Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

MTN-dən sirli qaçışın hekayəti


Keçmiş Müdafiə Naziri Rəhim Qazıyev

Düz 15 il əvvəl Azərbaycanda hamını şoka salan hadisə baş verdi. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» adlandırılan neft sazişinin imzalanmasından bir gün sonra vətənə xəyanətdə ittiham edilən keçmiş yüksək vəzifəli şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından qaçdılar. Onlar keçmiş Müdafiə Naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, «Laçın» alayının komandiri Arif Paşa və separatçı «Talış Muğan Respublikası»nın yaradıcısı Əlikram Hümbətov idi. İndi onlardan Əlikram Hümbətov Azərbaycanda, Baba Nəzərli isə həyatda yoxdur. Həmin sirli qaçışın gizlinlərini bizə keçmiş müdafiə naziri Rəhim Qazıyev anladır.

Həbsxanadan qaçış bütün dövrlərdə ədəbiyyatın, kinonun sevimli mövzularından olub. Bizim yazdıqlarımız «Şyuşenkdən qaçış» filminin ssenarisi deyil, sadəcə Rəhim Qazıyevin dedikləridir.

ALLAHA VƏ TƏCRİDXANA NƏZARƏTÇİSİNƏ MİNNƏTDARLIQ…

- O vaxt nəzarətçilərdən biri leytenant Faiq Mirzəyev idi. O mənə həmişə ehtiyatlı olmağımı məsləhət görərdi. Bir dəfə isə o xudahafizləşməyə gəldi. Bu 1994-cü ilin mayın sonlarına təsadüf edirdi. O mənə dedi ki, 15 illik müqaviləsi başa çatır və gedib bizneslə məşğul olacaq. İyulun 9-da birdəfəlik getməyi qərara almışdı. Ancaq iyulun əvvəllərində işində qalacağını söylədi. Artıq onun rütbəsini də artırmışdılar. Bundan əvvəl isə o mənim yanımda öz taleyi ilə bağlı narahatlığını dilə gətirmişdi. Deməsinə görə, biznes fəaliyyətindən xəbərdar olublar və küllü miqdarda dövlət əmlakının talanması ittihamı ilə onun haqqında cinayət işi açılıb. Bu mənə təəccüblü gəldi. Əgər onun haqqında cinayət işi qaldırılmışdısa, niyə işdən çıxarmırdılar? Üstəlik belə bir adamın rütbəsinin artırılması da çox müəmmalı idi. Bundan bir qədər sonra-iyulun 29-da isə mənim məhkəməm başladı…

- Məhkəmə zamanı Faiq Mirzəyevin sizə hansısa məsləhəti, tövsiyəsi olurdumu?

- Bəli. Avqustun əvvəlləri olardı, bir dəfə də növbəsində mənə dedi ki, sən buranın yeməklərindən uzaq ol. Mən oranın yeməklərindən imtina etdim. Məhkəmə günləri evdən gələn yeməkləri yeyirdim, qalan günlər isə peçenye ilə keçinirdim. Ancaq hər kameraya qaynanmış su paylayırdılar, mən sudan imtina etmirdim. Çünki su ümumi qablardan paylanırdı. Bu ara Faiq də tez-tez deyirdi ki, qaçmağa imkan var.

QAÇMAQ TƏKLİFİ…

- Siz də həmin an razılaşdınız?

- Yox, bu mənə inandırıcı görünmədi. Mən qaldığım 6-cı mərtəbədən çıxışa qədər 10-dan çox dəmir qapıdan keçməli idik. Hər biri də xüsusi düyməylə idarə edilirdi. Səhv düyəməyə əlini vurmaqla həyəcan siqnalı işə düşəcəkdi. Liftin özü də xüsusi düyməylə idarə edilirdi, mən heç qaçanda da bilmədim ki o düymələrdən necə istifadə edilir. Biz Faiqlə kamerada danışmırdıq. O bu söhbəti ya gəzinti meydançasında, ya da camaşırxanada salırdı. Camaşırxanada da suyu açırdı ki, səsimizi yazsalar suyun şırıltısından söhbəti anlamağa imkan verməsin. Sonra da mənə dedi ki, qaçmasanız sizi öldürəcəklər.

QAÇIŞA HAZIRLIQ

- Faiq Mirzəyevin sizin qaçışınızı təşkil etməkdə məqsədi nə idi?

- Bilmirəm. Hər halda mənə deyirdi ki, sənə hörmətim var. Mən məhkəmə iclaslarının birində fasilə zamanı çox inandığım dostuma hər şeyi açıb danışdım. O keçmiş milis işçisi idi. Ona məsləhət gördüm ki, bir mənzil tapıb, hər gün axşam saat 8-dən 10-a qədər orada zəng gözləsin. Faiqə də dedim ki, sənə inanmıram. O da əvəzində and-aman elədi ki, vaxt daralır. Bir tərəfdən də onun məhkəməsi yaxınlaşırdı. Bunun özü də məni şübhəyə salırdı. Bu onun istifadə edildiyindən xəbər verirdi. Faiq bir dəfə də gəldi ki, axırıncı şansdır, sentyabrın 21-də qaçmalıyıq. Xoşbəxtlikdən həmin gün məhkəməmiz vardı. Faiqə dedim ki, sən bizimlə qaçırsan, ancaq ailən təhlükədədir. Əgər bizə həqiqətən kömək etmək istəyirsənsə, filan nömrəyə zəng vur və sənə deyilən şərti qəbul et. Sənin gətirəcəyin cavabdan mən planın qüvvədə qalıb-qalmayacağını biləcəyəm.

- Siz bunu nədən biləcəkdiniz ki, söhbət ki sizin aranızda olmayacaqdı?

- Həmin dostumla aramda parol var idi. Faiqin dostumdan gətirəcəyi sitatdan mən şərtin qəbul edilib-edilməyəcəyini biləcəkdim. Şərt Faiq Mirzəyevin ailəsinin girov götürülməsi idi. Faiqin dostumla telefon danışığından gətirdiyi sitatdan başa düşdüm ki, o şərti qəbul edib.

- Eləcə də qaçdınız?

- Yox qaçış vaxtını və marşrutu dəyişdim. Əks halda biz tələyə düşə bilərdik. Baba Nəzərli, Arif Paşa, Əlikram Hümbətov, Faiq Mirzəyev və mən təcridxananı tərk etdik.

- Bəs başqa nəzarətçilər?

- Faiq o biri nəzarətçilərə araq vermişdi. Arağın içinə isə yuxu dərmanı atmışdı. Nəzarətçilər yatan kimi onları otağa salıb qapını bağlamışdı. Həmin otağın divarlarına yumşaq materiallar vurulub, içəridən nə qədər qışqırsalar da səs çıxmır. Biz Faiqin də maşınından imtina etdik. Həmin dostumun arxa tərəfdə maşını bizi gözləməliydi. Elə o maşına da minib aradan çıxdıq. Metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında bizi başqa bir maşın gözləməliydi. Orada da hər ehtiyata qarşı maşınımızı dəyişdik. Növbəti dayanacaqda isə biz ayrıldıq. Ayrılanda Əlikram Hümbətova dedim ki, bir də «Talış-Muğan» sözünü ağzına alsan, başına gülləni elə mən vuracağam.

- Yaxşı Faiq Mirzəyev öyrədilmişdi yoxsa sizə həqiqətən kömək edirdi?

- Faiq Mirzəyevdən istifadə edirdilər. Onun haqında həm cinayət işi açılmışdı, həm də onun rütbəsini artırmışdılar. Ancaq qaçışdan sonra nə olacaqdı heç ona da aydın deyildi. Əgər mən qaçışın vaxtını və marşrutu dəyişməsəydim bizi elə yoldaca saxlayacaqdılar. Bu plan əvvəlcədən hazır idi. Bizi də, onu da yəqin ki, ölüm gözləyirdi. Mən və Arif Paşa qaçışdan sonra bəyanat verdik ki, geri qayıtmağa hazırıq. Bir şərtlə ki, bizim təhlükəsizliyimizə təminat verilsin. Ancaq bu təminat verilmədi. Bu qaçış Milli Təhlükəsizlik naziri Nəriman İmranovun işdən çıxarılması və həbsi ilə nəticələndi. Bu olayın ardını isə yəqin ki, hamı bilir. Bu qaçış Allahın mərhəməti, generalların isə səhvi idi…

P.S.

Bu qaçışdan iki il sonra - aprelin 14-də Rəhim Qazıyev Moskvada həbs edilib Bakıya gətirildi. Axtarışda olarkən artıq onun haqqında qiyabi ölüm hökmü çıxarılmışdı. Sonradan bu hökm ömürlük həbslə əvəz edildi. 2005-ci ildə isə o prezident İlham Əliyevin fərmanı ilə əfv olundu…
XS
SM
MD
LG