Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Siyasi, yoxsa hərbi raket sınağı?


Sentyabrın 28-də İran iki min kilometr məsafədəki hədəfləri vura bilən iki raketi sınaqdan keçirib.

Belə raketlər həm İsraili, həm də Amerikanın Fars körfəzindəki bazalarını vurmaq gücündədir. Bunlardan biri Şahab-3 raketi, digəri isə yeni - Secil raketidir.

İnqilab Qvardiyasının hava qüvvələri komandiri general Hosseyn Salami deyib ki, yer-yer tipli Şahab-3 raketinin sınağı uğurla keçib. Bazar günü başlayan hərbi təlimlər zamanı qısa və orta mənzilli raketlər də sınaqdan keçirilib.

“SECİL”İN SINAĞI HAQDA DETALLI MƏLUMAT VERİLMİR

Amma Salami Secil raketinin sınağının təfərrüatı haqda danışmayıb. Bu raket iki mərhələlidir və Şahaba nisbətən daha mürəkkəb quruluşa malikdir. Secil bərk yanacaq işlədir və ekspertlərin fikrincə bu hədəfi daha dəqiq vurmağa kömək edir.

Belə ehtimallar da var ki, son raket sınaqları İranın Qərb ölkələri ilə münasibələrini daha da gərginləşdirəcək.

Amerika prezidenti Obama İranın yeni uran zənginləşdirmə mərkəzi haqda məlumatı Pitzburqda Böyük 20-lik sammiti vaxtı verib. 25 Sentyabr 2009
Bundan qabaq məlum olmuşdu ki, İran ikinci bir uran zənginləşdirmə mərkəzi də tikir.

Həmin mərkəz şiə müsəlmanların müqəddəs saydığı Qum şəhəri yaxınlığında yerin altında tikilir.

Amerika, Britaniya, Fransa və başqa qərb ölkələri İranı gizli fəaliyyətdə ittiham ediblər, Tehran isə bildirib ki, Qum şəhərinin yaxınlığında tikilən mərkəz məxfi səciyyəli deyil.

QƏRB QUM YAXINLIĞINDA TİKİLƏN MƏRKƏZDƏN NARAHATDIR

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hassan Qaşqavi deyib ki, raket sınaqları ölkənin müdafiə qabiliyyətinin artırılmasına yönələn hərbi təlimlər çərçivəsində keçirilib və bunun İranın nüvə proqramı ilə heç bir əlaqəsi yoxdur.

"Biz raket texnologiyalarının inkişaf etdirilməsində irəliləyiş əldə etmişik. Ona görə də belə irəliləyişə nail olan başqa ölkələr kimi biz də yeni raketlərimizi sınaqdan çıxarmaq istəyirik. Bu sınaqların dinc nüvə proqramı ilə bir əlaqəsi yoxdur. Üstəlik də belə sınaqların özü də yeni deyil”.

Bu sınaqların keçirilməsi oktyabrın 1-də Amerika, Fransa, Britaniya, Çin, Rusiya və Almaniyanın İranın nüvə proqramı ilə bağlı keçirəcəkləri müzakirədən əvvələ təsadüf edir.

Həmin ölkələr İranın beynəlxalq atom enerjisi agentliyinə özünün nüvə proqramı haqda detallı məlumat verməməsindən narahatdılar. Qərb ölkələri şübhələnirlər ki, İran gizli şəkildə atom silahı düzəltməyə çalışır.

Tehran isə deyir ki, nüvə proqramında məqsədin elektrik enerjisi istehsal etməkdir.
XS
SM
MD
LG