Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Ermənistanla münasibətlərin normallaşması iqtisadiyyata necə təsir edəcək?


Azerbaijan – Türkiyə hərbçiləri Qars vilayətində Ermənistana aparan yolu qoruyurlar, 15 aprel 2009
Azerbaijan – Türkiyə hərbçiləri Qars vilayətində Ermənistana aparan yolu qoruyurlar, 15 aprel 2009
Mehmet Yılmaz («Hürriyet»)

BİR ALMANIN İKİ YARISI İMİŞİK

Ermənistan ilə «mehriban qonşuluq münasibətləri çərçivəsində diplomatik əlaqələr yaradılmasını» nəzərdə tutan protokol, eynilə Türkiyədə olduğu kimi, Ermənistanda da müxalifətin reaksiyasına səbəb oldu.

Daşnaklar Türkiyə ilə Ermənistan arasındakı sərhəddin «mübahisəli» olduğunu irəli sürüb, sazişin sərhəddin bu günkü vəziyyətini leqallaşdırdığını deyir və «Türkiyənin tələsinə düşdüklərini» bildirirlər. Bunu oxuyanda ermənilərlə türklərin yüz illərin o tərəfindən gələn müştərək yaşayışının bir çox məsələdə olduğu kimi, siyasət sahəsində oxşarlıqlar yaratdığını gördüm. Ermənistanda da içi boş bir müxalifət məfhumu maraq doğura bilir. Buna «iqtidarın dediyi hər şeyə qarşı çıxmaq üçün dünya və ölkə reallıqlarından uzaqlaşmaq» da deyə bilərik. Sanki min il keçsə də, Ermənistan-Türkiyə sərhəddini dəyişdirə biləcəklər. Onları bu əhvali-ruhiyyə içində görürəm.

Türkiyənin bir xarici siyasət məsələsini üçüncü ölkələrin bir-biri ilə problemlərinin həllinə bağlamaq, dünya reallıqlarına uyğun gəlirmi?

İşin əvvəlində ən səhv mövqe Ermənistanla münasibətləri, Ermənistan-Azərbaycan münasibətlərinə indeksləşdirmək idi. Və bu səhvi Rəcəp Tayyib Ərdoğan hökuməti daxil olmaqla əvvəlki bütün hökumətlər etdi. Ermənistan və Türkiyədəki müxalifətin vəzifəsi isə ölkələrimizin bir probleminin həllinə yol açmaqdır. Siyasətlə problemlərin həlli üçün məşğul olunur.

Türkiyədə iqtidarın nə etdiyini bilməyən bir addımlar atdığı dövrdə müxalifətin vəzifəsi iqtidarı doğru yola çəkmək olmalıdır. Hər şeyə topdan şəkildə qarşı çıxmaq yox.

Yalçın Doğan («Hürriyet»)


ÇƏTİN VƏZİYYƏTƏ DÜŞƏN ERMƏNİSTAN İQTİDARIDIR

Son dərəcə önəmli bir cümlə Ermənistanı qarışdırır. Türkiyə ilə Ermənistan arasında imzalanan protokolda o önəmli cümlə budur:

«Hər iki ölkə mehriban qonşuluq prinsipinə uyğun gəlməyən hər hansı siyasət yürütməyəcəyini öhdəsinə götürür».

Bunun mənası belədir: ermənilər və erməni diasporası bundan sonra «soyqırımı» sözünü dillərinə gətirməyəcəklər. Buna görə, xüsusilə, erməni diasporası şokdadır. Türkiyə-Ermənistan münasibətlərini normallaşdıran protokol Türkiyədən çox, Ermənistanda mənfi əks-səda yaradır.

İkitərəfli etiraz

Həm Türkiyədə, həm də Ermənistanda etiraz edilən başqa cümlə, məsələnin tarixi tərəfi ilə bağlıdır. «Soyqırımı oldumu, olmadımı? Oldusa, bunu kim etdi?». İndiyə qədərki «soyqırımı» mübahisəsində Türkiyə «Bunu tarixçilər araşdırsın» deyir. Bu protokoldan sonra məsələ yardımçı komissiyaya həvalə edilir. Yardımçı komissiyada siyasətçilər və əcnəbi mtəxəssislər var. Buna qarşı Ermənistan müxalifəti «soyqırımı»ndan o qədər əmindir ki, «Hələ nəyi araşdıracağıq?» əhvali-ruhiyəsindədir.

Türkiyədə protokola qarşı çıxanlar «soyqırımı» müzakirə edilməyə başladı» deyir, Ermənistanda qarşı çıxanlar isə «soyqırımı» aradan qaldırmaq istəyirlər» etirazını davam etdirirlər.

Erməni üstünlüyü

Ermənistandakı bu atmosfer prezident Sarkisyanın işini çətinləşdirir. Bəlkə bir az mübaliğə edirlər, ancaq deyilən şey budur:

«Bu protokolun Ermənistan parlamentində qəbul edilməsində iqtidar çox çətinə düşəcək».

«Keçməz» deyən də var, ancaq mən elə düşünmürəm. Çünki bu protokol, xüsusilə, iqtisadi baxımdan Ermənistanı bölgədəki tarazlığa daxil edir. Qafqaz və bölgənin bütün enerji dəhlizlərində 3 ölkə var. Türkiyə, Gürcüstan, Azərbaycan. Ermənistan həmişə qıraqdadır. İndi ermənilərə bir qapı açılır, onlar iqtisadi təcriddən xilas olma fürsətini ələ keçirirlər. Türkiyə sayəsində, bu protokolla.

Əsas sual

İki ölkə arasındakı protokol və Azərbaycanın reaksiyası nəticəsində verilən sual budur:

Bölgədəki enerji xətləri və iqtisadi investisiyalara bu protokol necə təsir göstərə bilər?

İllərdən bəri bu işin siyasətinin və texniki müzakirələrinin içində olmuş, məsuliyyətli kreslolarda oturmuş insanların fikirləri belədir:

- Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təsir göstərməz. Cünki orada hər şey tamamlanıb.

- «Nabucco» təbii qaz layihəsinə təsir göstərə bilər. Çünki mənbə ölkələrdən biri Azərbaycandır.

- Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə təsir göstərə bilər. Yenə də Azərbaycan etiraz edə bilər və ya Azərbaycan razı salınarsa, dəmiryolu Yerevanı da ehtiva edər.

Bu protokol siyasətə və «soyqırımı» kimi beynəlxalq mübahisələrə yeni bir yanaşma tərzi gətirəcək. Siyasətin o tərəfində isə, bölgədə həyat dəyişəcək.

Ermənilər daha çox etiraz edir, ancaq iqtisadi cəhətdən əsil qazanc onlarındır.

Gila Benmayor («Hürriyet»)

ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI İQTİSADİYYATDA ÖZ ƏKSİNİ NECƏ TAPACAQ?


Ermənistanla münasibətlərin normallaşmasında qeyri-hökumət təşkilatlarının təşəbbüslərinin rolu böyükdür. 1997-ci ildə yaradılan Türk-Erməni Biznes Şurası (TABDC) münasibətlərin normallaşdırılmasının arxa planındakı qəhrəmanlardan biridir.

Dünən TABDC-nin həmsədri Kaan Soyakdan(o biri həmsədr isə Ermənistandakı UMBA-nın sədri Arsen Qazaryandır) Ermənistan layihəsinin iqtisadi göstəricilərdə qısa və uzun möhlətdə öz əksini necə tapacağını soruşdum. Soyak, TABDC-nin bəzi gözləntilərini dedi.

Ermənistan ilə Türkiyə arasındakı ticarət dövriyyəsi bu gün təxminən 150 milyon dollardır. Bunun qısa müddətdə iki dəfə artırılaraq 300 milyon dollara yüksəldilməsi gözlənilir. İlk 3 ildə 1 milyard dollardan bəhs edilir. Təxminən 10 ildir ki, İstanbul və ətrafında cəmləşən ticarətin sərhəd məntəqəsinin açılmasından sonra Şərq vilayətlərinə yönəlməsindən də söhbət gedir. Məsələn, Qars nə vaxtdan bəri bunu gözləyir. Kaan Soyak «İndilərdə 98%-nin Türkiyənin lehinə olan ticarət dövriyyəsinin genişlənəndən sonra az da olsa, tarazlanmasını gözləyirik» deyir.

Ən sürətli inkişaf turizmdədir

«Başda Rusiya və ABŞ olmaqla, Ermənistanın bir çox ölkə ilə vergidən azad, gömrüksüz ticarət münasibətləri Türkiyənin istehsal həcmi ilə birləşincə, üçüncü ölkələr buna yaxından maraq göstərəcək», - deyə Kaan Soyak sözlərinə bunu əlavə edir:

«Ən sürətli iqtisadi gəlişmə gözləntisi isə turizm sahəsindədir. Vanda Axatamar adası, Qarsda Ani xarabalıqları və Ermənistandakı Eçmiədzindən ibarət olan üçbucaq ABŞ, Fransa, Kanada, Livan kimi ölkələrdə yaşayan 7 milyonluq erməni diasporasının ən çox ziyarət etmək istədikləri yerlərdir».

Kaan Soyak «Dünyanın heç bir yerində belə bir turist təminatından söhbət gedə bilməz» deyir.

İqtisadi nöqteyi-nəzərdən başqa bir məsləyə baxaq. Bu da 1993-cü ildən bəri bağlı olan Qars ilə Gümrü arasındakı dəmiryoludur. Bu dəmiryolu cənub-şimal xəttində Naxçıvandan Bakıya qədər, şərq-qərb xəttində isə Gürcüstan üzərindən Rusiyadan Çinə qədər gedib çıxır. İllərdən bəri lobbi çalışmaları aparan Kaan Soyaka görə, bu dəmiryolunun yenidən açılması Orta Asiya ölkələri və Sibir də daxil olmaqla, Rusiya ilə Qərb arasındakı «dəstək sistemləri»ni də dəyişdirəcək.

Qafqazda yeni enerji yolları

Soyak deyir ki, Kars-Gümrü dəmiryolunun açılması həm böyük iqtisadi qazanc gətirəcək, həm də Əfqanıstana ən etibarlı yollardan biri olacaq.

Ermənistan dövlət dəmiryolu şirkəti bir neçə il qabaq özəlləşdirilib. Rusiya dəmiryolları idarəsi onu satın alıb.

Soyaka görə, Ermənistanla münasibətlərin normallaşdırılması cəhdlərinin yaranmaqda olan enerji ittifaqlarında böyük rolu olacağını da unutmamaq lazımdır. O deyir: «Bununla bağlı qarşıdakı 50 ilin enerji xətlərinin yaradıldığı bir dövrdə Türkiyənin Ermənistanla yaxınlaşması mühümdür. Çünki bu yaxınlaşma Qafqazda enerji ittifaqlarına daha etibarlı və iqtisadi baxımdan daha sərfəli alternativlər təqdim edə bilər».

Soyak Türkiyə ilə Ermənistanın yaxınlaşmasının Azərbaycan-Ermənistan müzakirələrinə də müsbət təsir edəcəyini düşünür.

Bu, həm Türkiyədə, həm də Ermənistanda yaxınlaşmaya müxalif olan səslərin ağıllarına gətirmədikləri bir nöqtədir.
XS
SM
MD
LG