Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:48

İnternetin qiyməti endi?


Provayderlər «Delta Telecom»dan aldıqları 1 MB/san internet üçün təxminən 110 manat ödəyəcəklər

«DEDİLƏR Kİ, BU, BİZƏ AİD DEYİL»


Avqustun 31-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin əsas internet provayderi «Delta Telekom»la birlikdə elan etdi ki, sentyabrın 1-dən Azərbaycanda internet qiymətləri 3 dəfə aşağı düşür. Xəbəri eşidən internet istifadəçiləri internet klublarda da qiymətlərin ucuzlaşacağını fikirləşibmişlər. Onlardan biri, tələbə Rafiq Əliyev deyir ki, tez-tez istifadə etdiyi klublardan birində bu gün interneti ucuzlaşmış qiymətlə istifadə edəcəyini düşünürmüş. Ancaq ondan əvvəlki qiyməti istəyiblər:

- Dedilər ki, bu, bizə aid deyil. Qiyməti müdiriyyət qoyur.

Bakıdakı internet klublarından birinin müdiri Məmməd Talıbovsa deyir ki, qiymətin enməsi haqqında eşidiblər. Ancaq provayderlər qiyməti aşağı salmadığına görə əvvəlki qiymətlərlə işləyirlər:

- Əvvəl necə verirdik, indi də elədir. Çünki provayder qiyməti endirməyib. Onlar endirsin, biz də endirək.

«DELTA TELEKOM» QİYMƏTLƏRİ SALMALIDIR»

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, qiymətin enməsi üçün əsas provayder «Delta Telekom» qiymətləri salmalıdır:

- Qiyməti salan «Delta Telekom»dur. Yəni, bu şirkət topdansatışla məşğuldur. İkinci dərəcəli provayderlər ondan ucuz alsalar, onlar da qiyməti endirəcəklər. Məsələ ondadır ki, «Delta Telekom» bunu hamıya tətbiq etmir. Həcmi çox alan provayderlər üçün qiyməti salır. Böyük provayderlər buna hazırdır, kiçiklərsə yox. İndi biz gözləyirik ki, böyük provayderlər çox alıb ucuz satsınlar, rəqabət də onda olacaq.

«İSTİFADƏÇİLƏR AŞAĞI QİYMƏTLƏ İNTERNET İSTƏYİRLƏRSƏ, HƏLƏ GÖZLƏMƏLİDİRLƏR»

«Delta Telekom» şirkətinin texniki direkoru Rahid Ələkbərli isə deyir ki, istifadəçilər aşağı qiymətlə internet istəyirlərsə, hələ gözləməlidirlər:

- Qiymət endi deyildisə, internet istifadəçiləri sabahdan gedib provayderlərdən aşağı qiymət tələb etməməlidir. Çünki buna müəyyən vaxt sərf edilməlidir. İstifadəçilər və provayderlər arasında olan resurslar genişləndirilməlidir, sürətin artırılması prosesləri getməlidir.

Sentyabrın 1-dən elan olunan yeni qiymətlərə görə, provayderlər «Delta Telecom»dan aldıqları 1 MB/san internet üçün təxminən 110 manat ödəyəcəklər. Əvvəl bu qiymət 275 manat idi.
XS
SM
MD
LG