Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:39

«Azərbaycan hakimiyyəti affekt qərarlar verir»


Oktyabrın 21-i səhər Türkiyənin Bakıdakı səfirliyinin dini məsələlər üzrə müşavirliyinin binasından Türkiyənin bayrağı çıxarılıb. Türkiyə səfirliyinin müşaviri Müzəffər Şahin deyir ki, bayrağı çıxaranlar bu haqda ona hər hansı məlumat verməyiblər:

«Səhər saat 9-dan sonra bayraq götürülüb. Biz gələndə artıq götürmüşdülər. Kim götürüb məlumatım yoxdur. Heç bir açıqlama vermədilər».

«MƏSƏLƏ ARAŞDIRILIR»

Türkiyə, müşavirliyin binasından bayrağının götürülməsi ilə bağlı Azərbaycana nota verib.
Azərbaycanın Xarici İşlər Nazirliyi
Bu haqda məlumat verən Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, Türkiyə tərəfi notada bayrağın endirilməsinin Vyana Konvensiyasına zidd olduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə baş verən hadisəni araşdırır:

«Məsələ araşdırılır. Bu binanın Vyana protokolu üzrə diplomatik nümayəndəliyə aidiyyətinin olub-olmadığı araşdırılır. Bundan sonra cavab veriləcək. Cavabın nə vaxt yayılacağı müddətini deyə bilmərəm, ancaq məsələyə baxılır».

«BAYRAQLARLA OYNAMAQ OLMAZ»

Türkiyə parlamentindən millət vəkili Osman Çakır isə deyir ki, bu hərəkətlər iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə xidmət edir. Ona görə bayraq problemi tez bir zamanda həll olunmalıdır:

«Bu gün eşitdiyim bu xəbərdən çox kədərləndim. Problemin tezliklə yoluna qoyulması lazımdır. Bunu ancaq düşmənlərimiz istəyər. Türk millətinin dostları belə şey istəməz. İnanırıq ki, bu problemlər yoluna qoyulacaq. Onun üçün azərbaycanlı qardaşlarımız da diqqətli olmalıdırlar. Yoxsa münasibətlər daha da pisləşər. İki qardaş dövlətin bir-biriylə belə davranması qəbuledilməzdir. Bayraqlar yerlərinə asılmalıdır. Bayraqlarla oynamaq olmaz. Dostluğumuz və qardaşlığımız davam etməlidir».

«AZƏRBAYCAN HAKİMİYYƏTİ AFFEKT QƏRARLAR VERİR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Azərbaycan hakimiyyətinin son addımları başa düşülən deyil. Əgər belə davam etsə, münasibətlər daha da gərginləşər ki, bu da Azərbaycanın maraqlarına ziddir:

Elxan Şahinoğlu
«Azərbaycan hakimiyyəti affekt qərarlar verir. Bu, Bursada futbol oyununda Azərbaycan bayrağının stadiona buraxılmasının yasaq olunmasına adekvat cavab deyil. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Strateji müttəfiqlik adi dost səviyyəsinə ensə, bu boşluğu kim dolduracaq? Bu cür cavablar ikitərəfli münasibətlərə çox zərər yetirir».

Türkiyənin Bakıdakı səfirliyinin dini məsələlər üzrə müşavirliyi Şəhidlər Xiyabanının yaxınlığında yerləşən Türkiyə Diyanet Vakfının tikdirdiyi məscidin yanında yerləşir. Bu məscid aprel ayında ərazidə abadlıq işlərinin aparılması adı ilə bağlanıb.

1918-ci ilin sentyabrında Bakının azad olunması zamanı həlak olan türk əsgərlərinin şərəfinə ucaldılan abidədən türk bayraqları oktyabrın 15-də yığışdırılıb. Hakimiyyət abidədən Türkiyə bayraqlarının yığışdırılmasını belə izah edir ki, qanunvericilik xarici dövlətlərin bayraqlarının yalnız diplomatik missiyada asılmasına icazə verir.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG