Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:32

«Məktəblərə məktəb adına yaraşmayan çoxsaylı adamlar daxil olub»


Misir Mərdanov
Misir Mərdanov
«Son illər müxtəlif yerli hakimiyyət orqanlarının əsassız müdaxilələri nəticəsində məktəblərə məktəb adına yaraşmayan çoxsaylı adamlar daxil olub».

Təhsil naziri Misir Mərdanov belə deyib. O bildirib ki, əgər 2008-2009-cu tədris ilində ölkə üzrə müəllimlərin sayı 173 100 nəfər olubsa, 2009-2010-cu tədris ilində onların sayı 3100 nəfər azaldılıb (170.000).

Nazir səriştəsiz müəllimlərlə mübarizəni bundan sonra da davam etdirəcəklərini deyib:

«Bu işə qarşı çox ciddi mübarizə aparmaq istəyirik. Məktəbə yalnız məktəb üçün yararlı müəllimləri qəbul etmək lazımdır».

M.Mərdanov deyib ki, ucqar kənd məktəblərində müəllim çatışmazlığı ilə əlaqədar hökumət proqramına əsasən, 5 il ərzində 6000-dən çox müəllim xüsusi imtiyazlar əsasında bölgələrə göndərilib:

«Bu iş demək olar ki, başa çatıb. Bu il 1308 nəfəri biz həmin imtiyazlarla kənd yerləri və ucqar rayonlara göndərmişik».

Nazir məktəblərə müəllim qəbuluna ciddi nəzarət etdiklərini də deyib:

«Bəlkə də bu, bəzilərini qane etmir, amma biz bu siyasətdə israrlıyıq. Məsələn, Bakıda biz müəllimin üzünü belə görmədən, onun sənədləri əsasında internet vasitəsilə müsabiqə keçiririk və məktəbə qəbul edirik».
XS
SM
MD
LG