Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:53

«Mən istəmirəm ki, uşaqlarımız yenə döyülsünlər»…


Moldovada parlament seçkiləri, 29 iyul 2009

Moldovada milli mahnı sədaları altında parlament seçkiləri keçirilir. Artıq günortaya kimi səsvermə hüququ olanların 1/3-nin seçkiyə qatıldığı açıqlandığından seçkinin baş tutmuş saymaq olar.

MOLDOVALI SEÇİCİLƏR NƏDƏN NARAHATDIR?

Günəşli bir iş günündə seçkiyə gələnlər əsasən kasıb Kişinyov sakinləridirlər. Deyirlər ki, onların əsas istəyi daha yaxşı həyatdır. Ancaq hakimiyyətdəki kommunistlərə rəğbət bəslədiyini deyən İoana Dorode kimilər həm də apreldəki zorakılıqların bir daha təkrarlanmasını istəmirlər, ona görə səs verəndə bunu da nəzərə alıblar...

«Mən istəmirəm ki, uşaqlarımız aprelin 7-də olduğu kimi yenə döyülsünlər. Çünki 7 aprel hadisələrində uşaqlarımızı zirzəzimələrə salıb, ən cinayətkar üsullarla onlarla davranmışdılar».

Aprel ayında kommunist partiyasının seçikini saxtalaşdırdığını iddia edən minlərlə gənc moldovalı küçələrə çıxıb etirazlar təşkil etmişdi. Polis nümayişçilərə divan tutana qədər parlament və prezident iqamətgahına hücum eləyib, hakimiyyəti qorxutmuşdu.

O vaxt Seçki Komissiyası Kommunist partiyasının 50 faizdən bir az səs yığdığını rəsmən bildirdi. Nəticədə də prezidentini parlamentdə seçən Moldova iqtidarına Komunistləri hakimiyyətdə saxlamaq üçün bir nəfər müxalifətçini də fikrindən daşındırması tələb olunurdu. Amma kommunistlər iki dəfə səs vermə keçirdi və heç birində istəyinə nail olmadı. Bu üzdən prezident Voronin parlamenti buraxıb, təkrar seçki təyin eləməli oldu.

Bu gün səs verənlərdən Andrey Makamandre deyir ki, indi ölkənin gələcəyi müxalifətin qələbəsindən asılıdır:

«Mən bu ölkədə dəyişikliklərin baş verməsinə, həqiqətən, ümid eləyirəm. Mən hakimiyyət bölgüsünə ümid edirəm, çünki artıq indiki kimi yaşamaq mümkün deyil».

KİM ŞANSLIDIR: İQTİDAR, YOXSA MÜXALİFƏT?

Moldovada seçkidə kommunistlərə qarşı 3 əsas müxalifət partiyası mübarizə aparır. Son sorğular göstərir ki, müxalifətin birlikdə şansları kommunistlərdən çoxdur. Müxalifət partiyaları hamısı Avropa Birliyi ilə inteqrasiya tərəfdarıdır.

Aprel hadisələri və parlamentin kommunist prezident seçə bilməməsindən sonra diqqət daha çox keçmiş kommunist lider Narian Lipuya yönəlib. Çünki Lipu parlamentdəki səsvermələrin taleyi həll olunanda Kommunist partiyasının sıralarını tərk edib, müstəqil partiya – sol-mərkəzçi Demokrat Partiyasını qurmuşdu.

Bəzi ekspertlər düşünür ki, Lipunun seçkiyə qatılması o biri müxalifətin səslərini azaldacaq. Ancaq Lipu özü deyir ki, siyasi böhranın yeganə həlli koalisyon hökumətin qurulmasından keçir.

«Mən Kommunist partiyası rəhbərlərinin mentalitetini çox gözəl bilirəm. Bu rəhbərlik ölkənin maraqları naminə belə bərabər və səmərəli siyasi əməkdaşlığa gedəcək siyasi mədəniyyətə sahib deyil».

Bu gün açıqlama verən Moldovanın indiki prezidenti Vladimir Voronin deyib ki, təhlükəsizlik qüvvələri apreldəki kimi etirazlara və ixtişaşlara imkan verməyəcəklər.

Apreldəki hadisələrdə qonşu Rumıniyanı da ittiham edən Voronin müxalifətin qələbəsi halında Moldovanın bir dövlət kimi məhv olacağını və Rumıniyaya birləşəcəyini iddia edib.

Moskvadan elə bu yaxınlarda yarım milyard dollar kredit alan Moldova prezidenti səsverməyə gedərkən Rusiyanın yaxşılığını da unutmamağa çağırıb:

«Ölkəmizin yaşadığı bu ağır günlərdə Rusiya əsl yaxın dost kimi davrandı və heç kim, heç vaxt bunu unutmamalıdır».

Paytaxt Kişinyovun meri və müxalifətdəki Liberal Partiyasının lideri Dorin Çirtoaka deyir ki, kommunistlər hakimiyyəti əldən verməyə hazırlaşmırlar, hətta seçkidə uduzacaqları halda hakimiyyəti saxlamaq üçün ordunu hazırlıq vəziyyətinə gətiriblər.

«Onlar bu cür situasiyada xüsusi zorakılığa əl ata bilərlər, çünki gördüyüm odur ki, kommunistlər demokratik qaydaları qəbul eləmək fikrində deyil».

Moldovadakı bugünkü seçkiləri 3 minə yaxın müşahidəçi izləməliydi. Bunun da 500-ə yaxını xarici müşahidəçilər olmalıydı. Ancaq seçkini izləyən ATƏT müşahidəçilərinin sayı cəmi 200 olub. Moldova rəsmiləri Gürcüstandan olan 10-larla müşahidəçini ölkəyə buraxmadığı və 90-a yaxın başqa xarici müşahidəçiyə də icazə vermədiyi üçün Avropa Birliyi 140 müşahidəçisini də məntəqələrdən geri çağırıb.
XS
SM
MD
LG