Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:41

İsa Qəmbər getdiyi teatrın adını nədən açıqlamır?


Başqan deyib ki, bir neçə dəfə bəyəndiyi tamaşaların adını çəkəndən sonra o teatrların rəhbərlərinin hökumətin qara siyahısına düşdüyündən xəbər tutub
Başqan deyib ki, bir neçə dəfə bəyəndiyi tamaşaların adını çəkəndən sonra o teatrların rəhbərlərinin hökumətin qara siyahısına düşdüyündən xəbər tutub
BAKIDA KOROĞLU HEYKƏLİ

Tez-tez atası Heydər Əliyevin heykəllərinin açılış mərasiminə qatılan Azərbaycan prezidenti İlham Əliyev ötən həftə xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı sərəncam verib. Təkliflərini hazırlamaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir ay vaxt verilib. Prezident sərəncamında yazılıb ki, Koroğlunun abidəsinin ucaldılmasında məqsəd milli-mənəvi dəyərlərin qorunması, gənclərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasıdır.

NEMƏT SİYASƏTƏ QAYIDIR

Azərbaycan siyasi məkanının ən qalmaqallı simalarından Nemət Pənahlı ötən həftə yenidən siyasət aləminə qayıtmağa qərar verdiyini açıqlayıb. Pənahlı deyib ki, güneyli-quzeyli Azərbaycan xalqı öz tapdanan haqlarını qorumaq üçün mübarizəsini gücləndirməlidir. Sovetlər dönəmində Bakıdakı leytenant Şmidt zavodunun fəhləsi kimi milli-azadlıq hərəkatında qoşulan, sonradan Heydər Əliyev hakimiyyəti illərində Prezident Aparatında çalışan, ardınca seçki saxtakarlığına etiraz edərək istefa verən Nemət Pənahlı bir müddət biznesə də baş vurub. Ancaq siyasət aləmindəki ziqzaqlar onun biznes işində də təkrarlanıb. Dediyinə görə, siyasətə qayıtmaq qərarına həm də rəsmi dairələrin biznes qurmasına imkan vermədikləri üçün gəlib. Sitat: «İndi yaşamaq uğrunda mübarizə aparırıq. Şəxsi problemlərimi siyasətə gətirmək istəmirəm. Təbii, geniş maddi imkanlarım yoxdur. Ancaq sovet imperiyasına qarşı mübarizə aparanda da maddi durumum bundan yaxşı deyildi. Əsas odur insanın ürəyi, əqidəsi olsun».

İSA QƏMBƏR GETDİYİ TEATRIN ADINI NƏDƏN AÇIQLAMIR?

Müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər isə ötən həftə Azərbaycan mədəniyyəti və şou-biznesilə bağlı suallara cavab verib. İsa Qəmbərə görə, ölkənin mədəni mühiti şou aləminə nisbətən daha süstdür. Müsavat başqanı son dəfə teatra yaz aylarında getdiyini desə də teatr rəhbərliyinə problem yaratmamaq üçün teatrın adını çəkməyib. Başqan deyib ki, bir neçə dəfə bəyəndiyi tamaşaların adını çəkəndən sonra o teatrların rəhbərlərinin hökumətin qara siyahısına düşdüyündən xəbər tutub. Ona görə də daha getdiyi teatrların adını açıqlamır.

İsa Qəmbər eyni səbəbdən getdiyi məclislərdə hansı sənət adamlarının onunla səmimi görüşdüyünü də deməyib.

«QƏHRƏMAN ANA» OLSUN-OLMASIN?

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi «Qəhrəman ana» adının bərpa olunmasını təklif edir. Komitə sədri Hicran Hüseynova Azərbaycan ailələrində durumun hələlik kritik olmadığını desə də bu məsələnin 1-2 uşaqla kifayətlənən ailələr üçün stimula çevriləcəyini düşündüyünü bildirib. O, «qəhrəmanlıq» statusunun 7 uşaq dünyaya gətirən analara verilməsini təklif edib.

«Qəhrəman ana» statusu SSRİ-də 15 uşaq dünyaya gətirən analara verilib. Bu statusu alan ailələrə hökumət avtomobil, müavinət və başqa imtiyazlar verirdi. Statistikaya görə, Azərbaycanda son illər ailələrdə uşaqların sayı kəskin azalıb. Səbəb kimi ölkədəki çoxsaylı sosial problemlər sadalanır.

YUŞŞENKO PİŞİKDƏN İMTİNA EDİB

Jurnalistlərin ötən həftə Ukrayna prezidenti, pişik həvəskarı Viktor Yuşşenkoya bağışladığı pişik xəstəymiş. Yuşşenko saxladığı 6 pişikdən birini itirəndən sonra jurnalistlər yeni pişiyin ona təsəlli olacağını düşünüblər. Ancaq prezident xəstə pişiyi qalan 5 pişiyin sırasına qatmaqdan imtina edib.

Jurnalistlər pişiyi Kiyev bazarından 140 dollara alıblarmış.

«MARDAN PALAS»DA YENİ İLƏ KİM GEDİR?


Azərbaycanəsilli milyarder Telman İsmayılovun Türkiyənin turizm mərkəzlərindən Antalyada tikdirdiyi məşhur «Mardan Palas» hoteli möhtəşəm Yeni il şənliklərinə hazırlaşır. 2010-cu ili Antalyada Türkiyənin meqastarı Tarkanın konserti ilə qarşılamaq istəyənlər bura toplaşacaqlar. Telman İsmayılov və ailə üzvlərinin də mərasimdə olacağı xəbər verilir. Bir nəfər üçün qiymətlər isə təxminən 2500 dollardır. Azərbaycanın turizm şirkətləri də biletlərin satışı ilə məşğuldur. Şirkətlər «Mardan Palas»da Yeni ili qarşılamaq istəyənlərə aviabiletlər də təklif edir.
XS
SM
MD
LG