Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:45

«Eurovision» qalmaqalının daha bir tərəfi


2001-ci ildə «Əməliyyat-axtarış tədbirləri haqqında» qanuna vətəndaşların telefon danışıqlarının izlənməsi ilə bağlı dəyişiklik edilib
2001-ci ildə «Əməliyyat-axtarış tədbirləri haqqında» qanuna vətəndaşların telefon danışıqlarının izlənməsi ilə bağlı dəyişiklik edilib
«Eurovision» mahnı yarışmasında Ermənistan təmsilçisinə səs verən bəzi Azərbaycan vətəndaşlarının Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılması bir sıra suallar doğurub. Bu suallardan biri də telefon danışıqlarının izlənilməsi ilə bağlıdır.

«ERMƏNİSTAN» - TƏHLÜKƏLİ SÖZ

İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz bildirir ki, vətəndaşların telefon danışıqlarının və yazışmalarının izlənməsi qaydaları 2001-ci ilin 11 sentyabr olayından sonra bütün dünyada, o cümlədən Azərbaycanda sərtləşdirilib. Əgər əvvəllər Azərbaycanda dövlət orqanı mobil operator istifadəçilərini izləmək üçün mobil operatorlara müraciət etməli idisə, 2001-ci ildən sonra bütün istifadəçilərin danışıq və yazışmalarına rəsmi qurumların müdaxiləsi açıqdır. Ancaq O.Gündüz MTN-in izləməni total şəkildə deyil, müəyyən proqramlar vasitəsilə lokal şəkildə həyata keçirdiyini bildirir:

- Konkret proqramlar tərtib olunur. Onların yaddaşına konkret sözlər verilir. Məsələn, bu sözlər partlayış, bomba, terror ola bilər. Həmin proqram yazışmalarda bu sözləri taparaq onları ümumi trafikdən ayrılır və üzərində izləmə aparır. Bu, bütün dünyada işlədilən praktikadır.

Osman Gündüz deyir ki, böyük ehtimalla Azərbaycanla Ermənistan arasında müharibə şəraiti hökm sürdüyündən «Ermənistan» sözü də bu «təhlükəli» sözlər sırasına salınıb.

«XALQ DİPLOMATİYASI» VƏ MTN DİNDİRMƏSİ

MTN-in keçmiş əməkdaşı İlham İsmayıl isə düşünür ki, 2001-ci ildə doğrudan da «Əməliyyat-axtarış tədbirləri haqqında» qanuna vətəndaşların telefon danışıqlarının izlənməsi ilə bağlı dəyişiklik edilib. Qanun vətəndaşların izlənməsinə imkan versə də, bu işi istənilən MTN əməkdaşı görə bilməz. Bunun üçün nazir və nazir müavinlərinin yazılı göstərişləri vacibdir:

- Baş verən olaya gəlincə, bu, məsələyə olduqca kobud yanaşmadır. Bu, Azərbaycanın onsuz da pis olan imicinə yenidən zərbə vuracaq. Rəsmilərin Qarabağla bağlı danışıqlarda xalq diplomatiyasını önə çəkməsi fonunda bir gəncin erməni mahnısına səs verdiyinə görə MTN-ə çağırılması anlaşılmazdır.

«AZƏRCELL» ADLARI AÇIQLAYIRMI?

«Azərcell» şirkətindən isə bildirirlər ki, onlar hər hansı abunəçi ilə bağlı informasiyaları yalnız məhkəmə qərarından sonra açıqlayırlar. 2005-ci ildə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov öldürüləndən sonra istintaqa cəlb edilən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları mobil telefon dinləmələri ilə ölkədə son 10 ilin ən hay-küylü cinayətinin – adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin izinə düşə bilmişdilər.

Konkret erməni müğənnisinə səs verən abunəçilərin kimliyi ilə bağlı isə «Azərcell»ə heç bir rəsmi qurumdan müraciət gəlməyib. «Azərcell»in korporativ ünsiyyət və sosial yardım bölməsinin müdiri Ülviyyə Həsənzadə belə deyir:

- Bizə heç bir dövlət orqanı bununla bağlı müraciət etməyib. Hətta müraciət olunsa belə, biz bu informasiyaları açıqlamırıq. Çünki bu, qanundan kənardır.

ARAŞDIRMANIN TƏŞƏBBÜSKARI ERMƏNİSTANDIR

MTN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə isə mediaya müsahibəsində bildirib ki, erməni mahnısına səs verən şəxslərin MTN-ə çağırılmasının səbəbi «Eurovision» yarışından sonra Ermənistanın Azərbaycana qarşı iddia qaldırmasıdır:

- Səslərin düzgün sayılmamasıyla bağlı iddia Avropa Yayım Şurasına (AYŞ) göndərilmişdi. Azərbaycan tərəfindən bu məsələnin araşdırılmasında kömək istənilmişdi. MTN-ə çağırılan şəxslər də məhz AYŞ-ın apardığı araşdırmanın bir hissəsi kimi dəvət edilmişdilər. Bu, Azərbaycan tərəfinin təşəbbüsü deyil. MTN ölkənin əsas sütunlarından biridir. Onun vəzifəsi təhlükəsizliyi qorumaqdır. MTN-ə çağırılma insanların sərbəst fəaliyyət göstərmək imkanlarının məhdudlaşdırılması demək deyil. Bu yaxınlarda bütün bu suallara cavab veriləcək.

İlham İsmayıl isə deyir ki, əslində, gənclərin bu addımı hakimiyyətə etirazın bir formasıdır. Ona görə də hakimiyyət erməni mahnısına səs verən şəxsləri MTN-ə çağırmaqdansa, onları etiraza məcbur edən problemləri aradan qaldırmalıdır.

Siz necə hesab edirsiniz, «Eurovision» mahnı müsabiqəsində Ermənistan iştirakçılarına səs vermək qəbahətdirmi? Bu mövzuda AzadliqRadiosuna daxil olan şərhləri oxumaq və forumda işrirak etmək üçün bura daxil olun.
XS
SM
MD
LG