Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:29

Gürcüstanda ətraf mühitin mühafizəsi prioritet məsələ deyil


Qoqa Xaçidze
Qoqa Xaçidze
Təbii ehtiyatları və bioloji müxtəlifliyinə görə Qafqaz dünyada ilk yerlərdən birini tutur. Bioloji müxtəlifliyə görə isə qaynar nöqtələr iyirmiliyinə daxildir. Təbiəti mühafizə QHT Şəbəkəsinin icraçı direktoru Nana Canaşiya deyir ki, Qafqazda Gürcüstanın yeri daha mühümdür:

- Gürcüstan Qafqazda bioloji və geomorfoloji müxtəlifliyinə görə müstəsna yerdir.

«GÜRCÜSTANIN ƏN CİDDİ RESURSU ƏTRAF MÜHİTDİR»

Nana Canaşiya əlavə edir ki, ətraf mühit Gürcüstanın malik olduğu ən ciddi resursudur:

- Gürcüstanın ən ciddi resursu ətraf mühitdir. Mən deyərdim, Gürcüstanın gələcəyi iki istiqamətə - təbii və tranzit resursların mənimsənilməsinə yönəlməlidir. Bizim neft və qazımız yoxdur. Amma bioloji və landşaft müxtəlifliyi maksimum istifadə olunmalıdır. Məsələn, su resursunun çox olmasının nəinki təbiəti mühafizə, həm də sosial-iqtisadi, hətta siyasi əhəmiyyəti var.

Buna baxmayaraq, ətraf mühitin mühafizəsi Gürcüstanda prioritet sahə deyil, o son yerlərdən birindədir - Nana Canaşiya belə deyir. Onun fikrincə, Ətraf Mühiti Mühafizə Nazirliyinin funksiyaları getdikcə dəyişir. Bu da onun dövlət strukturu kimi rolunu azaldır:

«ƏGƏR AVROPA BİRLİYİ OLMASAYDI, ONDA ƏTRAF MÜHİTİ MÜHAFİZƏ NAZİRLİYİ MÖVCUD OLMAZDI»


- Ətraf mühitin mühafizəsi bizdə prioritet mövzu deyil, bizdə nə isə baş verirsə o da beynəlxalq ictimaiyyətin təsiri ilə olur. Mən tez-tez deyirəm - əgər Avropa Birliyi olmasaydı, onda Ətraf Mühiti Mühafizə Nazirliyi mövcud olmazdı. Təəssüf ki, nazirlik yavaş-yavaş funksiyalarını digər strukturlara ötürür. İqtisadiyyat, regional inkişaf və DİN-in tədricən funksiyaları əlindən alır. Bu isə bu sahədə çalışanlar üçün qəbuledilməzdir.

Nana Canaşiya müsbət məqamlara da toxunur, bildirir ki, nazirlik tərəfindən 8 prioritet sahənin müəyyənləşdirilməsi və onların inkişafının təmin olunması proqressiv addımdır. Ancaq üç il bu layihələrin həyata keçirilməsi üçün azdır. 8 əsas istiqamət deyəndə isə bura – meşə resurslarının, təbii fəlakətlərin, balıqçılığın bioloji müxtəlifliyi, atmosfer havasının mühafizəsi, iqlim dəyişikliyi, torpaq və su resurslarından səmərəli istifadə olunması, tullantı və kimyəvi maddələr, nüvə və radiasiya təhlükəsizliyinin idarə edilməsi daxildir.

«SON 10 İLDƏ TƏXMİNƏN 500 ADAM ÖLÜB»

Nana Canaşiya hesab edir ki, bütün sahələrin qayğısına qalmaq özü-özlüyündə vacibdir, amma çətindir. Ona görə də ekspert hazırkı məqamda bu prioritetlərdən bəziləri ilə qane olmağı məsləhət görür:

- Mən bioloji müxtəliflik və balıqçılığı saxlayardım, həmçinin təbii fəlakəti də. Çünki son illər bu səbəbdən ölkəyə ciddi ziyan dəydi, hələ insanları demirəm. Son 10 ildə təxminən 500 adam ölüb. Bütün dünyada təbii fəlakətləri inkişafın qatili adlandırırlar. Mən torpaq resurslarını da saxlayardım, çünki sürətlə tükənməkdədir...

İcraçı direktorun qeyd etdiyi digər problem – professional tədqiqatların olmamasıdır.

- Bizdə olan məlumatlar köhnəlib, Milli Ətraf Mühit Agentliyinin keçirdiyi monitorinq isə müntəzəm deyil və bu məlumatların istifadəsi faktiki mümkünsüzdür. Təəssüflər olsun ki, tədqiqat aparılmır, istifadə etdiyimiz məlumatlar müxtəlif beynəlxalq layihələr tərəfindən üzə çıxarılıb. Bu təhlillər sistemli deyil və bir metodologiya üzrə aparılmır.

«ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ CƏMİYYƏTİN MENTALİTETİ İLƏ BAĞLIDIR»

Ətraf Mühiti Mühafizə naziri Qoqa Xaçidze hesab edir ki, Gürcüstanda hazırkı mürəkkəb siyasi vəziyyəti nəzərə alsaq, ətraf mühitin mühafizəsi ilə heç kimin işi yoxdur. Ancaq bu sahə digər prioritet sahələrlə sıx əlaqədədir:

- Sosial, iqtisadi və siyasi sahələrlə...İqtisadi baxımdan nə qədər güclü olsaq, ətraf mühit də bir o qədər yaxşı mühafizə olunacaq. Sadə misal – kəndlər tam qazlaşdırılmayana kimi əhali meşəyə gedib, ağacları qırmağa məcbur olacaq. İşləyənlərin sayı artmasa, meşələr qırılacaq və ağaclar qanunsuz satılacaq.

Qoza Xaçidzenin sözlərinə görə, ətraf mühitin mühafizəsi daha çox cəmiyyətin mentaliteti ilə bağlıdır:

- Ətraf Mühitin Mühafizəsi Nazirliyi, hökumət bu işin öhdəsindən təklikdə gələ bilməz - əgər cəmiyyət yardım etməsə. Ətraf mühitin mühafizəsi sahəsi cəmiyyətin mentaliteti, ətraf mühitin mühafizəsi mədəniyyəti ilə bağlıdır.
XS
SM
MD
LG