Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:28

20 yanvar faciəsinin istintaqı nə yerdədir?


Sovet qoşunları Bakıda, 22 yanvar 1990
Sovet qoşunları Bakıda, 22 yanvar 1990
20 yanvar faciəsi ilə bağlı istintaqa xitam verilməsə də, artıq neçə illərdir bu işdə yenilik yoxdur. Respublika Prokurorluğunun mətbuat xidməti bildirir ki, bu işlə bağlı 68 cildlik istintaq materialları Moskvada saxlanır.

MOSKVA İSTİNTAQ MATERİALLARINI VERMİR

Həmin materialların qaytarılması və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edilsə də, hələ də Azərbaycanın sorğularına müsbət cavab verilməyib. Mətbuat xidməti yada salır ki, 20 yanvar faciəsi ilə bağlı ilkin araşdırmanı SSRİ Baş Prokurorluğu aparıb və hərbçilərin hərəkətində cinayət tərkibinin olmadığı qənaətinə gələrək işin icraatına xitam verib.

1992-ci il fevralın 14-də Respublika Prokurorluğu xitam qərarını ləğv edib, yenidən cinayət işinə başlayıb. 1994-cü ildə isə faciə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olan Əbdürrəhman Vəzirov və Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar verilib. Üstəlik, onlar haqqında axtarış elan edilib. Mətbuat xidmətinin məlumatında o da qeyd edilir ki, o vaxtlar Azərbaycan Kommunist Partiyasının 2-ci katibi işləmiş Viktor Polyaniçko və Ali Sovetin sədri Elmira Qafarova vəfat etdiyindən onlar haqqında cinayət işinə isə xitam verilib.

RESPUBLİKA PROKURORLUĞU XALQIN BAŞI ALTINA YASTIQ QOYUR

20 Yanvar Komissiyasında işçi qrupun rəhbəri Səftər Nəhmətov isə deyir ki, Respublika Prokurorluğu xalqın başı altına yastıq qoyur. Onun sözlərinə görə, Respublika Prokurorluğu istintaqa komissiyanın topladığı materiallar əsasında başlayıb. Onun fikrincə, istintaq 18 il ərzində fəaliyyətsizlik əvəzinə bu araşdırmaları davam etdirərək işi məhkəməyə təqdim etməli idi:

Bakı, yanvar 1990
- Hətta dünya praktikasında belə nümunələr var ki, axtarışda olan şəxs haqqında ölüm hökmü çıxarılır. Belədə isə məlum olur ki, Respublika Prokurorluğu baş aldatmaqla məşğuldur. Hər 20 yanvar gələndə prokurorluğun mətbuata belə başdansovdu cavabını başqa cür dəyərləndirmək olmaz…

SİYASİ KONYUNKTURA İSTİNTAQA MANE OLUR?

Səftər Nəhmətov deyir ki, əslində, siyasi konyunktura bu istintaqa mane olan ciddi səbəblərdəndir. O yada salır ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, ilk dövrlərdə həm Respublika Prokurorluğu, həm də bütünlükdə keçmiş hakimiyyət ciddi şəkildə fəaliyyətsizlikdə və vətənə xəyanətdə günahlandırılırdılar. Ancaq bütün bunlara baxmayaraq, sonrakı illərdə də istintaq ciddi bir iş görməyib. Əksinə, 1994-cü ildə ölkə parlamentində bu məsələ müzakirə edilərkən faciədə günahkar sayılan şəxslərin siyahısından o vaxt Rusiya Federasiyasının Baş naziri işləyən Primakovun adı çıxarılıb. Halbuki, deputat istintaq komissiyasının ilkin rəyində Qorbaçovla, Yazovla yanaşı Primakovun məsuliyyətindən bəhs edilirdi. Səftər Nəhmətov deyir ki, 1993-cü ildən bəri hakimiyyət daxildə bəzi rəqiblərini günahlandırmaq yolunu tutsa da, Rusiya ilə gərginlikdən çəkinərək Moskvanın məsuliyyətini ikinci plana keçirib:

PRİMAKOVUN ADINI NİYƏ ÇIXARTDINIZ?

- Hakimiyyətin siyasi təpəri çatışmır. Onda da belə olur. Mən yenə deyirəm, vaxtında şou düzəltdilər, daxildə düşmən axtardılar, axırda da belə oldu. Mən yenə soruşuram: Primakovun adını niyə çıxartdınız? Yaxşı o kimin adamı idi? Yaxud da o bunlardan nə bilirdi ki, qorxdular-çəkindilər…

İlyas İsmayılov
1990-cı il yanvar günlərində respublikanın Baş prokuroru işləyən İlyas İsmayılov isə Azərbaycanın Moskva ilə paralel istintaq apara bilməməsini SSRİ-nin o vaxtkı qanunvericiliyi ilə izah edir:

- Hərbçilərin işi ilə bağlı ancaq hərbi prokurorluq istintaq apara bilərdi. İşi Zaqafqaziya dairəsinin hərbi prokurorluğu aparırdı. Biz paralel istintaq apara bilməzdik. Ona görə də mən 40 müstəntiq ayırıb ora verdim ki, heç nə diqqətdən yayınmasın. Ayrı-ayrı epizodlar üzrə də cinayət işi qaldırıb, sənədləri ora göndərdik.

İlyas İsmayılov indi Respublika Prokurorluğunun düşdüyü müşkül vəziyyəti də anladığını söyləyir. Onun fikrincə, nə qədər ki, materiallarının böyük hissəsi Moskvada saxlanır, istintaqda ciddi dönüşün yaranmamasını başa düşmək lazımdır.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG