Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Əfqanlar güllə altında səs verir


Məlumatlara görə, seçkidə qadınlar fəal olub, Kabil, 20 avqust 2009
Məlumatlara görə, seçkidə qadınlar fəal olub, Kabil, 20 avqust 2009


Əfqanıstanda prezident və əyalət şuralarına başa çatan seçkilər üçün səslərin sayılması gedir. Nəticələr yaxın günlərdə məlum olacaq. Seçicilərin 50+1%-dən çox səsini toplamış namizəd prezident olacaq. Müşahidəçilər indiki prezident Həmid Karzayinin seçilməsi ehtimalının daha yüksək olduğunu deyirdilər.

30-dan çox prezidentliyə namizəd arasında onun əsas rəqibləri isə keçmiş Maliyyə naziri Əşrəf Ghani və keçmiş Xarici İşlər naziri Abdulla Abdulla hesab olunur.

TOQQUŞMALAR BARƏDƏ MƏLUMAT VERMƏK QADAĞAN EDİLİB

Seçkidən əvvəl «Taliban» prosesi pozacağına söz vermişdi. Bu gün - seçki günü nə baş verdiyi, «Taliban»ın nələr törətdiyi haqqında doğru-dürüst məlumat yoxdur. Çünki Əfqanıstan hökuməti yerli və xarici mediaya seçki günü baş verə biləcək toqquşmalar barədə məlumat verməyi qadağan edib.

Seçkinin təhlükəsizliyinin təmin edilməsinə yerli və beynəlxalq hərbi qüvvələrdən ibarət 300 min hərbçi çəlb olunub. Amma paytaxt Kabulun ətrafında və ölkənin əksər bölgələrində atışma, partlayış səslərinin gəldiyi haqqında xəbərlər var. Məlumata görə, ölkənin şimalındakı Bağlan şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmada 22 yaraqlı öldürülüb.

Əfqanıstanda olan Azad Seçki Naminə Asiya Şəbəkəsinin Seçkini Müşahidə Missiyasının rəhbəri İchal Supriadi bildirir ki, müşahidəçilər əksər hallarda atışmada çölə çıxıb məntəqələrdə nə baş verdiyini görə bilməyiblər:

- Çox vaxt təhlükəsizliklə bağlı problemlər bizə işləməyə imkan vermir. Məsələn, hazırda müşahidəçilərimizin 20%-i hakimiyyət qüvvələri gələnə qədər təhlükəsiz yerlərdə gizlənməli olub. Beynəlxalq müşahidəçilər üçün olduqca təhlükəli vəziyyət var. Hətta, yerli müşahidəçilər, əfqanlar çölə çıxıb nə baş verdiyini görə bilmirlər.

Bu cür çətin vəziyətə görə, gündüz seçkinin vaxtı bir saat uzadıldı. Rəsmilər isə onların hazırladıqları təhlükəsizlik planının işlədiyini və seçkinin sakit keçdiyini deyirlər.

QADIN SEÇİCİLƏR DAHA FƏALDIRLAR

Ölkənin təhlükəsizliyin daha yaxşı qorunan ərazilərində isə seçki məntəqələrinin önündə səs vermək istəyən vətəndaşların növbələri də müşahidə olunub. Bu ərazilərdə xüsusilə qadın seçicilərin fəal olduqları bildirirlir. Kabulda seçki məntəqəsinin qarşısında Amina Rasoli niyə səs verdiyini «Reuters» Agentliyinə bu cür izah edib:

- Mən öz cəmiyyətim üçün səs verdim. Mən öz cəmiyyətimi inkişaf etmiş görmək istəyirəm. Ona görə də biz səs verib gələcəyimizi seçməliyik. Heç kəs bu hüququ bizdən ala bilməz.

Bu seçkinin legitimliyi üçün əsas şərtlərdən biri orada nə qədər adamın iştirak edəcəyi hesab olunur. Yerli rəsmilər əhalinin seçkidə iştirak səviyyəsindən razı görünür. BMT-nin Kabuldakı sözçüsü isə əhalinin seçkidə iştirak səviyyəsinin ümidverici olduğunu bildirib.

NATO-nun Baş katibi Anders Fogh Rasmussen də seçkinin gedişinin ruhlandırıcı olduğunu bildirib.

Əfqanıstanda bu gün həm də 34 əyalətdə 420 yerli şuraya seçki keçirilib. «Taliban»ın nəzarət etdiyi doqquz əyalətdə seçki keçirilməyib.

MÜŞAHİDƏÇİLƏR KARZAYİNİN ŞANSINI YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR

Herat. Əfqan qadınlar səsvermə məntəqəsinin qarşısında təhlükəsizlik yoxlaması üçün gözləyirlər, 20 avqust 2009

Kabulda polislə silahlılar arasında atışma çıxır, 20 avqust 2009

Qəndəhar. Polis məntəqəsinin qarşısında keşik çəkir, 20 avqust 2009

Əfqan qız bülleteni qutuya atır, 20 avqust 2009
Əfqanıstanın birinci xanımı Zenat Karzai səs verir, Kabul, 20 avqust 2009
Qəndəharda polis səsvermə məntəqəsini qoruyur, 20 avqust 2009
Herat, polis qadın seçiyə gəlmiş seçici qadını təhlükəsizlik üçün yoxlayır, 20 avqust 2009
XS
SM
MD
LG