Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:31

Sığınacaq üçün Gürcüstan dövlətinə müraciət edənlər də var


Bakı, 16 oktyabr 2003
Bakı, 16 oktyabr 2003
Bu gün oktyabr hadisələrinin 6 ili tamam olur. 2003-cü il oktyabrın 15-16-sı Azadlıq meydanında prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polis və xüsusi təyinatlılar arasında qarşıdurma olub. Həmin günlərdə və ondan sonra baş verən hadisələrdə həyatını, azadlığını, işini, vətənini, hətta gözünü itirənlər də olub.

Həmin hadisələrdə başından və bədənindən müxtəlif xəsarətlər alan keçmiş jurnalist Emin Hüseynovla zorakılığa məruz qaldığı Azadlıq meydanında görüşdük. Dediyinə görə, həmin vaxt jurnalist olduğunu dəfələrlə xatırlatmasına, sənədlərini göstərməsinə baxmayaraq, onu və daha neçə-neçə jurnalisti polis, xüsusi təyinatlılar və maskalılar döyməkdə davam ediblər:

- Tribunanın o tərəfinə yaxınlaşıb prosesləri müşahidə edirdik və birdən heç bir xəbərdarlıq olmadan ara qarışdı. Biz öz vəsiqələrimizi göstərdik ki,
Emin Hüseynov
jurnalistik, amma buna baxmayaraq, maskalılar, mülki geyimlilər və polislər bizi döyməyə davam edirdilər.

JURNALİST SAĞLAMLIĞINI DA İTİRİB, PEŞƏSİNİ DƏ

Emin Hüseynov deyir ki, Hökumət Evinin qarşısındakı pilləkənlərdən yıxılandan sonra özündə olmayıb. Bir qədər sonra «Turan» İnformasiya Agentliyinin direktoru və daha bir neçə nəfər onu ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Mərkəzi xəstəxanalar onu müalicədən imtina etdiyinə görə, şəhər kənarındakı xəstəxanada müalicə alıb. Səhhətində hələ də problemlər var:

- Düzdür, o vaxta baxanda indi səhhətimdə stabilləşmə var, ildə iki dəfə müalicə alıram, amma artıq əliləm və mənə o hadisələrdən qalan bu olub.

Emin Hüseynov deyir ki, onun ikinci itkisi də öz peşəsilə bağlı olub. Həm səhhəti imkan vermədiyi üçün, həm də ona xəsarət yetirən polislər cəzalandırılmadığından jurnalistikanı bir kənara qoyub, hüquq müdafiəçisi olub.

İndi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna rəhbərlik edən Emin Hüseynov deyir ki, həmin hadisələrdə peşə borcunu yerinə yetirərkən daha bir jurnalist iş qabiliyyətini itirərək əlil olub, 70-dən çox jurnalist zorakılığa məruz qalıb. 10-dan artıq jurnalist ölkəni tərk edib.

Əlövsət Əliyev
2003-cü il 15-16 oktyabr hadisələrindən sonra ölkəni tərk edənlər təkcə jurnalistlər olmayıb.

HƏTTA GÜRCÜSTANDAN DA SIĞINACAQ İSTƏYƏNLƏR VAR

Ötən altı il ərzində az qala bir rayonun əhalisi qədər adam Azərbaycanı tərk edib. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, hamısı birbaşa oktyabr hadisələri ilə bağlı olmasa da, 2003-cü ildən sonra Azərbaycanı bir rayonun əhalisi qədər adam tərk edib:

- Ümumi hesablamalara görə, həmin hadisələrdən sonra təkcə Qərbi Avropa ölkələrinə qaçqın statusu almaq üçün müraciət edənlərin sayı 30 mindən artıq olub. Yəni söhbət həmin ölkələrdə məskunlaşanlardan gedir.

Mərkəz rəhbəri deyir ki, hətta son vaxtlar sığınacaq üçün Azərbaycandan Gürcüstan dövlətinə müraciət edənlər də var.

Hüquq müdafiəçisi Emin Hüseynov həmin hadisələrdə jurnalistlərə qarşı zorakılıq edənlərin cəzalandırılmasıyla bağlı bu günlərdə yenidən prezidentə müraciət etməyə hazırlaşır. İnanır ki, həmin müraciətə gec də olsa cavab veriləcək.

İlham Əliyev Bakı Polis Akademiyasında, 2 iyul 2007
Hüquq müdafiəçisi prezidentdən cavab gözləsə də, artıq o, bu cavabı bir dəfə verib. İlham Əliyev 2007-ci il polis günündə çıxış edərək polislərin cəzalandırılmayacağını açıq bəyan edib:

- Mənim yadımdadır bizə bəzi xarici təşkilatlar, dairələr təzyiq etməyə çalışdılar. Onlar tələb edirdilər ki, kobudluq göstərən polislər cəzalandırılsın, həbs olunsun, haqlarında cinayət işi açılsın. Mən bütün bu tələbləri rədd etdim və dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq.

2003-cü il oktyabr hadisələri zamanı jurnalistlərə qarşı zorakılıqlara görə, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqidlərə məruz qalıb. ATƏT, Avropa Şurası və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini günahkarların aşkarlanması və cəzalandırılmasına çağırıb. Buna baxmayaraq, günahkarlardan heç biri bu günə qədər məsuliyyətə cəlb olunmayıb.

Əksinə, jurnalistlərin döyülməsində iştirak edənlər müxtəlif mükafatlara layiq görülüblər. Hakimiyyət isə baş verən hadisələrdə, iğtişaşların törədilməsində müxalifət partiyalarını günahkar sayır.

2003-cü il 15-16 oktyabr hadisələri zamanı siyasi mənsubiyyəti olan və olmayan 600 nəfər saxlanılıb. Onların bir çoxu üç-dörd gün ərzində buraxılsa da, 129 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. 33 nəfər və yeddi partiya lideri müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Hadisələr zamanı bir nəfər ölüb. Bundan başqa, 130 nəfərə qədər adam işdən çıxarılıb.
XS
SM
MD
LG