Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

İran Barak Obamanı təbrik edib


48 yaşlı B.Obama bu mükafata layiq görülən 3-cü ABŞ prezidentidir
48 yaşlı B.Obama bu mükafata layiq görülən 3-cü ABŞ prezidentidir
Cəmi 10 aydır prezident olan Barak Obama oktyabrın 9-da Nobel Sülh Mükafatına layiq görülüb. Norveç Nobel Komitəsinin sədri Torbyörn Yaqland qalibin adını özü açıqlayıb:

«Norveç Nobel Komitəsi qərara alıb ki, 2009-cu ilin Nobel Sülh Mükafatını beynəlxalq diplomatiya və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki əvəzsiz səylərinə görə ABŞ prezidenti Barak Obamaya versin».

Obamanın kütləvi qırğın silahlarının ixtisarı, iqlim dəyişikliyi ilə mübarizə və Yaxın Şərqdə sülhün bərqərar olması üçün göstərdiyi səylər xüsusi qeyd olunur.

T. Yaqland deyib ki, Obama dünyada hər kəs üçün vacib olan ortaq dəyərləri bölüşür, onları təbliğ edir. İnsanların gələcəyə ümidli baxmasına nail olur və ABŞ prezidenti əsl dünya sözçüsüdür.

Nobel Sülh Mükafatının builki sahibinin Obama olması bütün dünya üçün sürpriz olub. Çünki çoxları Zimbabvenin baş naziri Morqan Tsvanqirai, çinli dissident Hu Tszya, kolumbiyalı senator Pyedad Kordobu və əfqan qadın hüquq müdafiəçisi Sima Samarın laureat olmasına daha çox inanırdı.

Obama administrasiyası bildirib ki, prezidentin köməkçisi onu yuxudan oyadıb telefonla bu xəbəri verəndə Obama çox mütəəssir olub.

Amerika mətbuatı bu xəbəri «ağlasığmaz sürpriz» adlandırıb.

Amma dünyanın bir çox liderləri bu seçimi alqışlayıblar. Bircə «Taliban»ın sözçüsü Zabinullah Mücahit «Frans Press» agentliyinə müsahibəsində seçimi tənqid edib, Nobel Sülh Mükafatının Obamaya verilməsinin ədalətsizlik olduğunu deyib.

Hətta İran prezidenti Mahmud Əhmədinejatın yardımçısı Əli Əkbər Cavanfexr də prezidentin adından Obamanı təbrik edib. İran ümidvardır ki, «bu mükafat Obamanın bütün dünyaya ədalət carçısı olmaq yolunda irəliləməsinə səbəb olacaq».

B.Obama rəsmən mükafatı dekabrın 10-da, İsveç ixtiraçısı Alfred Nobelin ölümünün 1896-cı ildönümündə alacaq. Mükafat qızıl medal və 1.4 milyon dollarlıq pul çekindən ibarətdir.

48 yaşlı B.Obama bu mükafata layiq görülən 3-cü ABŞ prezidentidir. 1908-ci ildə Teodor Ruzvelt, 1919-cu ildə isə Vudro Vilson bu mükafata layiq görülüblər. Cimmi Karter isə Nobel Sülh Mükafatını 2002-ci ildə - artıq vəzifədən gedəndən sonra alıb.
XS
SM
MD
LG