Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Bu gedişlə 1 milyard adam siqaretdən öləcək


Hər 10 ölən adamdan biri siqaret çəkdiyi üçün ölür
Hər 10 ölən adamdan biri siqaret çəkdiyi üçün ölür
Əgər siqaret çəkənlərin artımı indiki səviyyədə qalsa, 21-ci əsrdə 1 milyard adam siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişəcək.

Ümumdünya Ağciyər Fondu və Amerika Xərçəng Cəmiyyətinin birgə hazırladığı yeni araşdırmada - Dünya Tütün Atlasında belə deyilir.

Araşdırmadakı önəmli faktları təqdim edirik.

TÜTÜNÜN CİBƏ ZİYANI

Hər il tütün üzündən dəyən ziyanı qarşılamaq üçün dünya iqtisadiyyatı birbaşa səhiyyəyə, ətraf mühitin qorunmasına və insanların iş keyfiyyətinin bərpasına 500 milyard dollar əlavə vəsait ayırmalı olur.

Hər il dünyada 4 milyon hektar əkinə yararlı torpaq sahələrində ərzaq əvəzinə tütün becərilir. Bu bütün yer üzündə portağal və banan becərilən torpaqların sahəsinə bərabərdir.

TÜTÜNÜN İNSANLIĞA ZİYANI

Ötən əsrdə 100 milyon insan tütün çəkdiyi üçün dünyasını dəyişib.

Hər 10 ölən adamdan biri siqaret çəkdiyi üçün ölür.

Siqaret çəkənlər çəkməyənlərdən 15 il az yaşayır.

Tütün üzündən gələn il 6 milyon adam xərçəng xəstəliyindən, ürək çatışmazlığından, enfizema və başqa xəstəliklərdən öləcək.

Tütün siqaret çəkənlərin 1/3-indən yarısına qədərinin ölümünə səbəb olur.

Siqaret çəkən kişilərdə ağciyər xərçəngindən ölmək riski çəkməyənlərdən 23 dəfə, qadınlarda isə 13 dəfə çoxdur.

TÜTÜNÜN UŞAQLARA ZİYANI

Bugünkü uşaqlar və yeniyetmələrin 250 milyon nəfəri siqaret çəkdiyi üçün dünyasını dəyişəcək.

Siqaret çəkən gənclərin ¼-i 10 yaşına kimi ilk siqaretinin dadına baxıb.

50 milyon çinli uşağı tütünlə bağlı xəstəliklərdən öləcək.

KİMLƏR ÇƏKİR?

Dünyada 1 milyard kişi siqaret çəkir. İnkişaf eləmiş ölkələrdə yaşayan hər 3 kişidən biri, hələ inkişaf eləməkdə olan ölkələrdə isə hər 2 kişidən biri siqaret çəkənlərdir.

Dünyada 250 milyon qadın gündəlik siqaret çəkir. İnkişaf eləmiş ölkələrdə hər 5 qadından biri, inkişaf eləməkdə olan ölkələrdə hər 10 qadından biri siqaret çəkir.

15-45 yaşlı Azərbaycan qadınlarının 1 faizi siqaret çəkənlərdir.

Çinlilərin 60 faizi siqaret çəkənlərdir və gündə bütün dünyada istehsal olunan siqaretin 37 faizini çəkirlər.

AZƏRBAYCAN

Atlasda Azərbaycanla bağlı rəqəmlər elə də çox deyil. Sadəcə, Azərbaycanda qadınların 1 faizinin siqaret çəkdiyi və hər gün 1 milyon 253 min qutu siqaretin çəkildiyi bildirilir.
XS
SM
MD
LG