centlmen sazişi imzalayardılar ki, biz seçki mərhələsində bir-birimizə toxunmayacağıq. Hansı dairədən mümkündürsə, oradan namizədləri razılaşdıracağıq».

Azər Rəşidoğlunun fikrincə, indiki halda isə belə təsəvvür yaranır ki, müxalifəti qələbə yox, məhz seçkidəki məğlubiyyəti kimin adına yazmaq daha çox dünüşdürür.
XS
SM
MD
LG