Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

İran gələn ilin əvvəlindən Azərbaycanla viza rejimini ləğv eləyir


Bakıda İran konsulluğu qarşısında növbə
Bakıda İran konsulluğu qarşısında növbə
İran gələn ilin əvvəlindən Azərbaycan üçün viza rejimini ləğv eləyir. İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami deyir ki, hər iki ölkənin 700 km-dən çox birgə sərhədi var və sərhəd boyunca qohum-əqrəbalar yaşayır:

«HƏR İKİ MİLLƏTİN YÜZ FAİZLİK HAQQIDIR Kİ, BİRİ DİGƏRİNİN ÖLKƏSİNƏ RAHAT GEDİB-GƏLSİN»

- Bizim həmsərhəd olan şəhərlərimizin İran tərəfindən olan əhalisinin dili Azərbaycan dilidir. Bir sualımız var! Bizdən başqa, hansı iki ölkənin arasında belə dərin müştərək cəhətlər var? Təbii ki, hər iki ölkənin, hər iki millətin yüz faizlik haqqıdır ki, biri digərinin ölkəsinə rahat gedib-gəlsin.

Səfir deyir ki, Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı bağlanan müqavilələrdən biri də iki ölkə arasında gediş-gəlişin asanlaşmasıyla bağlı olub. İndi də İran bu müqavilədə öz öhdəsinə düşəni yerinə yetirir.

Məhəmməd Bağır Bəhrami deyir ki, İrana ziyarətə gəlmək və ya qohum-əqrəbasını görmək istəyənlər, o cümlədən, həkimə ehtiyacı olanlar artıq onun ölkəsinə sərbəst girə biləcəklər.

«VİZA REJİMİ LƏĞV OLUNANDAN SONRA BURAXMAYACAQLAR»

Amma Lənkəran sakini, 60-70 yaşlarında olan Məsimə xala bu xəbərdən heç sevinmir də. Baxmayaraq ki, qızına viza almaqda problemlə üzləşib, sevinməməyinin səbəbini belə izah eləyir:

- Mən İrandan mal alıb gətirirəm, indi viza rejimi ləğv olunandan sonra buraxmayacaqlar.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami
Məsimə xalanın adını söyləməyən qohumu da onun sözünə qüvvət verir:

- İndi beş qəpik çörəkpulu çıxarırdı, indi çıxara bilməyəcək. Naxçıvanda elədilər, ildə 80 dollarlıq mal keçirə bilər. İndi qoymayacaqlar. Əvvəl maraqları vardı, indi yox.

Viza rejiminin ləğvi xəbərini eşidib İran konsulluğuna gələn də var:

- Eşitdim, amma burda dedilər ki, elə bir şey yoxdur.

- Niyə getmək istəyirsiz İrana?

- Xəstə aparıram.

- Birinci dəfədir?

- Yox, üçüncü dəfədir gedirəm.

AZƏRBAYCAN VƏTƏNDAŞLARININ ƏKSƏRİYYƏTİ QONŞU ÖLKƏYƏ DAHA ÇOX MÜALİCƏ MƏQSƏDİYLƏ GEDİR


Bakının Yasamal rayonunda, metronun «Nizami» stansiyasının yaxınlığında yerləşən konsulluq ətrafındakı İrana viza düzəltməyə xidmət göstərən firmaların birində deyirlər ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti qonşu ölkəyə daha çox müalicə məqsədiylə gedir. Adının çəkilməsini və səsinin yazılmasını istəməyən həmsöhbətimiz deyir ki, viza rejiminin ləğvi həm həkimə gedənlərə problem yaradacaq, həm də onların işi artıq lazımsız olacaq:

«SƏRHƏDDƏN KEÇMƏK ÜÇÜN UZUN NÖVBƏLƏR YARANACAQ»


- İşimiz dayanacaq deyəndə, əslində, viza rejimi olmayandan sonra daha bizim firmanın xidmətinə ehtiyac yoxdur. 1 aylıq vizanın qiyməti 35-40 avrodur. Bizim xidmət haqqı isə 6 manatdır. İndi gələn ildən viza rejiminin ləğv olunması həkimə gedənlərə problem yaradacaq.
Sədrəddin Soltan
Həm İran, həm də Azərbaycan tərəfində bir kompyuter var, sərhəddən keçmək üçün uzun növbələr yaranacaq.

Viza rejiminin ləğvinə ekspertlərin münasibətləri çox da fərqlənmir. Məsələn, Sədrəddin Soltan hesab eləyir ki, İranın bu jesti daha çox öz ölkəsinin azərbaycanlı əhalisinə ünvanlanıb:

- Yəni, görürsüzmü, biz Azərbaycan vətəndaşlarının İrana gəlməsini asanlaşdırırıq.

«İnkişafa Baxış» Araşdırmalar Mərkəzinin rəhbəri Niyaz Yaqubluya görə də, İran azərbaycanlı əhalisində özünə loyallıq yaratmaq istəyir.

«İRAN BU ADDIMIYLA ÖZ MİLLİ MARAQLARINI QORUYUB»

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxovun fikrincə də, İran bu addımıyla öz milli maraqlarını qoruyub.

Azərbaycan necə, qarşılıqlı addım ata bilərmi?

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami yerli hökumətdən bu addımı gözlədiklərini bildirib. Elxan Poluxov isə belə bir təklif onlara daxil olacağı halda buna baxılacağını söyləyib.

Yanvarın 1-dən qüvvəyə minəcək qaydalara görə, İrana sərbəst daxil olan Azərbaycan vətəndaşı orda 1 ay qala bilər. Əgər bu qayda özünü doğrultsa, İran müddəti 3 aya qaldıracaq. İran Türkiyə ilə də viza rejimini ləğv edib. Azərbaycan vətəndaşları isə indiyə kimi MDB ölkələrindən başqa Türkiyəyə vizasız gedib-gələ bilirlər.

Bu ilin son doqquz ayı ərzində Azərbaycandan İrana getmək üçün 35 min adam viza alıb.
XS
SM
MD
LG