Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Camaatın gözünü qorxutmaqla susdurmaq istəyirlər!


Əvvəlki tezliklə olmasa da, müxalifət yenə də azı ayda bir dəfə kütləvi nümayişlər təşkil edə bilir
Əvvəlki tezliklə olmasa da, müxalifət yenə də azı ayda bir dəfə kütləvi nümayişlər təşkil edə bilir
5 nəfər edam olunacaq, 81 nəfərsə 6 aydan 15 ilə qədər həbs edilir. 12 iyun seçkilərində prezident Mahmud Əhmədinejadın qələbəsinə şübhə edib, etirazlar təşkil edənlər bu cür cəzalar alıblar.

İranın Ədliyyə Nazirliyinin bu cəzalar haqda noyabrın 17-də açıqladığı məlumatda o da qeyd olunur ki, cəza alanlar «ək-sinqilab qüvvələri və terrorçu qruplarla» əlbir olub, İrandakı rejimi yıxmağa cəhd eləməkdə, iğtişaşlar təşkil eləməkdə günahkar biliniblər.

Amma İran müxalifəti və hüquq müdafiəçiləri bu cəzaların ədalətli olmadığını, rejimə qarşı çıxanların gözünü qorxutmaq və seçki nəticələrinə etirazları birdəfəlik yatırmaq məqsədiylə verildiyini deyirlər.

Çünki İranda 12 iyun seçkisindən başlayan etirazlar elə bu ay da davam edib. Əvvəlki tezliklə olmasa da, müxalifət yenə də azı ayda bir dəfə kütləvi nümayişlər təşkil edə bilir. Məsələn, sonuncu dəfə noyabrın 4-də müxalifət tərəfdarları «seçkinin nəticələrinə şübhə etməyin böyük cinayət olduğunu deyən» dini lider Ayətulla Xamaneyi və prezident Əhmədinejad əleyhinə Tehranda nümayiş təşkil eləmişdilər, tutulanlar, döyülənlər olmuşdu.

İranın keçmiş tələbə hərəkatı liderlərindən biri, indi Vaşinqtonda siyasi şərhçilik eləyən Əli Əfşari Tehran məhkəmələrində çıxarılan son qərarları belə şərh edir:

CƏZA ALANLARIN ADLARI İCTİMAİYYƏTƏ AÇIQLANMIR

«Rejim cəmiyyətə nəzarət eləmək üçün qorxu atmosferi yaratmağa çalışır, insanların evlərində oturmasını, səsini çıxarmamasını, etirazlara son verilməsini istəyir. İran edam cəzalarından bu məqsədlə istifadə edir».

Ümumilikdə son qərarla cəzalandırlan 89 nəfərin hamısı, xüsusən də edam cəzası alan 5 nəfər hüquq müdafiəçilərinin məhkəmə tamaşaları adlandırdığı, vəkilsiz, müdafiəsiz proseslərlə günahkar biliniblər. Onlar etirazlar vaxtı həbs edilib, bütün bu vaxtı da gizli yerlərdə həbsdə saxlanılıblar. Bəzən məhkəməyə gətiriləndə də işgəncəyə məruz qaldıqları hiss edilib. Bu cür məhkəmələri keçirilən son 89 nəfərin ancaq 3-ü şərti cəzayla azadlığa buraxılıb.

Ancaq Ədliyyə Nazirliyi cəza alanların adlarını da ictimaiyyətə açıqlamır, sadəcə onu bildirir ki, cəza alanların apellyasiya vermək hüququ var.

Ötən ay da İran rəsmiləri 3 nəfərin Xalq Mücahidləri qruplaşması və monarxistlər - şahın tərəfdarları ilə əlaqəyə görə edam cəzası aldıqlarını bildirmişdilər.

«BU REJİM XALQIN ÖVLADLARINI UZUN MÜDDƏT MƏHBƏSDƏ SAXLAYA BİLMƏZ»

Ancaq İranın İnsan Haqları Komitəsi ötən həftə Xalq Mücahidləri qrupuyla əlaqəyə görə ölüm hökmü verilənlərdən birinin adını öyrənə bilib. Edam cəzası alanlardan biri - Reza Xademi ümumiyyətlə seçkidən əvvəl tutulduğunu və seçkisonrası iğtişaşlara aidiyyatı olmadığını iddia eləyir.

Cəzalandırılanların arasında prezidentliyə namizəd Mehdi Kərrubinin seçki kampaniyasında iştirak edən Abdullah Momeni kimi tələbə fəalları da var. Abdullah 8 il həbs cəzası alıb. Ancaq onun həmkarı Mustafa Xosravi deyir ki, rejim Momeni kimi tələbələri dekabrın 7-nə təyin etdiyi mitinqdə iştirakdan çəkindirmək üçün belə sərt cəzalar verib. Amma məqsədlərinə nail ola bilməyəcəklər:

«Biz də bilirik, hamı da bilir ki, bu cəzalardan heç birini həyata keçirə bilməyəcəklər, bu rejim xalqın övladlarını uzun müddət məhbəsdə saxlaya bilməz».

İranda seçkidən sonra ümumilikdə 4 min nəfər həbs edilib. 100-dən çoxu hələ də həbsdədir və çevrilişdə günahlandırılırlar. Aralarında siyasətçilər, xaricdə oxuyub gələn tələbələr və din xadimləri də var.
XS
SM
MD
LG