Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

«MTN-də mənə dedilər ki, sənin milli mənsubiyyətin yoxdur»


«Mən düşmən tərəfinə keçməmişəm ki…»
«Mən düşmən tərəfinə keçməmişəm ki…»
«Eurovision-2009» mahnı müsabiqəsindən sonra 2-3 gün ərzində çoxlarına artıq bəlli idi ki, Azərbaycandan 43 nəfər Ermənistan təmsilçilərinə səs verib. O zaman heç bir səs-küy qalxmadı. Üstündən 3 ay keçəndən sonra həmin səs verənləri Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırdılar. Çağırılanların arasında Rövşən Nəsirli də vardı.

Rövşən Nəsirli AzadlıqRadiosunun «İşdən sonra» verilişinin qonağı olub və bəzi məsələlərə aydınlıq gətirib:

- Sirr deyilsə, MTN-də dindirilmə zamanı sizdən nələri soruşdular?

- Sirr deyil. Soruşdular ki, «telefonumdan məndən başqa istifadə edən olubmu?» Dedim «yox». Dedilər ki, «Doğrudanmı, Ermənistan nümayəndələrinin xeyrinə səs göndərmişəm?» Dedim, «hə». Sonra milli mənsubiyyətimi soruşdular. Dedim ki, azərbaycanlıyam.

- Reaksiya necə oldu?

- Dedilər ki, sənin milli mənsubiyyətin yoxdur. Sən bu gün Ermənistana səs verirsənsə, sabah gedib metroya bomba qoyub partlada da bilərsən. Sənin kimilərə görə Qarabağı da uduzduq. Azərbaycan qanunlarında yazılsaydı ki, erməniyə səs vermək olmaz – mən səs verməzdim. Mənim adi bir hüququmu pozublar.

- Sizi tənqid edənlər daha çoxdur, nəinki müdafiə edənlər...

- Hər bir vətəndaş özünə sual verməlidir ki, niyə Azərbaycanda adamlar bu cür qanunsuz sorğuya cəlb oluur? Mən vətəndaşlardan bu reaksiyanı gözləyirdim. Ancaq gördüm ki, laqeydlik daha çoxdur və bəzi qəzetlər də burada rol oynadı. Təəssüf ki, insanların siyasi savadı hələ də lazımi səviyyədə deyil. Düşünmürlər ki, bu, sabah da onların başına gələ bilər. Qondarma bir ittihama görə istənilən adama cinayət işi qaldırmaq olar. Əgər bilsəm ki, MTN və «Azercell»i məhkəməyə verib qələbə qazana bilərəm, buna gedərəm. Amma Azərbaycan məhkəməsi azad deyil. Adi bir SMS-ə görə insanın başına bu qədər iş gəlir. MTN məni elə çağırdı ki, qorxdum. Bu yaxınlarda anam rəhmətə gedib. Hər şeyi çox emosional qəbul edirəm, qorxurdum ki, bir cinayət işi açıb tuta da bilərlər. MTN bu işlə məşğul olmalı deyil. İnsana bu qədər hədə-qorxu gəlinməməlidir.

- Axı ortada Azərbaycanın təhlükəsizlik məsələləri də var...

- Onlar daha yüksək dərəcəli işlə məşğul olmalı idilər. İndisə, bu olayı xaricdə hamı bilir. Azərbaycanını onsuz da pis olan imicinə daha bir zərbə vuruldu. Buna görə, əgər dərinliyini anlasalar, həmin müstəntiqləri işdən azad etməlidirlər.

- Düşünmürdüz ki, buna görə sizə nəsə ola bilər?

- Düşünmürdüm. Ona görə ki, rəsmən bəyan edilmişdi ki, bütün səslər Almaniyadakı SMS mərkəzinə gedir. Güman etmirdim ki, Azərbaycan hökumətinin bunu araşdırmağa imkanı olsun.

- Sizi vətən xaini adlandıranlar da var.

- Mən düşmən tərəfinə keçməmişəm ki…Mahnı xoşuma gəlib SMS göndərmişəm. Bir SMS göndərməməklə Qarabağı qaytarsaydıq, mən təbii ki, SMS göndərməzdim. İnsan sərbəst hərəkət edərək SMS göndərəndə bəlkə də çox şeyi düşünməyə bilər. Bu, düzgün deyil, əlbəttə. Gərək çox şeyləri nəzərə alaydım. Səhv etmişəm.

Siz necə hesab edirsiniz, «Eurovision» mahnı müsabiqəsində Ermənistan iştirakçılarına səs vermək qəbahətdirmi? Bu mövzuda AzadliqRadiosuna daxil olan şərhləri oxumaq və forumda işrirak etmək üçün bura daxil olun.
XS
SM
MD
LG