Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Hər kəs öz yoluyla seçkiyə


YAP seçkiyə 20 minə yaxın namizədlə qatılacaq
YAP seçkiyə 20 minə yaxın namizədlə qatılacaq
Deyəsən, müxalifət partiyaları bələdiyyə seçkisinə blok şəklində yox, ayrı-ayrı gedəsi olacaq. Ötən həftənin axırlarında Müsavatla Ümid arasında yaranan narazılıq bir müddətdir müzakirə edilən «seçkiyə birgə getmək» tərəddüdlərinə son qoydu.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, əgər seçkiyə digər müxalif qüvvələrlə birgə getsəydilər, əksər bələdiyyəyə namizəd verəcəkdilər. Amma son olaydan sonra seçkiyə tək gedirlər və namizədlərinin sayı çox olmayacaq:

İqbal Ağazadə
- Biz digər müxalif partiyalarla 16 min namizəd verməyi nəzərdə tutmuşduq. Amma alınmadı. Ümid Partiyası kimi 4 min namizədimiz var. Bələdiyyələrin 25 faizini əhatə edə biləcəyik. Amma 25 faizlə də seçkini udmaq çox çətindir.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə namizədlərinin sayını açıqlamır, amma deyir ki, iri bələdiyyələrdə partiyanın namizədi olacaq:

- Ucqar rayonlardakı bələdiyyələrə ola bilsin ki, namizəd verməyək.

AXCP sədri Əli Kərimli isə ümid edir ki, hər halda seçkiyə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı formatında gedə bilməsələr də, müxalifətin geniş koalisiyasına nail ola biləcəklər.

YAP-IN 20 MİN NAMİZƏDİ VAR

Müxalifətdən fərqli, hakim partiyanın istisnasız olaraq bütün bələdiyyə yerlərinə namizədi var. Özü də bu dəfə YAP seçki siyahısını gəncləşdirmək və gender balansına riayət etmək niyyətindədir.

Partiyanın icra katibi, millət vəkili Əli Əhmədovun mətbuata dediyinə görə, namizədlərin təxminən 30-35 faizi qadınlardır. Elə gənc namizədlərin də sayı az deyil. Ümumilikdə isə YAP seçkiyə 20 minə yaxın namizədlə qatılacaq.

RƏQABƏT VARMI?


Bələdiyyə seçkisində siyasi rəngarənglik ciddi rəqabət yaradacaqmı? YAP müxalifəti özünə rəqib görmür, müxalifət isə mövcud seçki mühitindən narazıdır, məsələn, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, namizədlərin bərabər təbliğat imkanı yoxdur:

- Güclü administrativ resurslar hakim partiya namizədlərinin tərəfindədir.

Arif Hacılı
Mərkəzi Seçki Komissiyasının rəhbərliyi isə bütün namizədlərə bərabər təbliğat imkanlarının yaradılacağını bəyan edib.

PARTİYALARIN SEÇKİYƏ MARAĞI ARTIB


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab eləyir ki, 2009-cu ilin bələdiyyə seçkisinə maraq əvvəlkilərlə müqayisədə artıb. Onun fikrincə, 1000-dən çox kiçik bələdiyyənin ixtisar edilməsi, daha iri bələdiyyələrin yaradılması və bir neçə amil siyasi partiyaları yerli özünüidarəetmə institutuna önəm verməyə vadar eləyib:

- Bələdiyyələr birləşəndə daha da möhkəmlənir. Gözlənir ki, bələdiyyələrin səlahiyyəti artsın, maliyyə imkanları genişlənsin. Siyasi partiyalar seçkidə iştirak etməklə öz regional bazalarını möhkəmləndirirlər.

SEÇİCİLƏRİN İSƏ MARAĞI AZALIB

Bəs sıravi seçicinin necə, bu il dekabrın 23-də seçəcəyi bələdiyyəsindən xəbəri varmı? Biz bu dəfə əyalət seçicisinin fikrini öyrənmək istədik. Təsadüfi telefon nömrələri yığdıq və sualımızı verdik. Məsələn, Qazaxdan Kifayət xanım və adını söyləməyən bir sakin seçkiylə maraqlanmadığını söylədi, üçüncüsü isə bələdiyyə sözünü eşidəndə dəstəyi asdı:

- Seçki məni maraqlandırmır.

- Vacib bilmirəm.

Zaqatala sakinlərindən isə maraqlı cavablar aldıq. Adını söyləməyən bir xanım dedi ki, hazırkı bələdiyyə rəhbəri onun qonşusudur, elə onun da seçilməsini istəyir:

«İndiyə kimi elə olub, bundan sonra da belə olacaq. Kimi istəyirlər, onu da seçəcəklər»
- Bələdiyyə gərək YAP-dan olsun.

- Niyə məhz YAP-dan?

- Çünki mən elə fikirləşirəm ki, YAP-dan olan bələdiyyə prezidentin göstərdiyi yolla gedər.

Başqa bir həmsöhbətimiz Əliağa Məmmədov isə seçkiyə getmək fikrində deyil:

- Çünki saxtakarlıq olacaq.

- Nədən bilirsiz?

- İndiyə kimi elə olub, bundan sonra da belə olacaq. Kimi istəyirlər, onu da seçəcəklər.

Deyəsən, Lənkəranda bəzi evdar qadınlar ümumiyyətlə bələdiyyəni tanımırlar:

- Mən bilmirəm, evdar qadınam. Bələdiyyə nədir bilmirəm.

İxtisasca mühasib olan Elçin Qurbanov isə bələdiyyəni tanıyır, bu institutun mahiyyətini də bilir, ancaq o da ümidsizdir:

- Bizə qulaq asan kimdir. Onlar öz adamlarını qoyurlar.

Bu il Azərbaycanda kiçik bələdiyyələr ləğv edilib, onların sayı təxminən 2700-dən 1700-dək azaldılıb. İndi seçki mübarizəsi 15 mindən çox bələdiyyə üzvü yeri uğrunda gedəcək.
XS
SM
MD
LG