Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:38

Toni Bleri Bakıya gətirən Piriyevlər kimdilər?


Dekabrın 1-də Britaniyanın keçmiş baş naziri Toni Bler Bakya gəlib. O, Qaradağda metanol zavodunun təməlinin qoyulması mərasimində iştirak edib, sonra da Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Qaradağda tikilən zavodun sahibi AzMeCo şirkətidir. Britaniyanın keçmiş baş naziri Toni Bleri Bakıya gətirən AzMeCo şirkətinin sahibləri – ata-oğul Nizami və Nəsib Piriyevlərdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının mətbuat nümayəndəsi İna Qoretçi deyir ki, “Bler tədbirə özəl şəxs qismində gəlib və AzMeCo-nun qonağıdır”.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura hələ AzMeCo-nun qiyməti daxil deyil.

Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli olaraq, Priryevlərin sərvəti haqda məlumat AzMeCo-nun saytında yerləşdirilib.

Nizami Piriyevin adı 10 ay əvvəl Azərbaycana Amerikada lobbiçilik eləyənlərin sırasında çəkiləndə gündəliyə gəldi. Amerikanın Ədliyyə nazirliyinin arxivində olan sənədlərə görə Azərbaycana 1997-1998-ci illərdə təkcə şirkətlər yox, fiziki şəxslər də lobbiçilik edib.

Nizami Priryev (sağda), Bakı Nobel Neft klubunun üzvləri ilə birlikdə

Sənədlərdə deyilir ki, Azərbaycan hökuməti 1997-ci ildən 1999-cu ilədək Rusiyada yaşayan biznesmen Nizami Piriyevin xidmətindən istifadə edib.

AzMeConun internet saytı yazır ki, Nizami və Nəsib Piriyevlərin Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi var.

51 yaşlı Nizami Priyev Rusiyada Qazpromun bir hissəsi olan StroyTransQazOilda və başqa şirkətlərdə baş direktor vəzifələrində işləyib, 2006-cı ildə isə oğlu Nəsiblə birlikdə Rusiyadan Azərbaycana qayıdaraq AzMeCo şirkətini yaradıb və Bakıda özünün əsas ideyası olan metanol zavodunu reallaşdırmaq qərarına gəlib.

Havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələri sırasından olan layihədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı zavodun tikintisinə 120 milyon dollar kredit ayırıb. Bankın məlumatına görə metanol zavodu layihəsinin ümumi məbləği 300 milyon dollardır, qalan pulu Azərbaycan Beynəlxalq Bankı verməlidir.

AzMeCo-nun internet saytı isə Toni Blerin Bakıya – təməlqoyma mərasiminə gəlməsini keçmiş baş nazirin iqlim dəyişikliyi ilə mübarizə layihələrinə maraq göstərməsi ilə izah edir.

Hazırda Bakı ətrafında, Qaradağda təməli qoyulan metanol zavodu “second hand” zavoddur. Amerikanın Texas ştatında 2005-ci ildə sökülən zavod Azərbaycanda yenidən quraşdırılacaq. İllik gücü yarım milyon ton metanol olacaq.

Oğul Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüser və biznesmendir.

Nəsib atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.

Ata və oğul Piriyevlər AzMeConun saytında yazıldığı kimi, bu şirkəti 3 ilin içində “Azərbaycanın özəl sektorunun ən böyük oyunçuları sırasına çıxardıblar”.

Nəyin sayəsində? Və bu beləmi asandır? Bu suallar bir çox ekspertlər üçün açıq qalır.

XS
SM
MD
LG