Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Yol polisinin də çəkindiyi mütəşəkkil reketlər


Azər Həsrət
Azər Həsrət
Azərbaycan vətəndaşlarının yollarda hüquqları necə qorunur? Bu hüquqlar hansı qanunlarla tənzimlənir? Yoldakı hüquqları qorumalı olan qurumlar bu işin öhdəsindən necə gəlirlər? Yollarda hüquqları pozulan sürücülər və piyadalar hara müraciət etməlidirlər?

Bu suallara AzadlıqRadiosu və «İnternyus-Azərbaycan» təşkilatının birgə layihəsi olan «Hər kəsin haqqı var» verilişində cavab axtarmışıq.

XAÇMAZDA SÜRÜCÜLƏR NƏQLİYYAT NAZİRLİYİNDƏN GİLEYLƏNİRLƏR

Xaçmazdakı yük maşınlarının sürücüləri deyirlər ki, Bakıdan Xaçmaza yük aparana qədər Nəqliyyat Nazirliyinin 1 saylı «Yolların mühafizə xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları bir neçə dəfə onları saxlayır, yeri gəldi-gəlmədi pul tələb edirlər. Bu tələbə əməl etməyən sürücülərin maşınların nömrələrini açırlar.

Xaçmaz rayonundan olan «Kamaz» sürücüsü Ələsgər Əmirquluyev deyir ki, Nəqliyyat Nazirliyinin əməkdaşları ondan dəfələrlə pul alıblar, amma həmin pulu niyə alırlar - məlum deyil. Heç buna görə onlara hər hansı bir sənəd də verilmir.

«NÖMRƏMİ AÇIB APARSALAR AZI 150 MANAT VERMƏLİSƏN»

«Saxlayan kimi ödədinsə bu məbləğ 40-50 manatdan çox olmur. Elə ki nömrəni özləri ilə apardılar onda məbləğ 150 -200 manata qalxır. Nəqliyyat müfəttişlərinin tələblərinə əməl etməyib yoluna davam etməksə çox təhlükəlidir. Çünki müfəttişlər sürücüləri təqib etməkdən, döyməkdən belə çəkinmirlər».

Avqustun 4-də Dəvəçi yolunda Xaçmaz rayon sakini Mehman Əmirquliyevin idarə etdiyi yük maşınını təqib edən nəqliyyat müfəttişləri sürücünü döyüblər, onun pulunu və telefonun əlindən alıblar. Döyülmə nəticəsində sürücü kəllə-beyin zədəsi alıb. Onun hüquq-mühafizə orqanlarına müraciəti özünün həbsiylə nəticələnib. O, hələ də həbsdədir.

NƏQLİYYAT NAZİRLİYİ HƏLƏLİK TƏƏSSÜFLƏNİR

Nazirlikdə katibliyin rəhbəri Namiq Həsənov deyir ki, bu, çox təəssüfləndirici haldır:

«Sürücü qanuna məhəl qoymayıbsa, o, buna görə məsuliyyət daşıyır. Ancaq bunun həlli məhkəmə yoluyla olmalıdır. Əgər doğrudan da bu hadisə baş veribsə, araşdırılacaq, günahkar cəzalandırılacaq».

Nazirliyin rəsmi mövqeyi budur ki, heç bir sürücünü təqib etmək lazım deyil:

«Belə bir hadisə olubsa, bu, o demək deyil ki, bu, bizim iş metodumuzdur».

Namiq Həsənov
N.Həsənov baş verən hadisəni istisna hesab edir.

«DÖVLƏT SƏVİYYƏSİNDƏ REKETƏ GÖZ YUMULUR»

«Yol» İctimai Birliyinin sədri Azər Həsrət hesab edir ki, bütün bunlar dövlətin bir qrup adama həddən artıq çox hüquq verməsi ucbatından baş verir:

«Nəqliyyat vasitələrini yolda saxlamaq, onlara yerində cərimə kəsib cəzalandırmaq birbaşa Dövlət Yol Polisinin səlahiyyətindədir. Lisenziya ilə bağlı hər hansı problem ortaya çıxsa, nəqliyyat müfəttişləri bu işi DYP işçilərinin müvafiq iştirakı ilə həyata keçirə bilərlər».

A.Həsrət deyir ki, Nəqliyyat Nazirliyi işçilərinin bu cür hərəkətlərinə nədənsə DYP də göz yumur:

«Avtomobil sürücüsünün qovularaq tutulması, döyülməsi istənilən halda qanun pozuntusudur. Təəssüf ki, dövlət orqanları bu cinayəti malalamağa çalışırlar. Guya sürücü etikasız hərəkətə yol verib. Əgər sən sürücünü saxlamasan, o, necə elə hərəkəti edə bilər? Bu, dövlət səviyyəsində reketdir. Sadəcə, bu adamlar əmindirlər ki heç kim onları cəzalandırmayacaq».

«BİLMİRƏM NƏQLİYYAT NAZİRLİYİ İŞÇİLƏRİNİN AVTOMOBİL SAXLAMAQ HÜQUQU VAR YA YOX»


Baş Dövlət Yol Polisi İdarəsinin yol təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev deyir ki, qanuna əsasən, nəqliyyat vasitələrinin yoxlanması, yaxalanması prosesini ancaq DYP əməkdaşları həyata keçirə bilərlər:

«Ancaq mən bilmirəm, Nəqliyyat Nazirliyinin belə bir hüququ var, ya yox. Ola bilər, xüsusi qəbul edilmiş normativ hüquqi aktlarına əsasən, onların da yük maşınlarını, avtobusları saxlamaq hüququ var. DYP ilə Nəqliyyat Nazirliyinin əməkdaşları birgə plan əsasında iş görür. Məsələn, hansısa «ekoloji aylıq» keçirilir, nəqliyyat vasitələrinin texniki sazlığı, yaxud marşrut avtobuslarda sürücülərin kateqoriyaları yoxlanılır».

«HÜQUQU POZULAN PİYADA ÖZÜ HEÇ KİMİ CƏZALANDIRA BİLMƏZ»

Kamran Əliyev deyir ki, Azərbaycanda piyadanın özü hansısa formada onun hüququnu pozan sürücünü cəzalandıra bilməz:

«Piyada sadəcə, qaydanı pozan maşının dövlət qeydiyyat nömrə-nişanı barədə DYP şöbələrinə məlumat verə bilər. Amma yalnız vətəndaşın məlumatı əsasında kimisə cəzalandırmaq olmaz. DYP işçisi sürücünü qaydanı pozan anda aşkarlayarsa, bu halda o, inzibati məsuliyyətə cəlb edilə bilər».

DYP rəsmisi onu da bildirir ki, sürücülər yolların keyfiyyətindəki problemlərdən ziyan çəkirsə, onlar məsuliyyət daşımır.

Lakin «Yol» İctimai Birliyinin nin sədri Azər Həsrət hesab edir ki, bu hallarda DYP-nin məsuliyyəti az deyil. Çünki yollarda təmir-bərpa işi aparan qurumlar bu barədə DYP-yə məlumat verirlər. Yol polisi də öncədən təmir aparılan əraziyə çatmamış bir neçə km-dən bu barədə işarələr qoymalıdır.

CƏRİMƏLƏRİ ARTIRMAQ, YOXSA YOL MƏDƏNİYYƏTİNİ AŞILAMAQ?

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov hesab edir ki, yolda qanunu pozan sürücülər üçün cərimələrin məbləği azdır. Bu səbəbdən də qəzaların, pozuntu hallarının sayı çoxdur:

«Bir sıra qayda pozuntularına görə qanunvericilikdə nəzərdə tutulan cərimə azdır. Məsələn, piyada keçidini keçmə, sükan arxasında telefonla danışma, dayanma-durma qaydalarının pozulması. Bunlara görə mövcud cərimə 15 manatdır. Lakin məncə, azı 50 manat olmalıdır».

A.Həsrət isə cərimələrin artırılmasını yox, vətəndaşlarda yol mədəniyyətinin aşılanmasını daha vacib sayır.
XS
SM
MD
LG