Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:50

Azərbaycansayağı seçkinin ailə faciəsi…


Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləridir
Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləridir
«Məni məcbur elədilər, öz qardaşımın əleyhinə ərizə yazdım. İşimi itirməkdən qorxdum. Gecə ürəyimin ağrısından yata bilməmişəm, dərman qəbul etmişəm. Başqası olsaydı dərd yarıydı…»

BACILARDAN QARDAŞLARINA QARŞI SİYASİ MƏQSƏDLƏ İSTİFADƏ EDİRLƏR?

Bu Salyan şəhər internat məktəbində katibə işləyən Səidə Məlikovadır. Onun qardaşı Klassik Xalq Cəbhəsi partiyasının üzvü Vaqif Hacıyev Salyan Şəhər Bələdiyyəsinə namizədliyini verib. Səidə Məlikova deyir ki, onu işdən çıxaracaqları ilə hədələyərək qardaşına verdiyi imzadan imtina ərizəsi yazmağa məcbur ediblər.

Klassik Xalq Cəbhəsi Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Ədalət Yusubov isə deyir ki, dairə seçki komissiyası onların təqdim etdiyi imza vərəqlərini icra hakimiyyətinə göndərib. Nəticədə də müxalifətçi namizədlərə imza verən şəxslər təzyiq yolu ilə öz imzalarından imtina etməyə məcbur edilir:

SEÇKİNİ KOMİSSİYALAR, YOXSA İCRA HAKİMİYYƏTLƏRİ APARIR?

«Bizi ən çox maraqlandıran bu sualdır. Dairə Seçki Komissiyaları Mərkəzi Seçki Komissiyasına tabedir, yoxsa icra hakimiyyətlərinə?»

Yaxın günlərə qədər Salyan şəhər Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyində rəis işləmiş İbrahim Məmmədyarov da deyir ki, o da bələdiyyə seçkilərində imza toplama kampaniyası ilə bağlı oxşar şərtlərlə üzləşib. İbrahim Məmmədyarovun sözlərinə görə, rayon rəhbərliyindən bildirilib ki, əgər Vaqif Hacıyevə imza vermiş keçmiş işçilərindən onun əleyhinə ərizələr ala bilsə şəhər icra nümayəndəsinin müavini vəzifəsinə təyin ediləcək:

«Yəni mən onun imza topladığı adamlardan ərizə alım ki, səhv etmişik və beləcə də imzalar etibarsız sayılsın. Bunu mən eləyə bilməzdim, mənim təbiətimdə belə şeylər yoxdur».


ADAMLAR İMZALARINDAN KÖNÜLLÜ İMTİNA EDİRLƏR?

Salyan rayon Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimov isə imza vərəqələrinin icra hakimiyyətinə göndərilməsi haqda iddiaları təkzib edir. Səlamət Kərimov deyir ki, işçi qrupunda pasport qeydiyyat idarəsinin, verginin, əmlak komitəsinin nümayəndələri olur və imzalar onların iştirakı ilə dəyərləndirilir. Bəzi seçicilərin öz imzalarından imtina etməsinə gəldikdə isə komissiya sədri buna onların məcbur edilmədiyini deyir:

«Vaqif Hacıyevin bacısı, doğma bacısı gəlib qardaşına verdiyi imzadan imtina edir. Heç bilmirəm ki, onun bacısıdır. Deyirəm ki, niyə imtina edirsən? Sənin Vaqif nəyindi? Deyir qardaşım. Deyirəm nə etibarsız bacısan? Deyir ki, mən ona imza vermirəm. Bacı qardaşına verdiyi imzadan imtina edirsə, mən neyləməliyəm?»

Ancaq Vaqif Hacıyevin bacısı Səidə Məlikova da buna məhz məcbur edildiyini deyir. İndi peşmançılıq keçirən bacı həmin ərizəsini geri götürməyə hazır olduğunu deyir:

«Qaldım belə… Neyləyim bir tərəfdə iki yetim uşağım, bir tərəfdə qardaşım. Ancaq gərək o ərizəni yazmayaydım, qoy məni işdən çıxaraydılar».

Salyan Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ərəstun İsayev isə deyir ki, onların bütün bunlardan xəbərləri yoxdur: «Məndə elə məlumat yoxdur, belə hallar ola da bilməz. Tamamilə əsassızdır».

NİYƏ DEMOKRATİYADAN, PLÜRALİZMDƏN DANIŞIRLAR?

Ancaq Salyan rayonundan olan müxalifətçilər artıq Mərkəzi Seçki Komissiyasına və xarici ölkələrin Bakıdakı səfirliklərinə şikayət etmək niyyətindədirlər. Şəhər bələdiyyəsinə Klassik Xalq Cəbhəsi Partiyasından namizədliyini verən Tahir Abbaslı deyir ki, artıq seçkinin taleyi həll edilib:

«Bu gün artıq Salyanda hamı danışır ki, bələdiyyə artıq satılıb. Əgər bu belədirsə onda niyə demokratiyadan, plüralizmdən danışırlar? Qoy danışmasınlar da biz də işimizi bilək».

Tahir Abbaslı deyir ki, əgər onların şikayətləri obyektiv araşdırılmasa, onda sığınacaq üçün Türkiyəyə mühacirət edəcəklər…
XS
SM
MD
LG