Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Şirin İbadinin Nobel mükafatını aldılar


Iran hakimiyyəti hüquq müdafiəçisi Şirin İbadinin Nobel mükafatına aid diplomu və medalını müsadirə edib. Norveç Nobel Komitəsinin daimi katibi Geyr Lundestad – bu hadisədən şoka düşdüklərini deyib.

"Biz çox məyus olmuşuq. Hətta şoka düşmüşük. Əlbəttə çoxdandır ki, İran hakimiyyəti ilə Şirin İbadi arasında mübahisə mövcud idi. Amma bu, mübahisədə elə bir addımdır ki, tamamilə yersizdir. İndiyəcən belə şey görünməyib".

Norveçin Xarici İşlər naziri Jonas Gahr Stoere da bildirib ki, Nobel Sülh Mükafatının 108 illik tarixində ilk dəfədir yerli hökumət mükafatı müsadirə edir. O, İranın Norveçdəki müvəqqəti işlər vəkilini Nazirliyə çağıraraq öz etirazını çatdırıb.

Nazir İran nümayəndəsinə son prezident seçkisindən sonra Şirin İbadinin ərinin tutularaq döyülməsindən, onun fəaliyyətini dayandırması tələbilə yaxınlarının təzyiqlərə məruz qalmasından çox ciddi narahatlıq yaşadıqlarını çatdırıb.

Şirin İbadi deyir ki, hakimiyyət onun və ərinin bank hesabını da dondurub və 1,3 milyon dollarlıq Nobel mükafatından 410 min dollar vergi tələb edir.

Hüquq müdafiəçisi İranı iyunun 12-dəki mübahisəli prezident seçkilərindən sonra tərk edərək İspaniyada konfransda iştirak etməyə gedib və geri qayıtmayıb. O, İran hakimiyyətinin seçkidən sonra dinc mitinqçilərə qarşı zor tətbiq etməsini kəskin tənqid etmişdi.

İranın Xarici İşlər Nazirliyi də bu gün bildirib ki, Şirin İbadinin Nobel Mükafatını İranın müsadirə etməsinə qarışmağa Norveçin haqqı yoxdur. Nazirliyin sözçüsü deyib ki, Oslo Tehranı İranın vergi qanunvericiliyini icra etməyə görə tənqid edə bilməz.

XS
SM
MD
LG