Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

«Tehran heç vaxt belə ciddi təhlükə ilə üzləşməmişdi»


«1989-cu ildə Naxçıvanda SSRİ-İran sərhədində sərhəd dirəklərinin sökülməsi hər iki ölkədə yaşayan Azərbaycan türklərinin birləşmək istəyindən və mübarizlik ruhundan doğmuşdu».

Bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir. Onun sözlərinə görə, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəhbərliyi altında davam edən xalq hərəkatı bütün ölkəni bürüməkdəydi:

BÜTÖVLƏŞMƏK ƏZMİ


İsa Qəmbər
- 1989-cu ildə AXC-nin keçirdiyi kütləvi etiraz aksiyalarına görə Azərbaycan xalqı «ilin xalqı» kimi qəbul olunmuşdu. Bir tərəfdən Almaniyanın birləşməsi yönündəki addımlar, Berlin divarının aradan qaldırılması ilə bağlı gerçəkliklər vahid Azərbaycan mövzusunu da aktuallaşdırmışdı. Quzey Azərbaycanla Güney Azərbaycan arasında sərhədlərin götürülməsi o kontekstdən həyata keçirilən bir aksiya idi. Konkret zaman baxımından fərqli yanaşmalar ola bilər. Addımın yaratdığı ciddi gərginliklər də vardı. Ancaq sərhəd dirəklərinin sökülməsi tarixə Azərbaycan xalqının bütövlük əzminin nümayişi kimi yazılıb. Bunu heç kim poza bilməz.

«20 YANVAR»A HAZIRLIQ


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə düşünür ki, sərhəd dirəklərinin sökülməsi olduqca mürəkkəb tarixi şəraitdə baş verirdi. Çökməkdə olan bir rejim bütün vasitələrlə nəzarətində olan əraziləri itirməmək üçün hər yola əl atırdı:

- Xalq hərəkatı olduqca böyük sürətlə böyüyürdü. Aydın idi ki, bir neçə aydan sonra gözlənilən parlament seçkilərində AXC qələbə qazanacaq. Bir tərəfdən, səmimi şəkildə Azərbaycanda milli azadlıq hərəkatı yüksələn xətlə gedir, o biri tərəfdənsə gələcək təxribatlar üçün Moskva əsaslar yaradırdı. Elə ona görə də Moskva Naxçıvanda insanların sərhəd dirəklərini uçuraraq İran ərazisində yaşayan qardaşları ilə görüşməsinə loyal yanaşdı.
Əli Kərimli
Bununla Moskva bir tərəfdən də beynəlxalq birlikdə atacağı addımların qanuniliyi ilə bağlı təsəvvür yaratmağa çalışırdı. Bundan az sonra - 1990-cı il yanvarın 20-də Azərbaycana qoşun yeridildi. Yüzlərlə dinc sakin qətlə yetirildi.

TEHRAN ÇAŞQINLIQ İÇİNDƏ

İranın baş verənlərə reaksiyasına gəlincə, AXCP sədri hesab edir ki, Tehran çaşqınlıq içərisindəymiş. Azərbaycan məsələsində Moskva ilə 200 ilə yaxın davam edən anlaşması boyu Tehran belə bir ciddi təhlükə ilə üzləşməmişdi. Əli Kərimli deyir ki, elə ona görə də proseslər faktiki olaraq SSRİ-nin sərhədləri daxilində baş verdiyindən İran Moskvanın addımlarını gözləyirdi.

MOSKVA İSTƏSƏYDİ BELƏ…

«Ana Vətən» Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə düşünür ki, Naxçıvanda sərhəd dirəklərinin sökülməsi «Gülüstan» və «Türkmənçay» müqavilələri ilə ikiyə ayrılmış xalqın birləşmək istəyi idi:

Fəzail Ağamalı
- Milli azadlıq hərəkatının gedişi zamanı Naxçıvanda xalq hərəkatında iştirak edən bir qrup soydaşımız sərhədlərin götürülməsi təşəbbüsünü irəli sürdülər, bu prosesi reallaşdıra bildilər. O taylı, bu taylı soydaşlar, uzun illərin həsrətliləri bir-birinə qovuşdular. Bəziləri söylədilər ki, bu, DTK-nın qurmasıydı. İzahından asılı olmayaraq sərhəd hərəkatı çox cəsarətli bir addım idi. Azərbaycan xalqının milli şüurunun inkişafına böyük təkan verdi. Sonrakı hadisələr üçün sərhəd hərəkatı bir stimul rolunu oynadı. Bu gün Güneydəki soydaşlarımızın öz haqları uğrunda mübarizəsinin də ilkin qaynağı məhz həmin dönəmdən başlayır.

F.Ağamalı deyir ki, o zaman Azərbaycanın bütövləşəcəyinə və tarixi ədalətin bərpa olunacağına inanan on minlərə insan vardı. Hətta istəsəydi belə, ölkədə dayaqları çox ciddi şəkildə zəifləyən Moskva prosesi birmənalı idarə edə bilməyəcəkdi.

AVP sədrinin fikrincə, baş verənlər Moskvanın bölgə ilə bağlı planlarına uyğun gəldiyi üçün ilk başdan güc tətbiq etmədi. Az keçmədən isə Azərbaycana qoşun yeridildi.

HƏMÇİNİN OXU:

«SƏRHƏD DİRƏKLƏRİNİN SÖKÜLMƏSİ İDEYASI ELÇİBƏYDƏN GƏLMİŞDİ»

«MƏNİ DANIŞIĞA ÇAĞIRIB AVTOMATI ALNIMA DİRƏDİLƏR…»
XS
SM
MD
LG