Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:41

«Serbaz» fəhlələrin maaşını niyə verə bilmirmiş?


Bosniyalı fəhlələr Badamdar qəsəbəsindəki ikimərtəbəli villada, 23 oktyabr 2009
Bosniyalı fəhlələr Badamdar qəsəbəsindəki ikimərtəbəli villada, 23 oktyabr 2009
«Serbaz» şirkəti fəhlələrin pulunu ona görə verə bilməyib ki, şirkət Azərbaycan prezidenti üçün nələrisə etməli idi» - bunu AzadlıqRadiosuna həmin şirkətin rəhbəri olduğu bildirilən Milan Vuçenoviçin qardaşı, şirkətin Azərbaycan üzrə direktoru Bojidar Vuçenoviçin ailəsindən deyiblər. Həmin şəxsin dediyinə görə, onların şirkəti aeroport yolunda «Buta-Palas»ı və Mingəçevirdə böyük bir mərkəz tikib.

Bir sözlə həmin şəxs «Serbaz» şirkətinin Milan və Bojidar Vuçenoviç qardaşlarına məxsusluğunu təsdiqləyir və Deyan adlı bir nəfərin də bu şirkətə şərik olduğunu deyir. Araşdırmalarımızdan məlum oldu ki, Azərbaycanda dövlət sifarişini yerinə yetirən, ancaq fəhlələrə əməkhaqqı vermədiyi bildirilən bu şirkət Rusiya və Hollandiyada qeydiyyatdan keçib. Şirkətin mərkəzi ofisi isə Moskvada yerləşir. Şirkətin Azərbaycanlı şəriki olmasını həmsöhbətimiz təsdiqləmədi.

PULLARIN HARA XƏRCLƏNMƏSİNDƏN SİZİN NAZİR XƏBƏRDARDIR


Bütün görülən işlərə dövlətin pul ayırıb-ayırmadığına gəlincə, həmsöhbətimiz bildirdi ki, həmin pulların hara xərclənməsindən sizin nazir xəbərdardır.

Həmin şirkətinin aeroport yolunda «Buta-Palas» və Bakının Mərkəzindəki Ticarət Mərkəzini hansı qurumun sifarişi ilə tikdiyini dəqiqləşdirə bilməsək Mingəçevirdəki Avarçəkmə bazası
Gənclər və İdman Nazirliyinin sifarişilə həyata keçirir.

Amma adı çəkilən nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bu barədə məlumatsız olduqlarını deyir:

- Məndə bu barədə məlumat yoxdur.
- Nazirlikdən bu məsələ ilə bağlı kiminlə danışa bilərik?
- Heç kiminlə. Çünki bu barədə heç kimdə məlumat yoxdur. Ümumiyyətlə mən inanmıram ki, bizim bu işə müdaxiləmiz var.

FƏHLƏLƏRƏ VERİLƏSİ PULLARIN TALEYİ

Rəsmi məlumatlara görə, Mingəçevirdəki Kür Avarçəkmə Olimpiya Bazasını müqavilə əsasında Serbiyanın «Serbaz» şirkəti tikir və həmin tikintidə 100-dən çox mütəxəssis çalışır. Onların arasında əcnəbilərin də olduğu bildirilir. Baza 2010-cu ilə tikilib istifadəyə verilməlidir. Burda sifarişçi Gənclər və İdman Nazirliyidir. Elə bu səbəbdən də «Serbaz» şirkətin nümayəndəsi deyir ki, fəhlələrə veriləsi pulların taleyindən həmin nazirlik xəbərdardır.

Əsasən Bosniya və Herseqovina, Serbiya və Makedoniya vətəndaşlarının çalışdığı tikinti şirkəti Bakının mərkəzində, Mərkəzi Bankın arxasında Ticarət Mərkəzi də tikir. Elə altı aydan bəri maaş ala bilməyən narazı əcnəbi və yerli fəhlələr hər üç obyektdə çalışanlardır.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin məlumatına görə, adı çəkilən yerlərdə çalışan və Azərbaycana turist vizasıyla gətirilən fəhlələrin sayı 700 nəfərdir.

KöLƏ KİMİ SAXLANAN FƏHLƏLƏR


Onlardan 300 nəfərinin bir müddət əvvəl Respublikanın baş prokuroru Zakir Qaralova ünvanladığı müraciətdə aylarla maaşlarının verilməməsindən, tikilməkdə olan Ticarət Mərkəzində rəhbərliyin və ayrı-ayrı şəxslərin zorakılıqlarına məruz qalmalarından yazıblar. Baş prokurora edilən müraciətdə qeyd olunur ki, onlara qarşı olan zorakılıqlar, polis nəzarətində saxlanan «Ticarət Mərkəzi» kimi tanınan tikintidə baş verib.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir o, iki-üç ay əvvəl bir dəfə bu məsələyə münasibətini bildirib.

«Bilmirəm hansısa qəzetdən bizə zəng vurmuşdular ki, xarici fəhlələrə hansısa işgəncələr verilər, azadlıqdan məhrum edirlər. Bu hardasa iki-üç ay bundan əvvəl olmuşdu».

Amma bu məsələ ilə bağlı hansısa tədbirlərin görülməsinə gəlincə, prokurorluq rəsmisi deyir ki, məktublar şöbəsinə hər gün xeyli müraciətlər olduğundan həmin məktubun kim tərəfindən və nə vaxt göndərildiyi deyilsə, onda bu məsələ barədə nəsə deyə bilər.

Hələ bir müddət əvvəl AzadlıqRadiosu həmin şirkətin fəhlələrinin acınacaqlı vəziyyətdə, ac-susuz Badamdar qəsəbəsindəki ikimərtəbəli villada kölə kimi saxlandığını üzə çıxarmışdı. Fəhlələrin həmin vaxt AzadlıqRadiosuna dediyinə görə, onların altı aylıq əmək haqqlarının az bir hissəsi verilərək 5-10 nəfərlik qrup halında məcburi şəkildə ölkədən çıxarılırlar. Fəhlələrin həmin vaxt bizə dediyinə görə, hətta onlardan iki nəfəri, biri Mingəçevirdə, digərisə Bakıda vəfat edib. Amma onlara öz iş yoldaşları ilə vidalaşmağa belə imkan verməyiblər.
XS
SM
MD
LG