Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:35

30 ildə ilk dəfə ABŞ və İran rəsmilərinin birbaşa təması olub


Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana (solda) və İranın nüvə danışıqlarındakı yüksək səviyyəli nümayəndəsi Seyid Cəlili (sağda), Cenevrə, 1 oktyabr 2009.
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana (solda) və İranın nüvə danışıqlarındakı yüksək səviyyəli nümayəndəsi Seyid Cəlili (sağda), Cenevrə, 1 oktyabr 2009.

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməyi planlaşdırdığını deyir. Tehran bu yaxınlarda Qum şəhəri yaxınlığında qurduğu yeni zavoda həmin agentlikdən ekspertlər dəvət edəcək.

Bu barədə sentyabrın 1-də Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana məlumat verib.

İran və ABŞ-ın yüksək səviyyəli rəsmiləri arasında bu gün Cenevrədə keçirilən görüşdən sonra mətbuat konfransında Solana deyib ki, oktyabrın sonlarında yeni görüş keçiriləcək.

Həmin görüşdə də İranın nüvə planları barədə hər iki tərəfdən verilən planların müzakirəsi davam etdiriləcək.

Cenevrə yaxınlığında bugünkü görüş isə ABŞ Dövlət katibinin müavini Uilyam Börnslə İranın nüvə danışıqlarındakı yüksək səviyyəli nümayəndəsi Seyid Cəlili arasında keçirilib.

Bu, 1979-cu il İslam İnqilabından bu yana yüksək səviyyəli bir ABŞ rəsmisi ilə İran rəsmisinin ilk birbaşa ünsiyyəti hesab olunur.

Danışıqlarda Almaniya və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Böyük Britaniya, Rusiya, Fransa və Çinin nümayəndələri də iştirak edib.

İranın nüvə proqramı üzrə yüksək vəzifəli nümayəndəsi Əli-Əkbər Salehi danışıqlardan əvvəl deyib ki, İran müzakirədə özünün suveren hüququ ilə bazarlıq etməyəcək:

«Silahsızlaşma, nüvə silahının yayılmaması, nüvə texnologiyaları, texniki əməkdaşlıq kimi sahələrdə biz müzakirələrə hazırıq. Amma biz suveren hüquqlarımızı müzakirə etməyəcəyik. Cenevrə danışıqlarında da biz məhz bunu vurğulamaq istəyirik».

Ağ Evin sözçüsü Robert Gibbs isə müzakirələrdən gözlədikləri nəticələri bu cür izah edib:

«Bu, təkzibolunmaz faktdır ki, zavod Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə zidd qurulub. Biz tələb edəcəyik ki, MAQATE müfəttişlərinin maneəsiz bütün avadanlıqlara, sənədlərə, işçi heyətə və zavod ətrafında hər şeyə baxmalarına şərait yaradılsın».

İran yalnız elektrik enerjisi əldə etmək üçün nüvə proqramı həyata keçirdiyini deyir. Onun əslində nüvə silahı yaratdığından şübhələnən Qərbə isə onu yoxlamağa imkan vermir. İran buna razılıq verməsə, ABŞ və Qərb Tehranı BMT-nin dördüncü dəfə sanksiyaları ilə hədələyir.

Amma həmin sanksiyalar da BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri - Rusiya və Çinin etirazına görə çoxlarına real görünmür.

Son vaxtlar Rusiya İrana qarşı sözlərini sərtləşdirsə də, hələlik sanksiyaların tətbiqi fikrini müdafiə etmir.

Çin də İrana sanksiya qoyulmasının əleyhinədir. Ekspertlər hesab edirlər ki, İranın neft-qaz sektorunda sərmayəsi olan Çini çətin ki, buna razı salmaq mümkün olsun.

Amma İsrailin Baş nazirinin müavini Silvan Şalom oktyabrın 1-də bildirib ki, Rusiya və Çin razı olmasa da, sanksiyalar mümkündür. Onun fikrincə, ABŞ, Avropa Birliyi, Avstraliya, Yaponiya və Kanada ilə birlikdə real sanksiyalarla İranı nüvə proqramından yayındıra bilərlər:

«Mən düşünürəm ki, bu, sadəcə vaxt itirməkdir. İran yalnız vaxt qazanmaq istəyir. İllərdir ki, onlar nüvə proqramı üzərində işləyirlər. İndi isə nüvə dövləti olmağa yaxınlaşırlar».

İranın nüvə silahı yaratmaq işləri barədə kəşfiyyat məlumatları da var. 2007-ci ildə ABŞ kəşfiyyatı İranın 2002-ci ildə nüvə proqramını dondurması barədə məlumat vermişdi.

Amma bu həftənin əvvəlində Britaniya kəşfiyyatı bildirdi ki, İran 2004-cü ilin sonunda, ya da 2005-ci ilin əvvəlində nüvə döyüş başlığı əldə etmək yönündə işləri bərpa edib.
XS
SM
MD
LG