Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:30

İcra başçıları məhkəməyə çağırılır


Vətəndaşların şikayətləri sırasında yerli özünüidarəetmə orqanlarından olan şikayətlər ön sıralarda gəlir
Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müttəhimlər kürsüsündə əyləşən «GEN» MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev bildirib ki, şəhadətnamə almaq üçün o Abşeron rayon icra hakimiyyətinə külli miqdarda rüşvət verib. Onun vəkili Vidadi İsgəndərov deyir ki, Elbrus Əliyev bunu «şirinlik» kimi ifadə etsə də, hüquqda bunun adı elə rüşvətdir. Ona görə də avqustun 12-i vəkil Abşeron rayon icra hakimiyyəti başçının şahid kimi məhkəməyə çağırılmasıyla bağlı vəsatət verib:

İCRA BAŞÇILARI MƏHKƏMƏYƏ GƏLƏCƏKMİ?


«Hakim vəsatətimi qəbul etdi. Bildirdi ki, hazırda buna ehtiyac yoxdur, ancaq məhkəmənin gedişində məsələyə baxılacaq».

Vəkil deyir ki, istintaq materiallarında müxtəlif sənədlər üçün «GEN» MMC-nin Xətai və Göygöl rayon icra hakimiyyətlərinə də külli miqdarda rüşvət verilməsi məsələsi var. O, növbəti məhkəmə proseslərində həmin icra hakimiyyətləri başçılarının dəvət olunması haqda vəsatət qaldıracağını dedi.

Adıçəkilən icra hakimiyyətləri rüşvət məsələsinin birmənalı böhtan olduğunu bildirdilər. Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Pənah İmanov:

«Mən bunu təkzib edirəm, belə bir şey olmayıb. Bu haqda icra başçısına da məlumat veriləcək, onda yəqin ətraflı münasibət də bildiriləcək».

Göygöl rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə şöbəsinin iqtisadçısı Tofiq Allahyarov isə deyilənləri icra hakimiyyətinə yaxın belə buraxmaq istəmir: «Yalan fikirdir. Əsassız sözdür, deyir də nə olsun. O hamının adını çəkə bilər, o demək deyil ki, düz deyir».

Abşeron rayon icra hakimiyyətindən isə sualımıza cavab verən tapılmadı.

RÜŞVƏT VERƏN ŞƏXS RÜŞVƏT VERDİYİNİ ETİRAF EDİB


Korrupsiya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə deyir ki, icra hakimiyyətləri təkzib eləsələr də, «GEN» MMC-nin ittihamının araşdırılması üçün yaxşı fürsətdir:

«Adətən gileylənirik ki, vətəndaşlar, rüşvət verənlər verdikləri rüşvət haqda məlumat vermirlər. Buna görə də korrupsiyayla bağlı cinayət işləri açılmır. Çünki rüşvət verənlər bu haqda məlumat vermirlər. İndiki halda isə rüşvət verən şəxs rüşvət verdiyini etiraf edib. Hüquq-mühafizə orqanları bu məsələni geniş araşdırmalıdırlar».

Azərbaycanda korrupsiyanın vəziyyətiylə bağlı hazırlanmış istər yerli, istərsə də beynəlxalq təşkilatların hesabatlarında əhalinin rüşvət verdiyi yerlər sırasında ilk olaraq dövlət qurumlarının adları tez-tez çəkilir. Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, rüşvət alınmasıyla bağlı 2005-ci ildən təşkilata 19 mindən çox müraciət olub. Ən çox şikayət olunan yerlər isə polis, məhkəmə sistemi, bələdiyyələr və yerli icra hakimiyyətləridir.

Elə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatlarında da vətəndaşların şikayətləri sırasında yerli özünüidarəetmə orqanlarından olan şikayətlər ön sıralarda gəlir.
XS
SM
MD
LG