Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:27

Dini icmaların qulağı səsdədir...


«Fatimeyi-Zəhra» məscidinin qapısında polis keşik çəkir
«Fatimeyi-Zəhra» məscidinin qapısında polis keşik çəkir
«Açsın çiçəklər, səhra sevinsin,
Sökmə məscidi səhra sevinsin,
Vaz keç bu işdən,
Olma müqəssir...»

«Fatimeyi-Zəhra» məscidi icmasının rəhbəri Tofiq Rəsizadəyə zəng edənlər o telefonuna cavab verənə qədər bu musiqini eşidirlər. İcma rəhbəri deyir ki, bu musiqi məscidləri sökənlərə, bağlayanlara bir mesajdır. O ki qaldı, onun rəhbərlik etdiyi dini icmanın qeydiyyatı məsələsinə, qapısına polis qoyulan məscid icmasının gözü yolda, qulağı səsdədir. Dini İşlər üzrə Dövlət Komitəsindən cavab gözləyirlər:

«Qeydiyyat üçün sənədləri keçən aydan vermişik, ancaq bizə hələ bir məlumat verməyiblər. Soruşmuşam, deyiblər 400 sənəd verilib. Hələ araşdırırıq, sizinkinə hələ baxmamışıq».

«QEYDİYYATA ALSALAR DA, ALMASALAR DA FƏALİYYƏT GÖSTƏRƏCƏYİK»

Nigarançılıqla qeydə alınıb-alınmayacaqlarını gözləyən dini icmalardan biri də «Əbu Bəkr» məscidi icmasıdır. İcmanın rəhbəri Qamət Süleyman deyir ki, onlara da qeydiyyatla bağlı hələ bir şey deməyiblər:

«Qeydiyyatla bağlı bizə hələ heç nə deməyiblər. Qeydiyyata alsalar da, almasalar da fəaliyyət göstərəcəyik. Partiya deyilik, təşkilat deyilik.
Qamət Süleyman
Bizim fəaliyyətimiz namaz qılmaq, dini təbliğ eləməkdir. Ancaq bilirəm ki, qeydə almayacaqlar. Çünki sünni və sələfilərə qarşı hərəkat başlayıb, ölkədə dini azadlıq qorunmur. Kiminsə saqqalını qırxırlar, məscidləri bağlayırlar, sökürlər...»

Dini icmaların yenidən qeydiyyatdan keçmələri üçün sənədlərinin təqdim olunması müddəti yanvarın 1-də bitib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov deyir ki, yanvarın 1-ə qədər komitəyə 600-dən artıq icmanın sənədləri təqdim olunub. 120 dini icma isə qeydiyyatdan keçib. Digər 480 icma hələ qeydə alınmasa da, onların məsələsinə baxılır. Onların nə vaxt qeydə alınmasıyla bağlı vaxt məhdudiyyəti yoxdur. Bu bir il ərzində də ola bilər 2 ərzində də. Hansısa icmanın qeydə alınmasının imtinasıyla bağlı heç kimə heç nə deyilməyib.

O Kİ QALDI, «ƏBU-BƏKR» DİNİ İCMASINA

«Fatimeyi-Zəhra» icmasına gəldikdə, Gündüz İsmayılov deyir ki, onların sənədləri komitədədir və baxılacaq. O ki qaldı, «Əbu-Bəkr» dini icmasına:

Gündüz İsmayılov
««Əbu-Bəkr» dini icması yox, onların rəsmi adı Nərimanov rayon dindarlarıdır. Qanuna görə, islam təmayüllü dini icmalar sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə təqdim edirlər. Həmin idarə də onlara təqdimat verib o təqdimatla birlikdə dövlət komitəsinə göndərir. Bundan sonra qeydiyyat məsələsinə baxılır. Bizim onlara ya hə, ya yox deməyimiz üçün Nərimanov rayon dini icmasının sənədləri heç komitəyə daxil də olmayıb. Bizə daxil olmayan icmanın sənədləri haqqında heç nə deyə bilmərik».

Qanunda göstərilir ki, yanvarın 1-ə qədər komitəyə sənəd təqdim etməyən dini icmanın qeydiyyatı məhkəmə qaydasında ləğv edilə bilər. Gündüz İsmayılov deyir ki, «Əbu-Bəkr»in məhkəmə qaydasında ləğvinə gəldikdə, hələlik heç nə demək olmaz: «Bunu gələcək göstərəcək».

Qamət Süleyman deyir ki, onlar Qafqaz Müsəlmanları İdarəsinə təqdimat üçün müraciət etmişdilər: «Görünür ki, idarə sənədlərimizi komitəyə göndərməyib».

Dini İşlər üzrə Dövlət Komitəsi indiyə qədər xristian, yəhudi dini icmalarının da daxil olduğu 120 dini icmanı qeydə alıb. Onların çoxu müsəlman dini icmalarıdır.
XS
SM
MD
LG