Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

Qız Qalasının qonşusunun başı dərddə


Başını qara buludlar alan bina tarixi binadır
Başını qara buludlar alan bina tarixi binadır
Neftçilər prospektindəki 95-97 saylı binanın başını qara buludlar alıb. Bu xəbəri bizə Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi Aytəkin İmranova verib. Onun bildirdiyinə görə, bu bina tarixi binadır. Gözəllər gözəli Qız Qalasının düz yanındadır (üzü Qalaya baxanda soldakı bina). Ən azı, 100 yaşı var. Təxminən 1-2 ildir ki, onun başı dərddədir. Binanı «qəzalıdır» deyib sökmək istəyirlər. Hadisə belə olub.

Ötən il sakinləri şəhər İcra Hakimiyyətinə çağırıb deyiblər ki, binanı boşaldın, qəzalıdır, buldozerlə söküləcək. Hətta əllərində binanın qəzalı olduğunu təsdiqləyən akt da olub. Sonra binaya boşaltma tələbi ilə lövhələr də asılıb. İşi belə görən sakinlər jurnalistləri, insan haqları təşkilatlarını, memarları yığıb binaya ictimai baxış keçiriblər. Məlum olub ki, binanın divarının eni 1 metrdir. Ötən il «Can Bakı» proqramının qonağı olan tanınmış memar Şamil Fətullayev də binanın sağlam olduğunu təsdiqləmişdi.

Aytəkin İmranova isə məsələnin başqa bir tərəfinə diqqəti yönəldir. «Lap, tutaq ki, bina qismən qəzalıdır. Kəskin qəza vəziyyətində deyil ki? Kəskin qəzalı bina daşı-daş üstündə durmayan binadır. Həm də ki, abidənin qəzalı vəziyyətdə olması onun sökülməsinə dəlalət etmir. Belə bina möhkəmləndirilir, onun üzərində konstruktiv işlər aparılır».

İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi bu fikirdədir ki, bina qəzalı deyil, sakinlər orada yaşadıqlarından məmnundurlar, təmir işləri də aparırlar, sahibkarlıq fəaliyyəti ilə də məşğuldurlar.

Bundan sonra Səbail İcra Hakimiyyəti məhkəməyə müraciət edib ki, sakinləri köçürmək üçün qərar çıxarsın. Bir neçə dəfə məhkəmə baxışı da keçirilib. A.İmranovanın dediyinə görə, «Tərəflər - şəhər İH, Səbail İH və İçərişəhər Qoruq İdarəsi canfəşanlıqla binanın qəzalı olduğunu, sakinlər isə, mütəxəssis rəylərini göstərib, əksini sübut etmək istəyirdi». Hakim hər iki tərəfin ayağını bir başmağa dirədiyini görüb, yeni ekspertizanı labüd sayıb və işi rəy almaq üçün ekspertiza təsisatlarına göndərib. Əlaqələndiricinin söylədiyinə görə, növbəti iclasların birində cavab alınmadığına görə və bəlkə də, məsuliyyəti öz üzərindən götürmək məqsədi ilə hakim ekspertiza rəyi alınana qədər işi saxlayıb. Təxminən bir ildir ki, məsələ beləcə qalıb.

Ancaq dünəndən sakinlərə növbəti təzyiqlər başlayıb. Qaz idarəsindən gələnlər qazı, su idarəsindən gələnlər suyu kəsməklə hədələyiblər. Hətta suyu kəsməyə cəhdlər də olub. Onlar sakinlərə deyiblər ki, rayon icra hakimiyyətindən göstəriş var, binanı boşaltmalısınız. Sakinlərin «yazılı göstərişi biz də görək!» tələbi isə cavabsız qalıb.

İçərişəhər Dövlət Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri bu məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı İdarəsi ilə əlaqə saxladığını, onların belə bir göstəriş vermədiklərini söylədi. Mövzunu diqqətdə saxlayacağıq.
XS
SM
MD
LG