Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:55

4 siyasi məhbus əfv olundu


Hüquq müdafiəçisi Səidə Qocamanlı
Hüquq müdafiəçisi Səidə Qocamanlı
Prezidentin sərəncamı ilə əfv olunan 99 nəfərin arasında Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus hesab etdiyi 4 nəfər də var.

Hüquq müdafiəçisi Səidə Qocamanlı jurnalist Müşfiq Hüseynovun əfv olunmasını sevindirici hal sayır:

«Çünki onun səhhəti bizi çox narahat edirdi. Digər 3 nəfər isə Musa Rahim (o, da ağır xəstədir), Surət Hüseynovun işi üzrə keçən Bəxtiyar Məmmədov, bir də Akif Hüseynovdur. Bu il ərzində bu, birinci əfv fərmanıdır. Çox təəssüflər olsun ki, o, Ruslan Bəşirliyə, səhhətində problem olan Müşfiq Mədətova, OMON-çulara və başqalarına şamil edilmədi».

Səidə Qocamanlı bildirir ki, 25 nəfər siyasi məhbusdan həbsdə 21-i qaldı. Ancaq bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsdə olması siyahının yenidən böyüməsi ehtimalını artırır.

Hüquq müdafiəçisi Arzu Abdullayeva isə deyir ki, Bəxtiyar Məmmədov Surət Hüseynovun işi ilə əlaqədar axtarışda olanlardan idi:

«2 il əvvəl o, hökumətin çağırışına əsasən özü hüquq-mühafizə orqanlarına təslim olmuşdu. Sonra onu həbs etmişdilər. İkinci şəxs - Musa Rəhim itaətsizlik göstərib divara «Azadlıq» sözü yazaraq etirazını bildirdiyi üçün həbs edilmişdi. Keçmiş OMON-çu Akif Hüseynov isə bundan əvvəlki əfvdə şərti olaraq azadlığa buraxılmışdı. İndi tam azad olundu».

Arzu Abdullayeva deyir ki, Əfv Komissiyasının üzvlərindən eşitdiyinə görə, siyahı əvvəl böyük olub. Bütün jurnalistlərin, eləcə də bloqqerlərin adları orada olub:

«Sanki, kimsə bilərəkdən onların adlarını ordan çıxarıb. Hər halda, bildiyimə görə, Əfv Komissiyası siyahını prezidentə təqdim edəndə, jurnalistlərin adı orada olub. Kimi saxlayıb, kimi çıxarmaq isə prezidentin səlahiyyətində olan məsələdir».
XS
SM
MD
LG