Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:41

2009-cu il nə ilə yadda qaldı?


“Eurovision” mahnı yarışması - 2009”-un ayağı düşərli oldu. Azərbaycan təmsilçiləri Aysel və Araş 3-cü yeri qazandılar
“Eurovision” mahnı yarışması - 2009”-un ayağı düşərli oldu. Azərbaycan təmsilçiləri Aysel və Araş 3-cü yeri qazandılar
İstəsək də, istəməsək də, yaşadığımız daha bir ilin sonuna gəldik. Azadlığın «İz»i üçün bu 6-cı ilin yekunudur.

Geriyə boylanmaq həmişə xoş olmasa da, veriliş boyu bunu etməyə çalışacaq, 2009-cu ilin ən yaddaqalan mədəniyyət olaylarını xatırlamalı olacağıq.
2009-cu il də mədəniyyət olayları ilə zəngin oldu desək, yanılmarıq. Yaşadığımız günlərdə və aylarda bunun fərqinə varmasaq da, ilin sonundan geri boylananda, 25 dəqiqəlik bir proqrama sığışmayacaq hadisələrin şahidi olub təəccüblənirsən...

Yanvarın 31-də Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 125 illiyi tamam oldu
Elə isə, bir ili bir proqrama sığışdırmaq təcrübəmizi xatırlayıb işə başlayaq...

2009-cu ilin ilk ayı çox önəmli bir yubileyin qeyd edilməsi ilə başladı. Yanvarın 31-də Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 125 illiyi tamam oldu. Rəsmi Bakının gözardı etdiyi bu yubiley vətəndaş təşəbbüslərini söndürə bilmədi: Biri Rəsulzadənin yubiley təqvimini buraxdı... Biri onun portretini çəkməyə başladı... Biri də - jurnalist Nəcibə Bağırzadəni deyirəm—Məhəmməd Əmin Bəy haqqında kitab yazdı, istiqlal və cümhuriyyət qurucusunun yaşam və mübarizə tarixinə göz atdı...

Yaşadığımız il bir sensasiyalı olayla da yaddaşlara köçdü. 26 Bakı komissarlarının Sovetlər dönəmində «qürur yerinə» çevrilmiş «şöhrətli» abidə kompleksi ömrünü tam başa vurdu. 26-ların məzarları Hövsan qəbiristanlığına köçürüldü. Ən acınacaqlısı, 26-lar 23 nəfər çıxdılar! Bu sensasiyalı açıqlama bütün ilboyu medianın gündəmindən düşmədi.

Bolşeviklərin tarixi saxtalaşdırmağı hədəfləyən bu məşhur yalanının üstündəki sirr pərdəsi tam açılmadı. 26-lar bağı «Sahil bağı» adı ilə yenidən quruldu. Türk Hərəkatı İctimai Birliyi ölkə prezidentinə müraciət göndərdi.
26 Bakı komissarlarının Sovetlər dönəmində «qürur yerinə» çevrilmiş «şöhrətli» abidə kompleksi ömrünü tam başa vurdu
Müraciətdə Bakı azad olundudan sonra həmin bağda Nuru Paşanın bayram mitinqi düzənlənməsi, ora «Hürriyət bağı» adı verilməsi təklifi ilə çıxış etdiyi vurğulandı. Ancaq bağa nə Nuru Paşanın, nə Hürriyət adı verildi...

İlin başlanğıcı bir neçə qiymətli nəşrlərin işıq üzü görməsi ilə də yadda qaldı. Bakı Slavyan Universitetində «Filoloqun kitabxanası—100» - Türkologiya seriyasından Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın «Hilyətül-İnsan və Həlbətül –Lisan» kitabı çapdan çıxdı. Mahmud Kaşğarinin dünyaca ünlü «Divan»ından 200 il sonra yazılan bu kitab ərəbcə-farsca, ərəbcə-türkcə, ərəbcə-monqolca sözlüklərdən ibarətdir. Sözlərin ayrı-ayrı dillərdəki qarşılığını, həm də müqayisəli xüsusiyyətlərini araşdıran lüğətin tərcüməçisi, qeyd və şərhlərin müəllifi filologiya doktoru, prof. Tofiq Hacıyevdir.

Daha bir kitab-qədim türk tayfalarından olan «Avşarlar» barədə kitab çapdan çıxdı. Kitabın müəllifləri Ənvər Çingizoğlu və Aydın Avşar, elmi redaktoru Vüqar Qaradağlıdır.

İlin başlanğıcı türk dünyasını itkilərlə də üz-üzə qoydu - Azərbaycan əsilli türkoloq alim İren Melikoff dünyasını dəyişdi. 1917-ci il noyabrın 7-də inqilabla birgə Peterburqda doğulan xanım İren iki yaşından ailəsi ilə birgə Finlandiyaya, oradansa həmişəlik Fransaya köçmüşdü. Xanım Melikoff Parisdə Sarbon universitetini bitirdi, Şərq dilləri Məktəbində dövrünün tanınmış türkoloqlarından dərs aldı və sonralar özü də dünyaca ünlü türkoloqa çevrildi. Ən önəmlisi, həmyaşıdı Oktyabrdan çox yaşadı, onun dünyaya səs salan çöküşünü də gördü...
Dostu Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin məzarı önündə


Daha bir itki ilin əvvəlini yasa boğdu. Azərbaycan ədəbiyyatı bir sənət nəhəngini itirdi. Xalq şairi Bəxtiyar Vahabzadə fevralın 13-də 84 yaşında dünyasını dəyişdi. AzadlıqRadiosunun bütün proqramları bu ünlü şairin xatirəsini andı. «İz» proqramı ona «Ulduzlar sönmür» radio dastanını bağladı...

Nobel mükafatçısı İosif Brodski ilin əvvəlində Azərbaycan türkcəsində danışdı. Şeirləri çevirən və ön sözün müəllifi Səlim Babullaoğludur.

Yadımdan çıxmamış söyləyim ki, hər ilin sonu sənət adamlarına telefonla ünvanladığımız sual yenə də dəyişməz qalıb: Sizin fikirinizcə, ilin ən önəmli mədəniyyət olayı hansıdır?

Sualı elə yazıçı Səlim Babullaoğlu cavablayır:

Mənim üçün ilin ən yaddaqalan hadisə “525-ci qəzet”lə birgə hazırladığımız kitab seriyasıdır. Ötən il Elxan Zalla birlikdə media rəhbərlərinə müraciət etdik ki, hər biriniz, tutalım, ayda 200-300 manat xərcləməklə, həm dünya, həm də Azərbaycan ədəbiyyatı müəlliflərinin əsərlərini kiçik formatda çap edib, öz qonaqlarınıza, abunəçilərinizə paylaya bilərsiniz. Öz imicinizi formalaşdıra bilərsiniz. Bu müraciətə ilk reaksiya “525-ci qəzet”in redaktoru Rəşad Məciddən gəldi.

İlin başlanğıcı daha bir ilkin əsasını qoydu. Ölkədə ilk kitabxana-kitab mağazası açıldı. Bilməyənlərə xatırladaq ki, kitabxana-mağazanın açıldığı M.M.Seyidzadə adına uşaq kitabxanası şəhərin mərkəzində - Nizami küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşir.

İl Azərbaycan aşıqları üçün də uğurlu gəldi. Aşıqlarımız Avropaya çıxdılar, hətta Luvrda konsert də verdilər. “İz” proqramı bu barədə veriliş də hazırladı.
İlin səxavət payından doğma şəhərimizə də pay düşdü. Bakı bir il İslam mədəniyyətinin baş şəhəri oldu. Bakı bu adı necə doğrultdu? İslam mədəniyyətinin paytaxtı rolunu necə oynadı? Türk dünyası “Yom” dərgisinin Azərbaycan təmsilçisi Nizami Zöhrabi AzadlıqRadiosunun bu sualını belə cavabladı:

Bakı islam mədəniyyətinin paytaxtı olduğu ildə xoşa gəlməyən bəzi şeylərlə üzləşdi. Əslində, ötən il olmayan işlər bu il oldu. Tutalım, keçən il camelər bağlanmadı, bu il qapadıldı, söküldü, dağıdıldı...Mənim fikrimcə, şəhərimizin islam mədəniyyətinin paytaxtı olması Azərbaycanı dünyaya tanıtmaq üçün bir vəsilə idi. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi bu sarıdan bir çox işlər görmüşdü. Amma bir az təcrübəsizlik də var idi. Bu da gələcək illərdə, inşallah, inanıram ki, aradan qalxacaq. Elə şeylər var ki, onlarla razılaşa bilmirsən. Məsələn, əgər Bakı islam mədəniyyətinin paytaxtı idisə, burada keçirilən tədbirlərdə niyə bəzən islami dəyərlərə zidd olan şeylər müşahidə olunurdu?

Novruzqabağı uzun illərdir haqqında söhbət açılan Cabbar Qaryağdıoğlu sənədli filminin (rej. Kəmalə Musazadə) təqdimatı oldu. “İz” proqramı təqdimat günü Cabbar əminin qızı Şəhla xanımla da görüşüb söhbətləşdi.
Bakıda novruzqabağı Beynəlxalq Muğam festivalı keçirildi


Bakıda novruzqabağı Beynəlxalq Muğam festivalı keçirildi. Dünyanın hər tərəfindən gələn muğam biliciləri Bakıda toplaşdılar.

Ömər Xəyyamın “Rübailər” kitabı nəfis tərtibatda Azərbaycan türkcəsində çıxdı. Kitabın naşiri iş adamı Əli Polad, elmi redaktoru prof. Kamil Vəli Nərimanoğludur. Kitaba xalq artisti Fuad Poladovun ifasında Xəyyam rübailəri yazılmış disk də əlavə edilib.

İl nə ilə yadda qaldı? Araşdırıcı Ramiz Əsgər:

Mənim üçün ilin iki yaddaqalan hadisəsi var. Biri Mahmud Kaşğarinin “Divan”ının rus dilinə tərcüməsi və çapını hazırlamağım, ikincisi Türk Dünyasına Xidmət ödülü almağım.

Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallı 100 yaşına çatdı. Nə yazıq ki, yüzün cəmi 23-ünü yaşamaq onun nəsibi oldu...Ancaq gördüyü işlər, yazmağa macal tapdığı saysız əsərlər və ən önəmlisi Azərbaycan var olduqca yaşayacaq “Ölkəm” romansı onun adını tarixə yazdı...

“Eurovision” mahnı yarışması - 2009”-un ayağı düşərli oldu. Azərbaycan təmsilçiləri Aysel və Araş 3-cü yeri qazandılar
Moskvada yaşayan ünlü yazıçı Çingiz Hüseynov 80 yaşına çatdı. “İz” proqramı onun yubileyinə “Qocaman qərib” dastanını bağladı.
İllərdir nəşri ləngiyən “Molla Nəsrəddin” dərgisinin 4-cü cildinin çıxması yazın ən könül oxşayan xəbərlərindən oldu. “İz” proqramına bu xəbəri MEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli çatdırdı.

“Eurovision” mahnı yarışması - 2009”-un ayağı düşərli oldu. Azərbaycan təmsilçiləri Aysel və Araş 3-cü yeri qazandılar.

Görkəmli Azərbaycan şairi Səməd Vurğunun qızı, onun adını daşıyan mənzil muzeyin direktoru Aybəniz xanım Vəkilova dünyasını dəyişdi...

Əkrəm Rəhimlinin «Seyid Cəfər Pişəvəri» kitabı çapdan çıxdı. “İz” proqramı kitabın müəllifini verilişə çağırıb, “Təkləmiş demokrat” radio-dastanını hazırladı. Pişəvəri şəxsiyyətinə dinləyici marağı onun ardınca daha bir verilişin - “Təklənmiş demokrat necə öldürüldü?” sualını cavablayacaq verilişin yaranmasına səbəb oldu...

Tanınmış Yazıçı İsmayıl Şıxlının “Dəli Kür” romanı Türkiyə türkcəsində danışdı. Az qala yarım əsrdir Azərbaycan oxucusunun sevimli romanına çevrilmiş bu əsəri Türkiyə türkcəsinə ədəbiyyatımızın dostu Yasemin Bayer çevirdi.

Milli mətbuat günü bir neçə dəyərli kitabların nəşri ilə yadda qaldı. 1906-18-ci illərdə senzor işləmiş Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatına dair materiallar”(rusca) kitabı uzun illərin susqunluğundan sonra danışdı. Bu kitabı dilimizdə səsləndirəcək birisinə ehtiyacımız olduğunu düşünürük. Pərvanə Məmmədli “Cənubi Azərbaycan mətbuatı tarixi”ni yazdı. Akif Aşırlı isə çoxdandır yolu gözlənilən “ Azərbaycan mətbuatı tarixi—1875-1920-ci illər” kitabını ortaya qoyaraq, Mətbuat Bayramını şənləndirdi.

Azərbaycanın «Koramal» filmi Serbiyada keçirilən VIII Dokufest festivalının xüsusi mükafatını aldı.

2009-cu ilin yayı bir əlamətdar hadisə ilə də yadda qaldı. Ölkənin baş məclisində, nəhayət ki, “Təhsil haqqında Qanun” qəbul olundu. Yeni Qanun ekspertlər tərəfindən birmənalı qarşılanmasa da, Qanunu varlığı çoxlarını rahatlatdı.

Faiq İsmayılovun İşğal altında olan Azərbaycan ərazilərdəki mədəniyyət abidələrindən bəhs edən “Məcburən erməniləşdirilmə” kitabı çapdan çıxdı. Abidələrimizin başına açılan mədəni soyqırım ürəyimizi dağladı...

Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanov 100 yaşına çatdı. “İz” proqramı vaxtsız dünyasını dəyişmiş bu böyük rejissora “Ölülər və Ölümsüzlər” dastanını həsr etdi.

2009-cu ilin ən yaddaqalan mədəniyyət olayı hansı oldu? Teatrşünas Məryəm Əlizadə:

İlin ən yaddaqalan hadisəsi “Yuğ” teatrında A.P.Çexovun “Albalı bağı” pyesi əsasında səhnələşdirilən “Birinci akt” tamaşası idi. Tamaşa haqqında resenziya da yazdım. Mənim üçün bu bir teatr hadisəsi idi, tamamilə yeni baxış idi. Rejissor yozumu çox fərqli idi. Dünya rejissorlarının Çexova münasibətinə bələd olan bir adam kimi deyə bilərəm ki, bu fərqli tamaşa idi.
Azərbaycanın görkəmli teatr rejissoru, həm də haqqında söhbət gedən tamaşanın rejissoru, “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu 60 yaşını tamamladı


Azərbaycanın görkəmli teatr rejissoru, həm də haqqında söhbət gedən tamaşanın rejissoru, “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu 60 yaşını tamamladı. Və təbii ki, “proqramımızın qonağı oldu. Vaqif bəy ilk dəfə həyat tarixçəsini , keçdiyi yolu bizlərə danışdı. Və 16 yaşdan bəri arzuladığı müstəqilliyə qovuşduğu üçün özünü xoşbəxt sandığını söylədi...

Üzeyir bəyin bir əsrdir dünyanı dolaşan “Arşın mal alan” operettası Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda tamaşaya qoyuldu. Şux əlbisələr, fərqli ifa tərzi sərgiləyən qəhrəmanlar, hər zaman dəyişən dekorasiyalar, ən qəribəsi sevgi qanadlarında səhnədə, sözün əsl mənasında, uçan iştirakçılara münasibət birmənalı olmadı. Proqramımıza qonaq olan rejissor Elvin Mirzəyev yeni quruluş barədə fərqli düşünənlərə cavab verdi.

Azər Turanın 37-ci ilin qurbanlarından olan türkşünas Xalid Səid Xocayev haqqında kitabı çıxdı. Xatırladaq ki, Xalid Əfəndi Kaşqarlı Mahmudun “Divan”ını ilk dəfə dilimizə çevirən şəxsdir. Təəssüf ki, o tərcümə hələ də, tapılmayıb...

Azərbaycan legionçularının başçısı, AzadlıqRadiosu Azərbaycan xidmətinin baş redaktoru Ə.Düdənginski-Fətəlibəylinin öldürülməsindən 55 il ötdü. Onu 1954-cü il noyabrın 20-də Azərbaycandan DTK-nın göndərdiyi bir nəfər Münhendəki mənzillərdən birində qətlə yetirmişdi. ”İz” proqramı ona daha bir veriliş həsr etdi və verilişin qonağı yazıçı Həmid Herisçi Ə.Düdənginskini “Azərbaycanın ilk şəhid jurnalisti” adlandırdı...

Vəcihə Səmədova adına Sərgi Salonunda ötən ildən ABŞ-da yaşayan rəssam İsmayıl Məmmədovun Vətəndən uzaqda çəkdiyi əsərlərin sərgisi keçirildi. İsmayıl bəy Vətənçün darıxanda, göydəki aya-ulduza baxdığını söylədi: “Onlar hər yerdən göründüyü üçün məni Vətənimə qaytarır”...
İlin ən yaddaqalan hadisəsini araşdırıcı Nəsiman Yaqublunu dilindən eşidək:

Polşada-Varşavada M.Ə.Rəsulzadənin 125 illik yubileyinin keçirilməsi ilin ən yaddaqalan hadisəsi oldu. Mən özüm də orada iştirak edirdim. Polşalı, Avropalı tədqiqatçılar M.Ə.Rəsulzadənin böyük bir şəxsiyyət olduğunu elmi əsaslarla sübut etdilər. Çox maraqlı bir elmi konfrans oldu. Məhəmməd Əmin Bəy haqqında dəyərli çıxışlar edildi. Azərbaycandan—Slavyan universitetindən Fuad müəllim, BDU-dan Azad müəllim qatılmışdılar. Polşada təhsil alan Azərbaycanlı tələbələr də orda idilər. Bir də, Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev konfransda iştirak edirdi.

Bənzərsiz rəssam Səttar Bəhlulzadə 100 yaşına çatdı. UNESKO –nun qərarı ilə bu il Səttar Bəhlulzadə ili elan edildi. Tanınmış sənətşünas Ziyadxan Əliyev onun haqqında “Sənətin Məcnunu “kitabını yazdı.

Mətbuatımızın ağsaqqalı, həm də ən görkəmli araşdırıcısı Şirməmməd Hüseynov 85 yaşını tamamladı. AzadlıqRadiosu sevimli müəllimimizi yubileyində də tək buraxmadı. Şirməmməd müəllim “Can Bakı” proqramının qonağı oldu. Yaradıcılıq həvəsi aşıb-daşan Şirməmməd Hüseynov ilin ən son günlərində Ü.Hacıbəylinin “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adlı bir kitab da buraxdı. Bu barədə danışmaq qoy 2010-cu ilin ilk “İz”lərinin payına düşsün...

Dekabrın 16-da ünlü cazmen Vaqif Mustafazadənin qəfil ölümündən 30 il keçdi. Caz Mərkəzi bu münasibətlə böyük mərasim düzənlədi. Vaqif Mustafazadənin mənzil muzeyinin yeni saytının açılşı, onun 70-ci illərdə yaratdığı “Sevil” ansamblının təzədən yaradılması ürək sevindirdi.
Sevimli yazıçımız Əlibala Hacızadə vəfat etdi


İtkilər təkcə söylədiklərimizlə yaxamızı buraxmadı. İlin əvvəlində tanınmış yazıçı Sabir Əhmədli, ortasında Əlibala Hacızadə, ən sonunda mətbuatımızın şöhrətli isimlərindən olan Azad Şərif həyatlarını itirdilər...

2009-cu il yubiley qutlamalarına görə sələflərindən heç də geri qalmadı.

İlə səpələmiş yubiley tədbirlərini bir verilişin çərçivəsinə sığışdırmaq mümkünsüzdür...

Vəssalam. Bir ili bir verilişə sığışdırmaq səylərimiz bitir.

“İz”in yaradıcıları - mən aparıcı Sevda İsmayıllı, səs bəzəkçisi Turqut Məmmədli və prodüser Zeynal Məmmədli düz bir illiyə sizdən ayrılır və hər zaman söylədiyimiz kimi, “Azadlığın “İz”i Sizlərin izidir” deyirik.
XS
SM
MD
LG