Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

«Heydər Əliyev Tamrazı görmək belə istəmədi»


Stiv Levayn
Amerikalı jurnalist Steve LeVine-nın «Neft və təmtəraq» kitabından birinci seçmədən sonra Ankaradan Shela imzalı oxucumuz soruşur ki, orda adı çəkilən Marat Manafovu xatırlaya bilmir... O kim idi?

Keçmiş KGB zabiti və sonra da biznesmen olan Marat Manafov deyirdi ki, onun özü prezident Heydər Əliyevin yanına gəlib və Qərb şirkətləri ilə neft müqaviləsini hazırlamaqda köməyini və şəxsi vəsaitini təklif edib. Onda Heydər Əliyev gülümsəyib, yanında olanlara deyib ki, «hamıya həmişə mən kömək eləmişəm, birinci dəfədir ki, kimsə mənə kömək təklif edir». Bundan sonra - 1993-cü ildə Marat Manafov xarici şirkətlərlə danışıqlarda əsas vasitəçi oldu.

Ancaq «əsrin müqaviləsi» imzalanandan xeyli sonra, artıq bütün işlərdən uzaqlaşdırılmış Marat Manafov deyirdi ki, xalqa göstərilən onun hazırladığı müqavilədir, ancaq imzalanmayıb. İmzalanan müqavilə isə xalqa göstərilmir. Manafov deyirdi ki, onun hazırladığı müqavilədə gəlirlərin 80 faizi doğrudan da Azərbaycana çatırdı.

Bəlkə də təsadüf idi, ancaq bu sensasiyalı bəyanatından çox keçməmiş Marat Manafov Slovakiyada yoxa çıxdı.

LİVANLI ERMƏNİ TAMRAZ İSƏ BAKI-CEYHAN KƏMƏRİNİ ÇƏKİRDİ

O vaxt dünyanın ən nəhəng şirkətləri ya 3 milyard dollar, ya da siyasi dəstək tapa bilmirdilər ki, Bakı-Ceyhan kəmərini çəksinlər. Bu işi livanlı erməni, sonradan Amerika vətəndaşı olan Rocer Tamraz az qala təkbaşına edəcəkdi. O, özünə mükafat kimi 125 milyon dollar istəyirdi. Steve Levine-nın «Neft və təmtəraq» kitabına qayıdaq.

Tamraz 1990-cı illərin ortalarında neft bumu başlayanda Xəzər hövzəsinə gələndə onun gördüyü işlər arasında ən böyük olanı Beyrutda benzindoldurma stansiyaları açması idi.

Tamrazın ən böyük ideyası Bakıdan Aralıq dənizinə neft kəməri çəkmək idi. Bu kəmər Ermənistandan və Türkiyədən keçməli idi. Kəmərin tikinti pulunun yarısını Çin verməli idi.

«Neft və təmtəraq» kitabı
Rocer Tamrazın bu ideyasına gülürdülər ki, Ermənistanla Azərbaycan müharibə eləyir, Ermənistanın Türkiyə ilə münasibətləri də yaxşı deyil, ancaq Tamraz öz kəmərinə «sülh kəməri» adını qoymuşdu.

Steve LeVine yazır ki, «Heydər Əliyev bu Tamrazı görmək belə istəmədi, qalsın onunla nəyisə müzakirə eləmək».

Onda Tamraz üzünü Vaşinqtona tutdu. Onun yeganə məqsədi prezident Bill Klintonla görüşüb, öz planını prezidentə danışmaq idi.

O Klintonla görüşmək üçün daha nələr eləmədi? Klintonun seçki kampaniyasına 300 min dollar ianə verirdi, Vaşinqtonda nüfuzlu şəxslər vasitəsilə hökumətdəkilərə xəbər göndərirdi ki, Demokratların Milli Komitəsinə daha 400 min dollar keçirə bilər, təki Klintonla görüşsün.

Tamraz Klintonun qatıldığı 6 tədbirdə iştirak edə bildi, onun hətta Klintonla kofe içərkən şəkli var. Ancaq o heç vaxt öz planını Klintona danışa bilmədi.

Səbəb o idi ki, Rocer Tamraz Amerikanın Milli Təhlükəsizlik Şurasında Xəzər nefti üzrə məsul Sheila Heslinlə görüşəndə Heslin ona bircə sual vermişdi – necə olur ki, Beyrutdakı bankından Tamraz 200 milyon dollar çıxarır və bundan dərhal sonra məlum olur ki, bank müflisdir? Xanım Heslin hesab elədi ki, belə adamı prezident Klintonla görüşə çıxarmaq olmaz.

(ardı var)
XS
SM
MD
LG