Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:35

Azərbaycanda orta yaş həddi neçədir?


Uzunömürlülər İsmayıl (100 yaş) və Mirasta (84), Xaçmaz rayonu, 2006
Uzunömürlülər İsmayıl (100 yaş) və Mirasta (84), Xaçmaz rayonu, 2006
BMT-nin insan inkişafına dair illik hesabatında Azərbaycan 86-cı yerdə durur. Hesabatda qeyd edilir ki, İnsan İnkişafı İndeksi üç ölçünü özündə birləşdirir. Bura orta ömür uzunluğu, təhsilin səviyyəsi və layiqli yaşayış standartları aid edilir.

Hesabatdan bəlli olur ki, 2007-ci ilin statistik göstəriciləri əsas götürülüb. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, həmin il Azərbaycan Ümumi Daxili Məhsulun artımına görə bütün dünyada lider olub. O hesab edir ki, hesabatda Azərbaycanın orta mövqe tutması məhz bu amillə izah edilməlidir. Çünki ölkəyə böyük neft pullarının gəlməsi büdcəyə daha çox vəsaitlərin daxil edilməsinə və büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının artırılmasına təsir göstərib.

Bununla belə, Azər Mehtiyev düşünür ki, son illər Azərbaycanda çoxsaylı məktəblər inşa edilsə də, bu, təhsilin səviyyəsinin yüksəlməsindən xəbər vermir. Əks halda valideynlərin kütləvi sürətdə repetitorlara müraciət etməsinin heç bir anlamı olmazdı.

AZƏRBAYCAN UZUNÖMÜRLÜLƏR DİYARIDIR?


Azər Mehtiyev
Hesabatda diqqətçəkən məqamlardan biri Azərbaycanda orta yaş həddinin 70 götürülməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə də, Azərbaycanda kişilərin orta yaş həddi 69, qadınlarınkı isə 72-dir. Mərkəzi Kəşfiyyat İdarəsinin saytında isə Azərbaycanda orta yaş həddi 66 götürülür. İqtisadçı Azər Mehtiyev deyir ki, Azərbaycanda statistik rəqəmləri hələ sovet dövründən qalma şişirtmə ənənəsi var:

- Sadəcə, son illər ölkədə aparılan təbliğat bunu diktə edir. Yəni gəlirlər artır, Ümumi Daxili Məhsul artır, maaş və pensiyalar artır və bu baxımdan onlar çalışırlar ki, orta yaş həddinin də artdığını bəyan etsinlər.

BMT-nin Bakı ofisindən isə bildirirlər ki, onlar yalnız Ümumi Daxili Məhsulla bağlı rəqəmləri ölkələrin statistika komitələrindən götürürlər.

İqtisadçı, millət vəkili Nazim Məmmədov isə deyir ki, əslində Azərbaycandakı yaşayış səviyyəsi insanların daha çox uzunömürlü olmalarını vacib edir:

GƏDƏBƏYLİ QADIN GİNNESİN REKORDLAR KİTABINA DÜŞƏ BİLMƏDİ

- Azərbaycan bu mənada daha layiqli yer tutmalı idi. Ancaq Ermənistanın təcavüzü buna imkan vermədi. Nə qədər qaçqınlar yarandı, insanlar stressdə yaşayırlar. Bu, çox vacib məqamdır.

Nazim Məmmədov
Nazim Məmmədov deyir ki, elə onun millət vəkili seçildiyi Gədəbəy rayonunda neçə-neçə uzunömürlü insanlara rast gəlib. Hətta onlardan bir qadının 128 yaşı olub. Millət vəkili deyir ki, onlar hətta bununla bağlı Ginnesin rekordlar kitabına müraciət etmək istəyiblər. Ancaq həmin qadın elə bu il vəfat edib.

İqtisadçı Azər Mehtiyev isə deyir ki, tək müharibə şəraiti yox, başqa bir sıra amillər də Azərbaycanda insan ömrünün qısalmasına xidmət edir. Bura insanın dolanışığı, sosial statusu, cəmiyyətdə hökm sürən gərginliklər və ekoloji amillər də daxildir. O yada salır ki, hələ sovetlər dönəmində rəsmi təbliğatda Azərbaycan «uzunömürlülər diyarı» adlandırılırdı. Ancaq yenidənqurmadan sonra daha bu nağıllar eşidilmədi. O vaxt xüsusilə də bu baxımdan Azərbaycanın cənub rayonları nümunə çəkilirdi.

81 yaşlı Astara şəhər sakini Ələmdar Hüseynov isə deyir ki, indi rayonda tək-tək onun kimi yaşlı insanlara rast gələ bilir. 10 uşaq atası Ə.Hüseynov bildirir ki, uzunömürlü olmaq Allahdan yox, insanın özündən asılıdır:

- Məhəmməd peyğəmbər deyir ki, insan gərək özünü hər şeydən qoruya. Bir də çox çalışmaq lazımdır.

Nəvə-nəticələrinin sayını artıq dəqiq bilməyən bu insanın deməsinə görə, heç vaxt siqaret çəkməyib. Cavanlığından içkinin daşını atıb. Ömrü boyu da fəhləlik edib…
XS
SM
MD
LG