Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Bir yer uğrunda 2 nəfər mübarizə aparacaq


Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisində təxminən bir yer uğrunda azı 2 nəfər mübarizə aparacaq.

MSK-nın bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin son sayı ilə bağlı açıqladığı məlumatda deyilir ki, 31 min 861 namizəd qeydə alınıb.

Qurumun mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, seçkiyə 18 partiya öz namizədləriylə qoşulub. Son məlumata görə, bu partiyalardan, məsələn, hakim Yeni Azərbaycan Partiyası 15 388, Böyük Quruluş Partiyası 385, Ümid Partiyası 375, Müsavat 125, Sosial Demokrat Partiyası və Vətəndaş və İnkişaf Partiyası hərəsi 1 namizədlə seçkiyə gedir.

Öz təşəbbüssüylə seçkiyə qoşulanlar arasında da YAP-çılar üstünlük təşkil eləyir. Seçkiyə qatılan YAP-çıların ümumi sayı 17 688-dir.

Bu siyahıda sayı 11 331 olan bitərəflər isə ikinci yerdə gəlir. Digər partiya mənsublarının sayı isə YAP-çılardan dəfələrlə azdır.

MSK sədri Məzahir Pənahov onu da bildirib ki, 500-ə yaxın məntəqə seçki komissiyasında veb-kameralar quraşdırılacaq.

Onun sözlərinə görə, namizədlərin qeydiyyata alınması ilə bağlı şikayətlərə baxılması noyabrın 26-da başa çatacaq. MSK sədri şikayətlərlə bağlı obyektiv qərarlar çıxarılacağını deyib: «Bu günə olan məlumata görə, seçici siyahılarında 4 milyon 590 min nəfərin adı var. Lakin səsvermə gününə qədər bu rəqəmin dəyişməsi də mümkündür».

Ölkə üzrə 1718 bələdiyyə yerinə 15682 üzv seçilməlidir.

Seçkilərdə təbliğat-təşviqat kampaniyası noyabrın 25-dən başlayır. Seçkilər dekabrın 23-də olacaq.
XS
SM
MD
LG