Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:37

Cəmi iki nəfər ən yüksək bal toplayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə
Builki tələbə qəbulunda cəmi iki nəfər ən yüksək bal -700 bal toplayıb. Ötən ilsə onların sayı 6 nəfər idi. 3-cü ixtisas qrupu üzrə 550-575 bal toplayan abituriyent isə heç bir ali məktəbə qəbul oluna bilməyib. Bunu avqustun 7-də test imtahanlarının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 3-cü ixtisas qrupunda 500-549 bal toplayan üç, bu ixtisas qrupunda 400 -549 bal toplayan 70 abituriyent heç bir ali məktəbə qəbul olmayıb. Belə hallar digər qruplarda da var. Misal üçün təkcə 4-cü qrup üzrə 400-dən çox bal toplayan 96 abituriyent eyni aqibətlə üzləşib.

TQDK sədri deyir ki, həmin abituriyentlərin belə yüksək balla kənarda qalmasının səbəbi onların yalnız ən yüksək bal tələb olunan ixtisas qruplarını seçmələrilə bağlıdır. Yəni həmin abituriyentlər digər aşağı bal tələb olunan sahələri seçsəydilər topladıqları balla digər univerçsitetlərə qəbul ola bilərdilər.

Ümumilikdə bu ilki qəbulda 29 mindən çox plan yerinə 27 mindən çox abituriyent qəbul olunub. Məleykə Abbaszadə deyir ki, ötən illə builki qəbul arasındakı müqayisəli təhlil aparılır və bu yaxın vaxtlarda hazır olacaq:

«Biz orta məktəb məzunlarının bilik səviyyəsini keçən ilki nəticələrlə müqayisə edəcəyik. Vəziyyət necədir, hansı fərqlər var yəqin ki bunu bir iki aydan sonra ictimaiyyətə çatdıracağıq».

Amma TQDK-nin sədri builki qəbulda bəzi maraqlı halların olduğunu deyir. Onun sözlərinə görə, bəzi dövlət ali məktəblərində ödənişli ixtisaslar tam dolub. Amma bəzi ödənişsiz ixtisaslarda boş yerlər qalıb. TQDK sədri deyir ki, ola bilər ki, yüksək bal tələb olunduğundan abituriyentlər ödənişli ixtisaslara da üstünlük veriblər.

Ali məktəblərə qəbul olanlar avqustun 7-dən 17-dək sənədlərini qəbul olunduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyata düşməlidirlər. Əks halda onların qəbul haqqında əmrləri ali məktəbə göndərilməyəcək.
XS
SM
MD
LG