Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

Bələdiyyələr görməli olduqları işləri görə bilmirlər


Bələdiyyə işçiləri səkiləri qardan təmizləyirlər, 28 dekabr 2006
Bələdiyyə işçiləri səkiləri qardan təmizləyirlər, 28 dekabr 2006
«DƏHŞƏTDİR»

«Bələdiyyə özü də bilir ki, qazla-işıqla bağlı necə əziyyət çəkirik. Ancaq ən yanıqlı yerimiz avtobusdur. Uşaq oxuyur, əziyyət çəkir, ali məktəbə qəbul olur, ancaq dərsə getməyə avtobus tapmır. 21-ci əsrdir. Dəhşətdir. Bunu hamı bilir, bələdiyyə də, başqa qurumlar da...»

Könül Abdullayeva deyir ki, Abşeronun ən ucqar kəndlərindən olan Güzdəkə gedib-gəlmək böyük əziyyət hesabına başa gəlir. Çünki kəndin şəhərə işləyən öz avtobusu yoxdur. Kəndin başqa problemləri də var. Ancaq nəqliyyat məsələsi o biri problemləri kölgədə qoyub. Güzdək camaatı dəfələrlə bu haqda uyğun yerlərə, o cümlədən bələdiyyəyə müraciət edib. Ancaq faydası yoxdur.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli neçə illərdir bələdiyyələrin işini araşdırır. Deyir ki, bələdiyyələr vətəndaşa aid bütün sosial məsələlərlə məşğul olmalıdır. Bunu eləmək üçün imkan və maliyyəsində əyər-əskiyi olmamalıdır:

«Aztəminatlı ailələrin sosial məsələlərinin həlli, məhəllədaxili yolların təmiri və abadlaşdırılması, əhalinin işsizlik məsələlərinin aradan qaldırılmasına öz töhfəsini vermək, yəni sexlər, istehsal sahələri yaratmaq - buna bələdiyyələrin səlahiyyəti var».

«İLDƏ İKİ DƏFƏ ƏHALİNİ ZORLA TOPLAYIRAM Kİ, HESABAT VERİM»

Abşeron Bələdiyyələri Milli Assosiasiyasının sədr müavini Natiq Dünyamalıyev isə deyir ki, bələdiyyə bacardığı qədər əhaliyə kömək edir, o cümlədən nəqliyyatla da bağlı. O bildirir ki, bəzən camaat bələdiyyədən görə bilmədiyi, səlahiyyəti və maliyyəsi çatmadığı işləri görməyi də tələb edir. Əhalinin bələdiyyələrin işiylə maraqlanmaması isə onun fikrincə, sakinlərin fəal olmamasıyla bağlıdır:

«Yerli özünüidarəetmə məsələlərində bizim əhali fəal deyil. İldə iki dəfə əhalini zorla toplayıram ki, hesabat verim. Hər toplantıda deyirəm ki, hər bir sakin bələdiyyə üzvüdür. Deyirəm, siz burda fəal iştirak etməlisiz, tələb eləməlisiz ki, mən nə iş görürəm, sizin vəsaitinizi hara xərcləyirəm. Amma camaat bunu yaxın buraxmır».

Ekspert Vüqar Tofiqli: «Son il yarımda bələdiyyələr heç bir iş görə bilmirlər»
N.Dünyamalıyev bununla belə, Abşeron bələdiyyələrinin Azərbaycan bələdiyyələri arasında işini ən yaxşı quranlardan olduğunu bildirir.

«HAMISI DA MALİYYƏNİN BAŞINDADIR»

«Bizim qəsəbədə yollar elə bərbad gündədir ki, qış gəlsin, işıq-qaz problemi də artacaq...»

Bu şikayətlər isə Bakının ən böyük bələdiyyələrindən biri olan Səbail bələdiyyəsindəndir. 20-ci sahə və Badamdar qəsəbəsinin sakinləri deyirlər ki, məhəllələr arasında elə yollar var ki, ucqar dağ kəndlərinin yolları ondan yaxşıdır.

Səbail bələdiyyəsinin sədr əvəzi Qurban Abbasovsa deyir ki, problemlərin çoxunu maliyyənin azlığına görə həll edə bilmirlər:

«O qədər məsələlər var ki, həll edə bilmirik. Hamısı da maliyyənin başındadır. Elə adamlar var deyirsən əmlak vergisi verməlisən, deyir o nə vergidir elə. Çalışırıq ki, ara yolların abadlaşmasına, kimsəsizlərə kömək edək. İmkanımız çatanı edirik. Eləmədiyimiz o qədər şeylər var ki, hamısı da maliyyədən asılıdır. Eləyə bilməyəndə də müəyyən orqanlara müraciət edirik» .

Qurban Abbasov deyir ki, rəhbərlik etdiyi bələdiyyə Səbail rayonunda yerləşən 20-ci sahəyə 76 saylı avtobusun açılmasına, həmin qəsəbədə daha çox satıcının alver edə bilməsi üçün bazarın genişləndirilməsinə kömək edib.

KƏND BƏLƏDİYYƏLƏRİNİN PROBLEMLƏRİ DAHA ÇOXDUR

Ekspert Vüqar Tofiqli isə deyir ki, bələdiyyələrin maliyyəsinin kifayət qədər olmaması onların görə biləcəyi işlərin çoxunu reallaşdırmağa imkan vermir:

«Azərbaycan bələdiyyəsinin orta aylıq büdcə gəliri 1300 manat deyil, bəzən 600-800 manat arasında olur. Buna görədir ki, son il yarımda bələdiyyələr heç bir iş görə bilmirlər».

Azərbaycanda 2533 kənd bələdiyyəsi, 200-dən artıq şəhər bələdiyyəsi var. Kənd bələdiyyələrinin problemləri daha çoxdur.

Həm yerli, həm də beynəlxalq ekspertlər deyirlər ki, Azərbaycanda bələdiyyələrin əsl müstəqil, dövlət orqanından asılı olmayan, güclü idarəetmə strukturu olması üçün ilk növbədə azad və şəffaf seçkilər keçirilməlidir. Bələdiyyənin büdcəsi indikindən bir neçə qat artıq olmalıdır, azad sahibkarlıq inkişaf etdirilməli, monopoliya tamamilə ləğv olunmalıdır ki, bələdiyyələr də öz ərazilərindəki kiçik iş yerlərini, istehsal sahələrini genişləndirməklə maliyyə imkanlarını artıra bilsinlər.
XS
SM
MD
LG