Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Söz azadlığını boğanlara yardım edənlər


Çin hökuməti də artıq təkcə Google-ni yox, başqa şirkətləri də məhdudiyyətlərə məcbur edə bilir.
Çin hökuməti də artıq təkcə Google-ni yox, başqa şirkətləri də məhdudiyyətlərə məcbur edə bilir.
BİRİNCİ MİSAL

«Yale University» Nəşriyyat Evinin bu yaxınlarda çapdan çıxacaq «Dünyanı sarsıdan karikaturalar» kitabçasında Məhəmməd peyğəmbərin Danimarkada 2005-ci ildə çap olunan 12 karikaturası haqda alimlərin araşdırmaları yer alıb. Kitabın müəllifi Yit Klausen sübut eləməyə çalışır ki, həmin karikaturaların danimarkalı dindarlar tərəfindən düzgün şərh olunmaması və anlaşılmaması bütün dünyada karikaturalara qarşı etirazlar doğurubmuş.

Klausen bir neçə islam üləmasının da onun iddiasını doğrulayan fikirlərinə kitabında yer verib. Ancaq diqqət çəkiləcək məqam heç də bu deyil.

ABŞ-ın və dünyanın çox hörmətli universitetlərindən birinin nəşr elədiyi kitabçada karikaturaların özləri dərc edilməyib!

İKİNCİ MİSAL


«GQ» jurnalının sentyabr sayını əldə eləyin. Jurnalda «Vladimir Putini hakimiyyətə gətirən gizli məqamlar» məqaləsində iddia olunur ki, Rusiya gizli xidmətləri 2000-ci ildə Moskvada silsilə partlayışlar törədib, günahını çeçen yaraqlılarının boynuna atıblar. Bu partlayışlar Çeçenistana qarşı yeni hərbi əməliyyata başlamaq və Putini hakimiyyətə gətirmək üçün istifadə olunub.

Maraqlısı odur ki, bu məqaləni siz nə «GQ» jurnalının rus versiyasında, nə də internet saytında tapa bilərsiz. «GQ» jurnalıyla yanaşı «Voque» və «Glamour» kimi nəşrlərin də sahibi olan «Conde Nast» media şirkəti həmin məqaləni bütün məhsullarından yığışdırmaq və xatırlatmamaqla bağlı qərar verib.

ÜÇÜNCÜ MİSAL

Əgər çin əlifbasıyla nəsə yaza bilirsinizsə, «Tiananmen» sözünü Google.cn (Google.com-un çin dilində saytı) arama səhifəsində yazın. Pekində, Tiananmen meydanında baş verən qanlı tələbə qırğını ilə bağlı heç bir məlumat tapa bilməyəcəksiz.

Sadəcə ona görə ki, 2006-cı ildə Google şirkəti Çin internet məkanında fəaliyyət göstərə bilmək üçün dövlətin arama sistemlərinə bəzi məhdudiyyətlər qoymaq şərtini qəbul edib.

Bu üç misalın üçü də fərql səbəblərdən baş verib. Birincisində, Yale Universiteti hesab eləyib ki, karikaturaları dərc eləsə, etirazlara səbəb olar və universitet şəhərciyində qarşıdurma yaranar. İkincisində, «Conde Nast» Rusiyadan olan şirkətlərdən gələn reklamları itirməmək üçün Putin haqda məqaləni yığışdırıb. Üçüncü halda isə, Google Çinin çox iri internet bazarına girə bilmək üçün arama məhdudiyyətlərinə razılaşıb.

Bu şirkətlərin hər üçü ABŞ şirkətidir. Amma faktiki olaraq hər üçü Rusiya, Çin hökumətləri və hansısa radikal islamçılardan ehtiyat edib, öz gəlirlərini düşünüb, söz azadlığını məhdudlaşdırıblar.

ONLARDAN HEÇ BİRİ BU ADDIMINDAN HEÇ NƏ UDMAYIBLAR VƏ YA UDMAYACAQLAR

«Conde Nast» media şirkəti rus oliqarxlarına güzəştə getməklə faktiki olaraq onların nəzarətində olan müəssisələrin gələcəkdə də nazıyla oynamağa öz-özünü məhkum elədi. Yəni artıq hansısa bir yazı kiminsə xoşuna gəlməyəndə rus biznesmenləri eyni təzyiq yolundan istifadə edib, istənilən məlumatı məhdudlaşdıra bilər.

Yale Universiteti kimi nüfuzlu bir qurum əgər sözügedən karikaturaları dərc eləməyə özündə güc tapa bilmirsə, artıq hansısa sıradan bir media orqanını eyni addımı atdığına görə kim qınaya bilər?

Google şirkəti Çin hökumətinin tələbiylə razılaşıb, bu bazarda rahatca fəaliyyət göstərəcəyini düşünsə də, hər il hökumətin yeni tələbləriylə üzləşməli olur və artıq orda qurulan işi, başlanan layihəni yarımçıq qoymamaq üçün bütün tələbləri qəbul edirlər. Çin hökuməti də artıq təkcə Google-ni yox, başqa şirkətləri də məhdudiyyətlərə məcbur edə bilir.

Nəticədə bu şirkətlər ən böyük zərbəni dünyada azad sözü məhdudiyyətsiz demək istəyən başqalarına vurublar. Bu şirkətlərə bütün dünya üzrə söz azadlığını məhdudlaşdıra biləcək hərəkətlərə son qoymağı qadağan edə bilən qanunlar yoxdur. Amma ən azından, onları ABŞ-ın özündə bu hərəkətlərdən çəkindirmək mümkündür.
XS
SM
MD
LG