Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Şamil Fətullayev: «Bakıya mənim gözlərimlə baxın»


Şamil Fətullayev
Şamil Fətullayev
O, Bakının az-az tapılan bilicilərindəndir. Düz 81 il öncə Bakıda doğulub. Bütün ömrünü Bakıda yaşayıb. Burada yazıb-yaradıb, araşdırıb. Saysız adlar, titullar qazanıb. Bakının bütün binalarının tarixini bilir. Amma özü uzun ömrünü «Xruşşov» layihəli binanın 5-ci mərtəbəsində yaşayıb. Bu yaşda çıxıb-düşmək nə qədər çətin olsa da, gözü yaxşı görməsə də, o hər gün asta addımlarla bu beşmərtəbəni enib ona əziz olan şəhərin qoynuna tələsir...

Bu şəhərin tarixi binalarının çoxunda oranı sevməyən, heç bir mənəvi dəyər verməyən adamlar yaşayır. Amma mənim qəhrəmanım eyni həvəslə şəhərin rəsmini həm flomastrerlə, həm fotoaparatla çəkməkdə davam edir. Onun memarlıq tarixini yazmaqda davam edir. Kitablarını çıxarmağa imkanı olmasa da...

O özü canlı tarixdir. Soykökünün tarixi orta əsrlərə gedib çıxır. Soyadının tarixi XIX əsrdən başlayır (Zülfüqar babasının adını tələffüz edə bilməyən ruslar, onu qısaldıb Fiqarov ediblər). Onun haqqında mən saatlarla danışa, günlərlə yaza bilərəm...

Qısası, AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı tanınmış memar, əməkdar elm xadimi, MEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor Şamil Fətullayev-Fiqarovdur.

S.İ.: Şamil müəllim, xoş gördük sizi. Hazırsınızmı, Bakı haqqında növbəti söhbətə başlayaqmı?
Ş.F-F.: Mən həmişə Bakıdan danışanda deyirəm ki, Bakıya mənim gözlərimlə baxın. Çünki Bakıda doğulmuşam. İnqilabdan əvvəlki Bakı mühitinə bələdəm, şəhərin relyefini bilirəm. O vaxt memarlıq müəllimlərimiz deyirdilər ki, Bakı Neapola bənzəyir. Mən bu fikirlə razı deyiləm. Neapol-Neapoldur, Bakı-Bakı! Bakının yerləşməsi, relyefi tamam fərqlidir. Bakı unikal şəhərdir! Düzdür, Neapolda da dəniz var, bizdə də. Amma Bakının dənizi sakitdir. Xəzərin özünəməxsus dalğaları var. Həm də Bakı terrasda salınıb, ona görə unikaldır. Bakının tarixini VIII əsrə çıxaranlarla razı deyiləm. Mən İçərişəhərdə qazıntılar aparanda, Sasani dövrünün tağlarını tapdım. İçərişəhərdə Ləzgi məscidinin altında qazıntılar aparırdıq. Yeri gəlmişkən, onun əsl adı Aşur məscididir. 1890-cı ildə ləzgilər Bakıya fəhlə kimi işləməyə gələndə, müsəlman olduqları üçün, onlara bu məscidi təqdim ediblər. Aşur unudulub, qalıb ləzgi. 1109-cu ildə tikilib. Qız Qalasının ayağının altında bir məscid də var - 1077-78-ci illərdə tikilib - Məhəmməd məscidi, biz Sınıqqala deyirik.

Qız Qalasının adı XVII əsrdə...

S.İ.: Bəs siz Bakının tarixini hansı dövrə aid edirsiniz?
Ş.F-F. Sasani dövrünə. Hə, bax o Aşur məscidinin altında qazıntı aparanda, 3 Sasani tağı çıxdı. Məscid onun altında tikilməz ki? Təbii ki, üstündə tikilib. Mən Sasani memarlığına bələdəm. O dövrü tədqiq eləmişəm. Ona görə də, şəhərin tarixini V-VII əsrlərə aid edirəm. Çox maraqlıdır. Sasanilər imperiya idi. Bakı X əsrdən inkişaf etməyə başlayıb. O dövrün Avropa və Şərq səyyahları təsdiq edir ki, burada hər şey var, hətta neft də! X əsrdən sonra Səlcuqlar dövründə tikintilər başlanılıb. Amma Qız Qalası Sasani dövrüdür. Bu yaxınlarda akademik Mikayıl Hüseynovun kitabxanasında bir fakta rast gəldim. Şamaxıdan gələn bir səyyah o vaxtın bələdiyyəsi ilə görüşür. Bələdiyyə onu şəhərlə tanış edir. Səyyah Qız Qalasını göstərib deyir ki, mən istəyirəm bu binaya baxım. Binanın qapısı yox imiş. Quyunun içindən çıxıb qalaya girirlər! Səyyah yazır ki, quyunun mərtəbələrində cəngavərlər, bahadırlar dayanmışdı. Qalanın adı Bəxt qalası idi...Yəni Qız Qalasının adı Bəxt Qalası imiş! Bu, XVII əsrin məlumatıdır.

Bakıya ən böyük zərbəni Şah İsmayıl vurub

S.İ.: Bəxt Qalası...Çox maraqlıdır. Görəsən niyə belə adlanırmış?
Ş.F.F.: Orada astronomiya ilə məşğul olurdular. Yəqin ona görə. Həmin bələdiyyə göstərir ki, günəş çıxanda, Qalada nağara çalırlarmış, lap yuxarıda. Günün çıxışını qarşılayırmışlar. Həm də, tələbələr astronomiya öyrənirmişlər Qalada. Qız Qalası həm atəşpərəstliklə bağlıdır, həm də yerli dinlərlə. Bakı elə yerləşmişdi ki, buradan karvan yolları keçirdi. Artıq şəhərsalma, memarlıq yaranırdı. Həm Qız Qalasının ətrafında, həm də Şirvanşahlar Sarayının yanında məhəllələr ortaya çıxırdı. Bu iki yer bir-birinə yaxınlaşırdı. Bakı ticarət şəhəri idi. Gəmilər sahilə mal gətirirdilər. Dükanlar tikilməyə başlamışdı. Küçələrin adına «tyomnıe ryadı» (üstüörtülü cərgələr, aralıqlar) deyirdilər. Burda ticarət yapırdılar. Karvansaralar, məscidlər tikilirdi. Sonra Dərbənd sülaləsi gəlir ortalığa. Şirvanşahlar sarayı kompleksini onlar tikiblər. Mənim də əslim Dərbənddəndir. Şəhər inkişaf edirdi. Müharibələr olurdu. Ancaq onu deyim ki, Bakıya ən böyük zərbəni Şah İsmayıl vurub. Saraydakı qəbirləri çıxarıb və s. Ona görə də, mənim Şah İsmayılla aram yoxdur. Düzdür, saraya dəyməyib. Amma tikinti də getməyib. Xanlıqlar XVIII əsrdə tikinti aparırdılar. Xoşbəxtlikdən, onlar da saraya toxunmayıblar. O əsrlərdə evlər birmərtəbəli idi. Təkcə Şirvanşahlar böyük idi. Bakı xanlıqları dövründə evlər, saraylar tikilməyə başlandı. Amma ən yüksək inkişaf dövrü qarşıda idi. 1870-ci ildən sonra xarici sərmayədarlar bura axışmağa başladılar. Yerli camaat hələ buna hazır deyildi. Yavaş-yavaş Azərbaycan milyonçuları da meydana gəlməyə başladı. Mən bu mühitdə doğulmuşam. Çox şeyləri də ata-anamdan eşitmişəm.

Bakının bəxti niyə kəsməyib?

S.İ.: Şamil müəllim, gəldik çıxdıq kapitalist Bakısına. O vaxt şəhər planlamı tikilirdi?
Ş.F.F.: Ruslar gələndən sonra İçərişəhərdə özlərinə komendantlıq tikdilər. Bayır şəhərdə düşərgə tipli cüzi şəhərsalmaya başladılar. Çox pul qoymurdular. Balaca məhəllələr vardı, inkişaf getdikcə məhəllələri uzadırdılar. Bu sarıdan Bakının bəxti kəsməyib. Ona görə də, meydanlar belə balaca olub. Gəliblər, fikirləşiblər ki, birdən çıxıb gedərik, niyə pul qoyaq ki? Məsələn, baxırsan Rusiyanın adi bir şəhərinə -Odessaya, görürsən ki, masştab var. Hər şey nəzərə alınıb. Amma Bakıda belə deyil, əməlli-başlı bir meydan yoxdur. O dövrdə istedadlı bir memar vardı - Qasım bəy Hacıbababəyov. Əvvəl Şamaxının baş memarı idi. Zəlzələdən sonra Bakı quberniya mərkəzi olanda, o da Bakıya gəldi. Parapet bağı (Fəvvarələr bağı) - Nizami muzeyi –«Araz» k/t-nı kompleks kimi o salıb. İndiyəcən də o mərkəz işləyir. Sonra xarici memarlar da gəldi və Bakı sürətlə inkişaf etməyə başladı. Ən gözəl binalar bu dövrdə tikildi.

Bu yaxınlarda Bakıya bir memar gəlmişdi. Keçmiş bakılıdır. İndi ABŞ-da yaşayır, yəhudidir. Dedi, Şamil müəllim, bura Parisdən gəlmişəm. Mən Bakını ancaq Parislə müqayisə edə bilərəm.

S.İ.: Nəyini bənzədirdi?
Ş.F.F.: Daşdan tikilmiş binalarını. Daş binalar Bakıya xüsusi yaraşıq verir. Həm də memarlar çox güclü idilər. Eyni fikri bu yaxınlarda dəvət aldığım Şəhərsalma və Arxitektura Komitəsindəki iclasda eşitdim. Sən demə, bir beynəlxalq tədbirdə Qərbli memar Bakını Parisə oxşadıbmış. Demək, Bakı binaları unikaldır. İndi bir kitab var əlimdə, ora 850 bina salmışam. Təəssüf ki, çap üçün vəsaitim yoxdur. Neçə ildir Qacarlar dövründən 600 səhifəlik kitab yazmışam, 500 illüstrasiyası var, çap edə bilmirəm... Əvvəlkiləri də özüm çıxarmışam, heç kim kömək etməyib... Bax, o son kitabı işləyəndə, memar Məşədi Qafar İsmayılovun arxivdən 250 səhifəlik layihəsini tapmışam. Özü də bu arxiv materialı heç vaxt çap olunmayıb. Mən memarların ayrı-ayrı portretini vermişəm kitabımda. Zivər bəy Əhmədbəyovun, Qasım bəyin, Məşədi Qafarın, Qoslavskinin, Ploşkonun - Bakını quran bütün memarların. İndiki dövr kompyuter dövrüdür. Memarlar memarlığını göstərə bilmirlər.

Şamil müəllimin Bakıda ən sevdiyi yer...

S.İ.: Şamil müəllim, saytımızda sizin proqramımıza qonaq gələcəyinizi yazmışdıq. Sual göndərənlər var. Qurban yazır: Bakıya meqapolis demək olarmı?
Ş.F.F.: Hələ o yerə çatmayıb, amma çatmaq üzrədir. Əgər əhalinin sayı 4,5 milyona çatıbsa, demək, meqapolis olacaq. Bax, mən əvvəllər gəzirdim küçələrdə. İndi gəzə bilmirəm, tünlükdür, maşınlar çoxdur, nəfəs almaq olmur. Bizim yanımızda - Tibb universitetinin yanında Onkoloji Mərkəz tikiblər. Küçə lap daralıb. Keçmək olmur. Heç elə yerdə mərkəz tikərlər?

S.İ.: Vəli soruşur: Bakı niyə bu günə düşüb?
«Nə yaxşı zəng vurdun. Neçə gündür, deyirdim, Sevda niyə məni axtarmır»

Ş.F.F.: Bakını maşınlar bu günə salıb. İmkanları var, alırlar. Mənim imkanım yoxdur, avtobusla gəzirəm. Mən piyada gəzməyi sevirəm. O dəfə Maksim Qorki küçəsindən keçirəm, keçə bilmirəm. Axırda sürücü mənə nə desə yaxşıdır? «Müəllim, icazə ver, keçək də!». Belə çıxır, mən buna yol verməliyəm. Amma hər halda Bakı-Bakıdır. Bakı unikal şəhərdir.

S.İ.: Vəlinin 2-ci sualı belədir: Bakıda ən sevdiyiniz yer hansıdır?
Ş.F.F.: İsmailliyə! Ümumiyyətlə, «İstiqlaliyyət» küçəsi ensiklopediyadır. Orada ilk binanı bayaq adını çəkdiyim memar - Məşədi Qafar İsmayılov tikib, 1880-ci ildə. İndi o binada N.Nərimanovun muzeyi yerləşir. Ondan sonra o küçədə tikinti başlayıb. Qoslavskinin, Skureviçin, Ploşkonun ucaltdığı binalar var orda. Onları qorumaq lazımdır.

S.İ.: «Müstəqil» yazır ki, Bakının memarlığı sizi qane edirmi?
Ş.F.F.: Köhnədən danışdım. Yeni memarlıq, açığını deyim ki, yox! O gün mənə Mikayıl Hüseynov medalı verdilər, mən orada da dedim ki, indiki memarlardan əlində qələm tutanı yoxdur. Hamısı kompyuterlə işləyir. Onların yaratdıqları memarlıq deyil, kompyuter-inşaat qrafikasıdır. Amma bəzən inqilabdan əvvəlki memarlıqdan istifadə edənlər də olur. Bakını o gözəllikdə saxlamaq lazımdır.

S.I.: «Müstəqil» soruşur ki, tarixi abidələr niyə qorunub saxlanmır?
Ş.F.F.: Nizam-intizam olmalıdır, nəzarət olmalıdır, yoxdur. O gün mən bunu Şəhərsalma Komitəsində də dedim. Maksim Qorki küçəsində memar Ploşkonun 4 mərtəbəli binası var. Onun yanında 15 mərtəbəli bina ucaldıblar. Tarixi abidənin yanında belə şey tikmək olar? Elə tikintiyə gələn maşınlar o tarixi abidəni məhv edər.

Bərpa İdarəsi nədən ötrüdür?

S.İ.: Şamil müəllim, Qız Qalasının yanındakı binanın hasarlandığından xəbəriniz var?
Ş.F.F.: Yox, bu yaxınlarda orda olmuşam. Sakitlik idi.

S.İ.: Ötən şənbə günü sökmək üçün hasarladılar. Əvvəl suyunu, qazını, işığını kəsdilər, sonra...
Ş.F.F.: Mən o binanın baxışında olmuşam. Fundamental binadır. Divarların eni 1 metr 70 sm-dir. Çatlar vardı, bərpa edəydiniz. Bir dəfə Sovet vaxtı Dadaşovların binasını qaşıyırdılar. Mən ordan keçirdim. Hər yerə səs saldım, qoymadım. Həmin o binanı qaşıyan memar bu yaxınlarda mənə dedi ki, o vaxt binanı qaşımağa qoymurdun. Bax, gör, indi nə edirlər? Dağıdırlar!!!

S.İ.: Hardadı o bina?
Ş.F.F.: Neftçilər prospektində, hələ ona dəyməyiblər.

S.İ.: Amma orda çox binaya dəyiblər... Bircə aktla söküblər...
Ş.F.F.: Bilirəm...

S.İ.: Fuad soruşur ki, Bakının neçə faizi Bakı kimi qalıb?
Ş.F.F.: Demək, olar ki, qalmayıb. İnteqrasiya gedib, qaçqınlar gəlib. İnteqrasiya yaxşıdır. Ancaq mentalitet qalmalıdır. Şəhərin simasını müəyyən edən insanlardır. O olmayanda, şəhər özəlliyini itirir...

S.İ.: Ağadadaş soruşur: Adi adamlar, tarixi binaların sökülməsinə biganə olmayanlar nə edə bilərlər?
Ş.F.F.: (Uzun sükut)... Onlar çox gözəl binalardır... Tarixi abidədir...

S.İ.: Həmin dinləyici soruşur ki, belə getsə, tarixi binaların sökülməyəcəyinə qarant varmı?
Ş.F.F.: Bu yaxınlarda oxudum ki, 1918-ci ildə daşnaklar «İsmailiyyə»ni yandıranda, onun tikintisində iştirak etmiş bir nəfər orda olur. O yazıb ki, bir sosialist yanan binaya baxıb sevinirmiş ki, görürsünüz burjuyları necə yandırırlar? Gərək dağıdaydılar! Doğrudan da, o binanı hasara alıblarmış, nə yaxşı ki, sökməyiblər... İndi neyləyəsən bunlara?

S.İ. Şamil müəllim, yenə Bakının rəsmini çəkirsinizmi?
Ş.F.F.: Əlbəttə! Flamasterlə çəkirəm. Fotoaparatla da çəkirəm. Mən həvəslə işləyirəm. Ancaq evim 5-ci mərtəbədə olduğundan, düşüb-çıxa bilmirəm. Nə edim, mənimki belə gətirib... Nə yaxşı zəng vurdun. Neçə gündür, deyirdim, Sevda niyə məni axtarmır.

S.İ: Gördünüz, zəng vurdum. «Ürəkdən-ürəyə yollar görünür...»
XS
SM
MD
LG